İsveçrə neytrallığı unudub, "erməni mərəzi"nə
Siyasət 18 Okt 2024 13:40:00 159 0
Qarabağ ermənilərinin "qayıdışı" mövzusu, Ermənistanın təbliğatı və diaspora təşkilatları ilə müəyyən dövlətlərin Azərbaycan əleyhinə fəaliyyətləri üçün əsas bir narrativə çevrilib. Bu mövzu, həm də Qərbin bəzi dairələrində və Ermənistanla əlaqədar bəzi siyasi oyunçular tərəfindən də dəstəklənir.
Bu xəbəri də oxu: Annalena Berbok Bakıda görün nə etdi AlmaniyaAzərbaycan arasında növbəti gərginlik
Son dövrlərdə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri daha tez-tez müşahidə olunur. Bu cəhdlərin ən sonuncusu İsveçrə Federal Məclisi tərəfindən qaldırılan və "Dağlıq Qarabağ münaqişəsi"nə dair "sülh" konfransının təşkili ilə bağlı qəbul edilən qərarla bağlıdır. Məqsəd olaraq Qarabağ ermənilərinin "tarixi torpaqlarına" qayıdışını təmin etmək üçün Azərbaycan və Qarabağ erməniləri arasında beynəlxalq oyunçuların iştirakı ilə dialoqun yaradılması göstərilsə də, bu təşəbbüs əslində Azərbaycanın suverenliyinə qarşı ciddi təhdiddir və regionda sabitliyin pozulmasına səbəb ola biləcək təhlükəli bir addımdır.
Şveçrəyə darıxdı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq sülh konfransı təşkil etməyə qərar verdi.
İsveçrənin Federal Şurasının (ölkə parlamenti, - red.) xarici əlaqələr komitəsi Federal Şuraya bir il ərzində "Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş beynəlxalq sülh formunun təşkili" ilə bağlı qətnamə layihəsini nəzərdən keçirib.
Komitə mənsublarının fikrincə, "forumun məqsədi Azərbaycan hakimiyyəti və "Dağlıq Qarabağ xalqının nümayəndələri" arasında erməni əhalisinin Qarabağa qaytarılması ilə bağlı açıq dialoqun təşviq edilməsidir".
Qətnamədə erməni narrativlərinin tam toplusu sadalanıb: "soyqırım", "etnik təmizləmə", "erməni mədəni, tarixi və dini irsinin məhv edilməsi", Beynəlxalq Ədalət Məhkəmənin qərarlarından iqtibaslar (ermənilərin təzyiqi altında məhkəmə öz adekvat qərarlarını X-dəki rəsmi hesabından silib) və s.
Qətnamənin ən absurd, ən sərsəm hissəsi isə müəlliflərin İsveçrəni neytral hesab etmələridir. Halbuki qətnamədə bir kəlmə də olsun Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsindən, Qarabağda əsl etnik təmizləmə törətməsindən, minlərlə mədəni və tarixi abidəni, həmçinin müsəlman dini obyektlərini məhv etməsindən bəhs edilmir.
Budur İsveçrənin "neytrallığı"?
Aydındır ki, belə mövqe ilə heç bir beynəlxalq forum mümkün olmayacaq. Amma erməni separatizminin və işğalının yeni tərəfdarlarının cəhdlərini izləmək maraqlı olacaq.
İlk baxışdan İsveçrə parlamentinin təklifi "sülh" və "dialoq" çağırışı kimi görünə bilər. Amma belə marazmatik təşəbbüslərin təməlində erməni revanşizminin təşviqi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə yönələn iddialarının əsaslandırılması durur. İsveçrə öz neytral statusu ilə öyünən bir ölkə olsa da, bu statusu manipulyasiya edərək Azərbaycan və Ermənistan arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək üçün istifadə etməyə çalışır.
Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibədən sonra beynəlxalq hüquq prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları isə Qarabağdakı qanunsuz silahlı dəstələrin tam təslim olması ilə nəticələndi. Lakin qərbin müəyyən dairələri və indi də İsveçrə parlamenti "Dağlıq Qarabağ münaqişəsi" terminindən istifadə edərək bu münaqişənin hələ də mövcud olduğunu iddia etməyə davam edirlər. Bu, əslində regionda yeni qarşıdurmaların yaranmasına təkan verən manipulyativ addımdır.
Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə dəfələrlə reinteqrasiya təklif edib. Onlara Azərbaycan vətəndaşlığını qəbul etməyi və ölkənin hüquqi çərçivəsində yaşamağı təklif edən Baku, bununla da Qarabağ ermənilərinə seçim azadlığı verib. Qarabağ erməniləri isə bu təklifləri rədd edərək Azərbaycan hökuməti ilə dialoqdan imtina ediblər. Onlar könüllü şəkildə ərazini tərk etməyi seçiblər, heç bir təzyiq və ya zorakılıqla üzləşməyiblər.
İsveçrə parlamentinin təşəbbüsünün arxasında duran məqsəd sülh və ya dialoq deyil. Əksinə, bu təşəbbüs erməni revanşist qüvvələrini gücləndirərək onların Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmalarına zəmin yaradır. İsveçrənin "neytral" statusu, əslində, bu vəziyyətdə manipulyasiya olunur və bölgədə onsuz da kövrək olan sülh şəraitini daha da pozmağa xidmət edir. Bu, regionda sabitliyi qorumaq əvəzinə, yeni qarşıdurmaların yaranmasına səbəb ola biləcək bir yanaşmadır.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, qarabağlı ermənilər könüllü köç etdikləri Ermənistanı tərk edərək geri qayıtmaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Onlar Azərbaycan qanunları çərçivəsində bütün hüquqlara sahib ola biləcəklər. Bu qərarı qəbul etmək üçün ermənilərə bütün lazımi şərait yaradılıb və onların mülkiyyət hüquqları qorunub.
Qarabağdakı ermənilərin könüllü şəkildə ərazini tərk etməsi onların fərdi seçimi olub. Azərbaycan isə bu prosesin zorla deyil, könüllü şəkildə baş verməsini təmin edib və ermənilərin Azərbaycan bayrağı altında yaşaya biləcəyini dəfələrlə vurğulayıb.
İsveçrə parlamenti tərəfindən irəli sürülən "beynəlxalq forum" və ya "sülh konfransı" təşəbbüsü nəinki sülhə xidmət etmir, əksinə, bölgədə yeni gərginliklərə zəmin yaradır. Bu kimi təşəbbüslər Qərbin bəzi dairələrinin Ermənistanı vasitə kimi istifadə edərək regionda öz geosiyasi maraqlarını həyata keçirmək cəhdidir. İsveçrə qanunvericilərinin bu addımı, Azərbaycanın daxili işlərinə müdaxilə olaraq qiymətləndirilməlidir və belə təşəbbüslər beynəlxalq hüquq normalarına ziddir.
Ermənilərin Qarabağa qayıdışı ilə bağlı təklifləri irəli sürən İsveçrə deputatları Zəngəzurdan qovulan azərbaycanlıların da öz doğma yurdlarına qayıtmaq hüququnu unudurlar. Bu məsələ beynəlxalq müstəvidə hələ də lazımi diqqəti cəlb etməyib, lakin Azərbaycan bu hüququnun tanınmasını tələb edir. Zəngəzurdan qovulan azərbaycanlıların geri qayıtması məsələsi həll olunmadan ermənilərin Qarabağa qayıdışı mövzusunda danışmaq qeyri-real və ədalətsizdir.
İsveçrə parlamentinin Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi qərar, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir addım və regionda sülhün pozulmasına səbəb ola biləcək bir təşəbbüsdür. Azərbaycan beynəlxalq hüquq çərçivəsində Qarabağ münaqişəsini həll edib və Qarabağ ermənilərinə reinteqrasiya üçün bütün imkanları təklif edib. Qərbin və İsveçrənin belə təşəbbüsləri isə bölgədə yeni gərginliklərin yaranmasına səbəb ola bilər.
Bu baxımdan, regionda sülh və sabitliyi qorumaq üçün uzaq ölkələrin müdaxiləsindən qaçınılmalı, Cənubi Qafqaz ölkələrinin gələcəyi öz aralarındakı dialoq və əməkdaşlıqla həll edilməlidir.
Ümumiyyətlə, Ermənistan və ona bağlı diaspora təşkilatları uzun illərdir ki, Qarabağ münaqişəsini "ermənilərin əzilməsi" narrativi üzərində formalaşdırmağa çalışırlar. 1990-cı illərdən bəri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin "tarixi varlığını" təbliğ etmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Ermənistanın təbliğatı, bu münaqişəni əsasən "erməni xalqının tarixi hüquqlarının qorunması" kimi təqdim edərək, beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmağa yönəlib.
Bu təbliğatın əsas taktikalarından biri, "etnik təmizləmə" və "mədəni irsin məhv edilməsi" ittihamlarıdır. Qarabağ ermənilərinin ərazilərdən çıxarılması məsələsi bu təbliğatın mərkəzində dayanır. Belə ki, Ermənistan tərəfi Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda apardığı antiterror əməliyyatlarını "etnik təmizləmə" və "soyqırım" kimi qələmə verərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı. Halbuki bu iddialar həqiqəti əks etdirmir və ermənilərin özlərinin işğal dövründə Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmələrə heç bir diqqət ayrılmır.
Məsələn, işğal illərində Ermənistan tərəfindən azərbaycanlıların Qarabağdan və ətraf rayonlardan tamamilə qovulması, Azərbaycanın mədəni və dini irsinə qarşı həyata keçirilən vandalizm aktları sistemli şəkildə gizlədilir. Eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmaq haqqı barədə heç bir beynəlxalq müzakirə aparılmır.
