Əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən dəstə üzvləri tutulub


Digərləri 14 Okt 2017 13:27:36 268 0

Əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən dəstə üzvləri tutulub

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən və avtomobil qaçıran dəstə üzvləri saxlanılıb.

Bakı. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən və avtomobil qaçıran dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsi (PB) Pakistan vətəndaşı Qulam Murtazaya məxsus içərisində 150 manat, 100 dollar, habelə mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə alan əvvəllər məhkum olunmuş şəxslər – Füzuli rayon sakini Cavad Nəsirov və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında keçirilən əlavə tədbirlərlə onların həmin gün dəstənin digər üzvü Masallı rayon sakini Uğur Abışovla birlikdə Bakıxanov qəsəbəsində Həsən Sadıqzadəyə məxsus “Vaz 2106” markalı avtomobili qaçırdıqları da müəyyən edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dəstənin digər üzvü U.Abışov da saxlanılaraq istintaqa təqdim edilib. Qeyd edək ki, saxlanılan şəxslər avtomobili qaçırandan sonra həmin nəqliyyat vasitəsinin İsmayıllı rayonuna apararaq orada 450 manata satıblar. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ 13-cü Polis Bölməsinə müraciət edə bilərlər.