78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur”
Digərləri 23 Sep 2025 15:30:00 77 0
Son bir həftədədir ki, "78 yaşlı nənə tələbə oldu" adlı başlıqlar ölkə mediasını bəzəyir. Hər kəsdə bu nənə kimdir, bu qərara necə gəlib kimi suallar yaranır.
Read this news too: Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz
Son.az "Azərbaycan müəllimi"nin Ordubaddan reportajını təqdim edir:
78 yaşlı Hicrət Yusifova bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub. O peşə təhsili alacaq. Biz ora çatanda hər kəs kimi o da dərsdə idi. Tələbə yoldaşları ilə birlikdə gənc müəllimə diqqətlə qulaq asır, balaca dəftərinə qeydlər edirdi.
Sakitcə dərsin bitməsini gözləyirik. Hicrət nənənin o qədər nurlu siması var ki, oxumaq həvəsinin nədən qaynaqlandığını söhbət etməmişdən anlamaq olur. Pozitiv, enerjili, gülərüz və mehriban.
Dərs bitəndən sonra istehsalat otağına keçirik. Əlinə xalça toxumaq üçün bıçağı alır və başlayır toxumağa. Həvəslə və bir o qədər də sevgi ilə edir işini. Bilinir ki, dərsə təzə başlasa da, əvvəldən xalça toxumağı bacarır.
"Hicrət Yusifova 19 noyabr 1946-cı ildə Ordubad şəhərində anadan olub. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. 25 il Ordubad ipək kombinatında çalışıb", - bunu bizə özü deyir. Əlavə edir ki, oxumağın, öyrənməyin yaşı yoxdur. Elə bu əzmlə də tələbə adını qazanıb.
Hicrət Yusifova 1953-cü ildə Məhəmməd Tağı Sidqi adına 1 nömrəli tam orta məktəbə gedib. 8-ci sinfi bitirdikdən sonra, 16 yaşında ipək fabrikində işə başlayıb və bir il sonra ailə həyatı qurub. Təhsili yarımçıq qalsa da, hər zaman yenidən oxumaq və orta məktəbi bitirmək arzusunda olub: "Gecə məktəbində oxuyaraq yoldaşımla birlikdə attestat aldıq. 25 il Ordubad ipək fabrikində çalışdım. Elə orada toxuculuq işləri ilə tanış oldum və xalçaçılığa marağım yarandı. Fasilə zamanı parçalar toxuyur, öyrənirdim. Bu sənət bizə həm də qədimdən miras qalmış ənənədir".