10cu dəfə təşkil olunan Caspian Air Cargo Summit rekord iştirakçı sayı və mühüm açıqlamalarla fərqləndi
Digərləri 23 Sep 2025 16:50:00 54 0
Bakı Konqres Mərkəzində Silk Way West Airlines şirkətinin ev sahibliyi ilə keçirilən sayca 10-cu Caspian Air Cargo Summit-in zirvə görüşü rekord iştirakçı sayı və mühüm yeniliklərlə yadda qalaraq qlobal logistika xəritəsində strateji qovşaq kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirib.
Read this news too: Bakıya 41 qızıl külçə keçirənlərə hökm oxundu
DSV, Boeing, Airbus, Rolls-Royce, Atlas Air Worldwide, ACL Airshop, Hactl, Kales Group və digər qlobal şirkətlərin rəhbərləri də daxil olmaqla, 45-dən çox ölkədən gəlmiş 400-dən artıq tədbir iştirakçısı hava yolu ilə daşınan yüklər, logistika və multimodal nəqliyyatın gələcəyini müzakirə etmək üçün Bakıda bir araya gəlib. Zirvə görüşündə Silk Way Group şirkətlər qrupunun iddialı inkişaf strategiyası və Azərbaycanın Avrasiya logistikasındakı artan rolu ön planda olub. 750 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonası Hava Limanı və Karqo Kəndi layihəsi bu planların mərkəzində dayanır.
Ən müasir tələblərə cavab verən və hava, dəniz, avtomobil və dəmir yollarını özündə birləşdirən bu qovşağın inşaat işlərinin 2026-cı ilin sonunadək başa çatdırılması, 2027-ci ilin əvvəlində isə fəaliyyətə başlaması gözlənilir. Silk Way Group layihə çərçivəsində operator kimi Dnata şirkəti ilə müştərək müəssisənin təsis olunması, həmçinin biznes aviasiyası və FBO xidmətlərinin (sabit baza operatoru) inkişaf etdirilməsi üçün ExecuJet şirkəti ilə anlaşma memorandumunun imzalanması və yeni hava limanında Gulfstream-in regional xidmət mərkəzinin yaradılması barədə planlarını açıqlayıb.
Eyni zamanda, Silk Way West Airlines dünyanın ən gənc və səmərəli uzun məsafəli yük təyyarələri donanmalarından biri kimi 10 ədəd Boeing 777F və 4 Airbus A350 yük təyyarələrinin alınması ilə donanmanın yenilənmə proqramını həyata keçirir. Bundan əlavə, konfrans sessiyalarında qlobal ticarətdə Orta Dəhlizin strateji əhəmiyyətinin artması, Mərkəzi Avrasiya boyunca rəqəmsal innovasiyalar, dayanıqlı hava nəqliyyatı və investisiya imkanlarının əhəmiyyəti araşdırılıb.
Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov Caspian Air Cargo Summit-in sayca 10-cu olması təkcə bu tədbirin illər ərzində keçdiyi inkişaf yolunu deyil, həmçinin aviasiya sənayesində müşahidə edilən dinamizmi əks etdirdiyini vurğulayıb. "Tərəfdaş və müştərilərimizlə birlikdə yeni çağırışlara cavab verməyə və qlobal logistika mərkəzi kimi Azərbaycanın rolunu gücləndirən imkanlardan istifadə etməyə davam edirik", - deyə şirkətlər qrupunun prezidenti qeyd edib.