“59 saylı qəbir” – Brejnev və Andropovun kabinetində müzakirə olunan


Digərləri 12 Okt 2017 22:58:00 296 0

“59 saylı qəbir” – Brejnev və Andropovun kabinetində müzakirə olunan

1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edir. Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərar 14 gündən sonra, oktyabrın 26-da Azərbaycanın ictimai-siyasi həyatına, ədəbi mühitində əlamətdar bir tarix kimi yazılır.

Sözsüz ki, sovet ideologiyası və rejiminin hakim olduğu bir dövrdə Naxçıvanda qəbul olunmuş qərar hələ heç də hər şey demək deyildi. Onun icrası üçün Kremldə Brejnevin, Lubyankada DTK sədri Andropovun razılığını almaq mütləq şərtlərdən biri idi...

Son.az modern.az-a istinadən 1982-ci ilin Hüseyn Cavid xatirəli oktyabr günləri haqqında yazını təqdim edir.

Hüseyn Cavidlə bağlı Moskva müzakirələrindən və razılaşmalarından sonra tarixi qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunur. 35 ildən sonra Həmid Cəfərov həmin günləri belə xatırlayır:

"Qüqrətli Azərbaycan şairi və dramaturqu, taleyinə  ağrılı-acılı, məşəqqətli  bir ömür yazılmış Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərib. Təsadüfi deyil ki, Hüseyn Cavaidin xatirəsi ona layiq şəkildə əbədiləşdirilib. Belə bir tarixi və şərəfli işdə müdrik şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olub. Otuz beş il əvvəl məhz Heydər Əliyevin  təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən  Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi ulu öndərimizin  tarixi xidmətlərindəndir.

1982-ci il  oktyabrın 3-də Heydər Əliyev  Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı  il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, "sovsekretno" sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu.

Beləliklə,  onun göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi  mənə  həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra  muxtar respublikanın  daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq..."

Sözsüz ki, "gedər-gəlməz" bir məkan sayılan Sibirə səfər etmək, neçə onilliklər ötdükdən sonra heç bir sorağı olmayan bir məkanda Hüseyn Cavidi "axtarmaq" çətin, məsuliyyətli bir iş idi. Həmid müəllim həmin anların çətinliyindən, amma çox şərəfli bir iş olmağından söhbət açır: