Londonda bəstəkar Cövdət Hacıyevin əsərlərindən ibarət konsert keçiriləcək


Digərləri 15 Okt 2017 17:15:07 204 0

Londonda bəstəkar Cövdət Hacıyevin əsərlərindən ibarət konsert keçiriləcək

Konsert dünyaca məşhur "St John’s Smith Square" konsert zalında baş tutacaq

Londonda Azərbaycan klassik musiqisinin əfsanələrindən olan Cövdət Hacıyevin əsərlərindən ibarət konsert keçiriləcək.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konsert London Azərbaycan Evinin dəstəyi və mərhumun qızı Pərvin Muradovanın təşkilatçılığı ilə 24 noyabr tarixində Londonun dünyanın ən məşhur musiqiçilərinin üzünə açılan "St John’s Smith Square" konsert zalında baş tutacaq.

Azərbaycan simfonik ənənəsinin inkişafına töhfə vermiş musiqiçilərimizdən olan

Cövdət Hacıyevin əsərləri Sabrina Özden (soprano), Cefri Verbok (tar və kamança), Elvin Qəniyev (skripka), Kamilla Şahtaxtinskaya, Vivian Fanq Liu və Yelena Makarova (fortepiano) tərəfindən ifa ediləcək.

Programa dahi musiqiçimizin "Laylay" mahnısı, skripka üçün “Skertso”su, fortepiano üçün solo və digər əsərləri daxildir.

A.Peskanovun Cövdət Hacıyev və onun həyat yoldaşı Əminə Dilbazinin xatirəsinə bəstələdiyi “Azəri rapsodiyası” Böyük Britaniyada musiqi səhnəsindən ilk dəfə olaraq səsləndiriləcək.

Xatırladaq ki, öz böyük istedadı və zəngin təcrübəsi sayəsində milli və dünya musiqi sənəti ənənələrini inkişaf etdirən Cövdət Hacıyevin adı Azərbaycan musiqi tarixinə milli simfonizmin banilərindən biri kimi daxil olub. Görkəmli sənətkara ən çox şöhrət gətirən onun ayrı-ayrı illərdə bəstələdiyi səkkiz simfoniyasıdır. Onun Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə həsr etdiyi Yeddinci simfoniyası müdrikliyi, dərin fəlsəfi düşüncələri, mübarizlik ruhunu musiqi dili ilə təcəssüm etdirir. Bu gün bu ölməz əsərlər bütün dünyada Azərbaycan musiqisini tərənnüm etməkdə davam edir.

Vüsalə İsmətqızı