"Dollara tələb yenidən arta, avro isə ucuzlaşa bilər"


Digərləri 16 Okt 2017 13:08:00 304 0

"Dollara tələb yenidən arta, avro isə ucuzlaşa bilər"

Gözlənildiyi kimi, sentyabr ayında dollara tələb yüksək olmadı. Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara baxmayaraq, ötən ay valyuta bazarı üçün sakit oldu.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əslində, dollara tələbin azalması gözlənilən idi: "Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq, sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında Fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib".

V.Bayramovun fikrincə, bununla belə, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir: "Bu, idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır. Bu baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".