Bakıda yağışdan sonra "göl"lər olmayacaq


Digərləri 11 Okt 2017 09:56:25 304 0

Bakıda yağışdan sonra "göl"lər olmayacaq

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov güclü yağıntılar zamanı bəzi küçə və yaşayış massivlərində subasma hallarının baş verməməsi üçün görülən tədbirlərdən danışıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Q.Hüseynov bildirib ki, ötən ilin noyabrında Prezident İlham Əliyev Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı və mütəxəssislər qısa müddətdə subasma hallarının daha çox müşahidə olunduğu əraziləri müəyyənləşdirərək təkliflər hazırlayıblar:

"Bu təkliflərə hökumət səviyyəsində baxıldı və Nazirlər Kabineti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam layihəsi qəbul etdi. Burada Abşeron yarımadasının subasma təhlükəsi olan müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu".

"Azərsu" sədri deyib ki, 2017-ci ilin may ayında tikinti-quraşdırma işlərinə başlanılıb və qısa müddətdə 8 ərazidə - Böyükşor, Taşağıl və Məhəmmədi gölləri, Ramana Südçülük Sovxozu, Əhməd Cəmil, Əliyar Əliyev, Yusif Səfərov, Kazımağa Kərimov küçələrində layihələrin icrası yekunlaşıb. Bu layihələr çərçivəsində layihələndirilmiş 17 km-dən çox kollektor və nasos stansiyaları inşa edilib.

Q.Hüseynovun sözlərinə görə, Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə 2,9 km kollektor inşa olunub: "Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə 1,5 km kollektor tikilib. Subasma hallarının daha çox qeydə alındığı Ziya Bünyadov prospektində də işlər intensiv şəkildə davam etdirilir".