Ankaradakı müzakirələr: ƏrdoğanPutin görüşünün geosiyasi məqamları


Dünya 16 Okt 2017 19:24:00 304 0

Ankaradakı müzakirələr: ƏrdoğanPutin görüşünün geosiyasi məqamları

Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə son səfəri ilə bağlı müxtəlif analizlər aparılır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, ekspertlər tərəflərin təcili bir araya gəlmələrinin səbəblərini aydınlaşdırmağa çalışırlar. Hər bir halda bu hadisə regionda və dünyada gedən geosiyasi proseslərlə əlaqələndirilir. Yəni bu səfərin geosiyasi əhəmiyyətindən söhbət açmaq olar. Burada ilk olaraq Yaxın Şərqdə müşahidə edilən və müəyyən narahatlıq doğuran prosesləri vurğulamaq gərəkdir. Suriya və İraqda cərəyan edən hadisələr yeni səviyyədə ixtilafların meydana gəlməsi ehtimalını artırıb. Hətta bir sıra ekspertlər Üçüncü dünya müharibəsinin başlamasından da ehtiyatlanırlar. Bu müharibə Suriyanın Deyr əz-Zor əyalətindən, yaxud İraqın şimalından başlaya bilər. Yaranmış vəziyyət Moskva ilə Ankaranın münasibətləri inkişaf etdirməsi zərurətini ortaya çıxarır. Bunların fonunda Vladimir Putinin Türkiyə səfərinin geosiyasi aspektlərinin təhlili aktual görünür.

Gözlənilməz səfər: yeni şərtlərdən yaranan zərurət

Rusiya Prezidentinin Ankaraya son səfərini ekspertlər bir qədər gözlənilməz saydılar. Prezidentlər səfərdən cəmi üç gün öncə telefonla danışmışdılar. Görünür, onlar vacib məsələləri üzbəüz müzakirə etməyə üstünlük verdilər. Yaxın Şərqdə geosiyasi əhəmiyyətli aktual proseslər kifayət qədərdir.

Vladimir Putini Ankarada çox isti qarşıladılar. Onun Prezident Rəcəb Tayyib Ərdoğanla söhbəti iki saatdan çox çəkib. Yayılan informasiyalara görə, tərəflər həm ikitərəfli əlaqələrin inkişaf etdirilməsini, həm də regionda cərəyan edən yeni hadisələrə ortaq yanaşmanın formalaşdırılması imkanlarını müzakirə ediblər. Belə nəticə çıxarmaq olar ki, Rusiya və Türkiyə əksər məsələlərdə mövqe eyniliyinə nail olublar.

Ekspertlər buna misal olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi imkanlarını göstərirlər. Belə ki, Ankaradakı danışıqlarda tərəflər enerji, iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməyi qərara aldılar. Artıq münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Rusiya və Türkiyə "Akkuyu" atom elektrik stansiyasının tikilməsində, "Türk axını" layihəsinin reallaşmasında, kənd təsərrüfatı məhsullarının ticarətini daha da genişləndirməkdə razılığa gəliblər. Tərəflər məhsullara qoyduqları qadağaları tam aradan qaldırmaq niyyətlərini bir daha bəyan ediblər. Türkiyə Rusiya taxılının idxalına, Rusiya isə Türkiyə pomidorlarına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır.

Bunların fonunda hər iki ölkə əməkdaşlığı yüksək strateji tərəfdaşlıq səviyyəsində təsbit etməkdə maraqlı olduqlarını ifadə ediblər. Prezidentlər jurnalistlər üçün keçirdikləri mətbuat konfransında bir-birlərini təkrar-təkrar dost adlandırıblar. Rusiyalı jurnalistlərə görə, R.T.Ərdoğan V.Putini səkkiz dəfə "əziz dostum" deyə adlandırıb. V.Putin isə iki ölkə arasında münasibətlərin bu cür yüksək templə inkişaf etməsində R.T.Ərdoğanın böyük rol oynadığını ifadə edib. Ancaq bu, əlaqələrin yeni səviyyəyə yüksəlməsində daha çox Ankaranın maraqlı olması anlamına gəlmir. Rusiya Prezidenti, əsasən, Türkiyə rəhbərinin uzaqgörənliyini, praqmatikliyini və səmimiliyini vurğulamaq istəyib. Öz növbəsində R.T.Ərdoğan da Rusiya Prezidentinin səmimi tərəfdaş olduğunu önə çəkib.

Belə görünür ki, Rusiya ilə Türkiyə arasında yeni münasibətlər erası başlayır. Tarixən bir-birinə rəqib olan iki böyük dövlət müasir geosiyasi reallıqları düzgün qiymətləndirərək, əməkdaşlığa üstünlük verirlər. Bu məqam prizmasından regionla bağlı baş verən proseslərə münasibət də önəmli yer tutur.

KİV-in yaydığı məlumata görə, V.Putin, R.T.Ərdoğan Suriya və İraq məsələlərini geniş müzakirə ediblər. Hər iki lider bu ölkələrin ərazi bütövlüyünü tam dəstəklədiklərini bildiriblər. Suriyadakı vəziyyət bu sırada çox önəm daşımaqdadır. Hazırda Deyr əz-Zor istiqamətində gərgin döyüşlər gedir. Rusiya, ABŞ-ın dəstəklədiyi radikal kürd qrupları və İran həmin bölgədəki neft yataqları uğrunda savaşırlar. İndi vəziyyətin mürəkkəb olaraq qaldığı haqqında informasiyalar yayılır.

Yaxın Şərq: Üçüncü dünya müharibəsinə doğru daha bir addım

Türkiyə də Suriyadakı proseslərə laqeyd qala bilməz. Astanada aparılan danışıqlarda İdlibdəki təhlükəsizlik zonasının yaradılmasında Rusiya-Türkiyə-İran əməkdaşlılığı müzakirə olunmuşdu. Belə razılıq əldə olunub ki, orada rus və türk əsgərləri birgə barışı qorusunlar. Lakin bu məsələnin konkret detalları aydınlaşdırılmayıb. Ankarada iki lider həmin məsələni müzakirə etdiklərini bildiriblər.