Qarabağ ermənilərinin "geri qaytarılması" mövzusu Ermənistanın xaricdəki lobbi fəaliyyətinin əsas qollarından birinə çevrilib. Son illərdə İsveçrə kimi "neytral" dövlətlərin də bu mövzuya diqqət yetirməsi, əslində bu dövlətlərin də Ermənistanın narrativini qəbul etdiyini göstərir. Məsələn, İsveçrə Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin aşağı palataya təqdim etdiyi təklifdə, Qarabağ ermənilərinin "təhlükəsiz qayıdışı" məsələsinin beynəlxalq bir forum çərçivəsində müzakirə edilməsi irəli sürülür. Bu təklifdə İsveçrənin neytral vasitəçi rolu vurğulanır, lakin Azərbaycanın ərazilərinin işğal edilməsi və orada azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrə dair heç bir söz deyilmir.
Bu kimi sənədlərdə Ermənistanın tarix boyu işğalçılıq siyasəti tamamilə görməzlikdən gəlinir. Qarabağ münaqişəsinin əsas səbəbi olan Azərbaycanın ərazilərinin qanunsuz işğalı və yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınması faktı beynəlxalq təşkilatların və müəyyən dövlətlərin sənədlərində demək olar ki, nəzərə alınmır. Bunun əvəzinə, bu təşkilatlar erməni separatizminə dəstək verən mövqe tutaraq, Qarabağ ermənilərinin "tarixi hüquqları"nı ön plana çıxarırlar.
İsveçrənin "neytral vasitəçi" kimi təqdim edilməsi də son dərəcə mübahisəlidir. İsveçrə illər ərzində Ermənistanla sıx əlaqələr qurub və bir çox hallarda ermənipərəst mövqelərdən çıxış edib. 2009-cu ildə İsveçrə Ermənistan və Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün vasitəçi rolunda çıxış edib, lakin bu cəhd də nəticəsiz qalıb. İsveçrənin "neytrallıq" iddiaları, əslində Ermənistanın maraqlarına xidmət edən qərarların dəstəklənməsi ilə ziddiyyət təşkil edir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa işləri apardığı halda, İsveçrənin Ermənistanın əsassız iddialarına dəstək verməsi onun qərəzli mövqeyindən xəbər verir.
Bundan əlavə, İsveçrənin təşkil etməyi planlaşdırdığı "Beynəlxalq Sülh Forumu"nda erməni narrativlərinin tam şəkildə yer alması, İsveçrənin əslində bu münaqişədə vasitəçi yox, ermənipərəst bir mövqe tutduğunu göstərir. Belə ki, forumun məqsədi Qarabağ ermənilərinin "təhlükəsiz qayıdışını" təmin etmək və onların "siyasi gələcəyini" müəyyən etməkdir. Lakin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və ermənilərin işğal illərində törətdikləri cinayətlər barədə heç bir qeyd edilmir. Bu da İsveçrənin tərəfsizliyinin sual altına alınmasına səbəb olur.
Ermənistanın lobbi fəaliyyətinin nəticəsi olaraq, bəzi Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın təbliğatını qəbul edir və Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. İsveçrənin bu təşəbbüsü də bu kontekstdə qiymətləndirilməlidir. Qarabağ ermənilərinin "təhlükəsiz qayıdışı" mövzusu beynəlxalq təşkilatların ermənipərəst mövqelərinin bir göstəricisidir. Halbuki Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq ərazilərini işğaldan azad etməsi və bu ərazilərdə bərpa işlərinə başlaması tamamilə qanunidir. Bu baxımdan, İsveçrə və digər dövlətlərin bu kimi təşəbbüsləri erməni separatizminə dolayısı yolla dəstək verməkdən başqa bir şey deyil.
Qarabağ ermənilərinin "qayıdışı" mövzusu, Ermənistanın və ermənipərəst qüvvələrin Azərbaycan əleyhinə apardığı təbliğatın bir hissəsi olaraq beynəlxalq gündəmdə saxlanılır. Bu narrativ, Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək, Azərbaycanın hüquqlarını pozmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Lakin bu mövzunun heç bir hüquqi əsası yoxdur və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində münaqişənin həll olunması qaçılmazdır. Belə qərəzli təşəbbüslər, nəinki münaqişənin həllinə kömək etmir, əksinə, regionda davamlı sülhün təmin olunmasını çətinləşdirir.
Elçin Alıoğlu TREND
"X" sosial şəbəkəsi (keçmiş Twitter) istifadəçilərini qəzəb
Türkiyədə Miss Universe" gözəllik müsabiqəsi keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan
Ötən il dekabrın 29-na keçən gecə saat 02 radələrində "Kia" m
Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişk
Xalq artisti Niyamməddin Musayevlə keçmiş "Lalə" qızlar ansambl�
Son.az bildirir ki, Musavat.com -un da xəbər verdiyi kimi, İsrail ordusu, H
Sağlam həyat vərdişləri çərçivəsində son illərdə getdikcə daha çox
Məşhur sosial media platforması olan "Instagram" intim şantaj fır
COP29 dövründə Bakıda toylara məhdudiyyət tətbiq edilməsi nəzərdə tut
Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini təqdim etməyə hazırla�
İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair "3+3" platforması
Rusiya Ukrayna böhranından diqqətini yayındırmamaq üçün Cənubi Qafqazda
Aparıcı Xəyalə Hüseynlinin başına iş gəlib.