Nəsimi rayonunda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur FOTO


Digərləri 14 Okt 2017 20:56:00 342 0

Nəsimi rayonunda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur  FOTO

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən binada yaşayan sakinlərin evi dağıdılıb. Hazırda 6 ailə yarıuçulmuş evdən salamat qalan əşyalarını çıxarmaqla məşğuldur. Şikayətçilərin sözlərinə görə, bir neçə ay öncə "F.F MTK" adlı şirkət bina tikintisi üçün bünövrə qazan zaman qəsdən bu binanın özülünü dağıdıb. Elə o vaxtdan da iki mərtəbəli bina çökməyə başlayıb. Ötən gün yağan yağışdan sonra isə binanın bir hissəsi uçaraq qəzalı vəziyyətə düşüb. Hətta dağılan binadan qopan daş 3 yaşlı uşağın başına düşərək onu zədələyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, şikayətçi Mehriban Yusifovanın sözlərinə görə, uşaq bütün günü ağrıdan ağlayıb: "Bina uçulub, körpə uşağımızın başına daş düşüb. Bütün günü ağlayıb ki, ana, başım ağrıyır, gözüm ağrıyır. Uşaqdır da, başa düşmür, elə ağlaya-ağlaya da oynayır. Bizim günümüz budur..."

Birinci mərtəbədə yaşayan Fəridə Hacıyeva deyir ki, bu bina köhnə olsa da, özülü möhkəm idi, əgər bönövrəsini qazmasaydılar, öz-özünə uçulmazdı.

"Bu binanı 1896-ci ildə mənim babam Hacı Tağı Ələsgərov tikdirib. Sonra Sovet hakimiyyəti qurulandan sonra bu həyətin yarısını hökumətə təhvil vermişdi. Köhnə bina olsa da, özülü çox möhkəm idi. Buranın özülünü qaza-qaza dağıtdılar. Mən hər gecə 4-5 dəfə çıxıb yalvarırdım ki, qazmayın. Bax, indi qalmışıq küçədə... Deyirlər 1500 manat kompensasiya verəcəklər. Mənim qızım yuxarıdakı mərtəbədə yaşayır, özümün birinci mərtəbədə ayrıca evim var. Bu pul da bizi qane eləmir. Çünki mənim qızımla özümün evimin sahəsi 124 kv. metrdir. Həmin kompensasiya ilə biz necə iki mənzil ala bilərik?", - deyə şikayətçi sual edir.

Sakinlər deyirlər ki, hələlik buradan yalnız bir ailəyə kirayə pulu verib köçürüblər. Hələ ki, şirkət nümayəndələrindən sakinlərin qarşısına çıxan, rəsmi müqavilə təklif edən yoxdur. Kvadrat metrə görə təklif olunan 1500 manat kompensisasiyanı da ağızdan-ağıza eşidiblər.

Şikayətçi Ramin Yusifovun sözlərinə görə, hara köçəcəklərini heç özləri də bilmirlər. Onlara nə kirayə, nə də kompensasiya pulu verən var: "Bu şirkət fırıldaqçılıqla məşğuldur. Özül bir neçə aydır qazılıb. Xırda-xırda qazırlar ki, bina uçulsun, bilən olmasın. Altını qazdılar, bina gəldi yerə. Mənim qardaşımın uşağı da xəsarət alıb. Hələ heç nə deməyiblər, nə kirayə pulu verirlər və kompensasiyadan danışan var".

Sakinlər deyir ki, hələ indiyə qədər MTK-dan heç bir rəsmi şəxsi görməyiblər. Yalnız "Toma" ləqəbli Tamilla adlı qadın buralarda görünür. Həbsxanadan çıxmış və "makler"liklə məşğul olan bu qadın özünü "vor zakon" kimi aparır. Şikayətçilərin sözlərinə görə, erməni əsilli olduğu deyilən bu qadının kimə arxalandığı bəlli deyil.