FED-in yeni rəhbərinin kim olmasından asılı olaraq dolların məzənnəsinin perspektivləri məlum olacaq


Digərləri 06 Okt 2017 23:20:06 355 0

FED-in yeni rəhbərinin kim olmasından asılı olaraq dolların məzənnəsinin perspektivləri məlum olacaq

Əsas namizədlər Kevin Warsh və Neel Kashkari hesab edilir

ABŞ-ın Federal Ehtiyat Sistemin (FED) rəhbərinin səlahiyyət müddəti 2018-ci ilin fevralında sona çatır.

"Report"un analitik qrupu bildirir ki, bu posta gətiriləcək yeni namizədin monetar siyasət baxışlarından asılı olaraq yaxın bir neçə ildə ABŞ-da uçot dərəcəsinin səviyyəsi və bunun da nəticəsində dolların məzənnəsinin perspektivləri müəyyən olacaq. 

ABŞ mətbuatından əldə olunan məlumata görə, hazırda prezident D.Trampın bu vəzifəyə 7 namizədi var- Kevin Uorş, Jerom Pauel, Con Teylor, Geri Kon, Canet Yellen, Con Allison və Qlen Habbard. Qeyd edək ki, sıralama namizədlərin FED rəhbəri seçilməsi ehtimalı azalma dərəcəsi ilə təqdim olunub.

ABŞ-ın maliyyə bazarları C.Yellenin yenidən seçiləcəyini gözləmirlər. Prezidentin müşaviri olan Geri Konın da seçilmə ehtimalı azdır. Çünki onun "Goldman Sachs" bankı ilə sıx əlaqələrinin olduğu bildirilir. Hətta onun namizədliyini geri çəkdiyi də qeyd olunur.

FED rəhbəri postuna əsas namizəd kimi Kevin Uorş göstərilir. Amma maliyyə bazarları onun bu vəzifəyə gətiriləcəyini düşünmür. Belə ki, Trampın aşağı uçot dərəcəsi siyasətini dəstəklədiyi bildirilir. Uorşun isə sərt monetar siyasəti dəstəklədiyi məlumdur. Bununla yanaşı, o, monetar ekspanisyaya qarşı olan adam kimi tanınır.

Maliyyə bazarları siyahıda olmayan digər namizədin seçilə biləcəyi ehtimalını irəli sürürlər. Bu, Minneapolis ştatının FED rəhbəri Neel Kashkaridir. Kashkari öz növbəsində davamlı olaraq yüksək uçot dərəcəsinə qarşı çıxış edən biri kimi tanınır. Maliyyə bazarları hesab edir ki, Tramp öz populist imicini və seçicilərin səslərini saxlamaq üçün aşağı faiz siyasətini dəstəkləyəcək. Möhkəm dolların Trampın qarşısına qoyduğu vəzifələri yerinə yetirməyə mane olacağı bildirilir.

Analitik qrup bildirir ki, Kevin Uorş seçildiyi halda, dolların məzənnəsi kəskin möhkəmlənəcək. Neel Kashkarinin seçilməsi durumunda isə dolların uzun müddətli ucuzlaşma dövrünə daxil olacağı bildirilir. Əlbəttə ki, digər namizədlərin də bu posta gəlmə ehtimalı var. 

Qeyd edək ki, prezident Tramp öz namizədinin adını yaxın 2-3 həftə ərzində açıqlayacaq.