Rusiyanın Qızıl Xaç Cəmiyyətinin qarabağlı ermənilər üçün humanitar yüklü "Scania" markalı sarı rəngli ağıortonnajlı yük maşını, yəni TIR-ı hələ də Bərdədə, "Bərdə" otelinin yanında durub.
Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ilə üzbəüz, Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı hazır dayanıb.
Çoxsaylı analitiklər, ekspertlər bəyan edirlər, yazırlar və deyirlər ki, sən demə, Rusiya Federasiyası ilə Qərbin maraqları bu məsələd toqquşur: onlar qarabağlı ermənilərə "humanitar yardım" müstəvisində fərqli siyasət yürüdürlər və s.
Əsla belə deyil.
Rusiya Federasiyasının qarabağlı ermənilərlə bağlı vəziyyətə müdaxilə edərək situasiyanı kiçik də olsa, addımlarla müsbətə doğru aparmaq istəklərinin qarşısını kollektiv Qərb qətiyyətlə almağa çalışır.
Azərbaycandan beynəlxalq hüququn norma və prinsiplərinə tam riayəti tələb edən Qərb əslində həmin prinsipləri kobud şəkildə pozaraq rəsmi Bakının suverenitet, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı kimi məqamları bilmərrə unutmasını istəyir.
Faktiki olaraq, vəziyyət belədir.
ABŞ və Avropa İttifaqının son günlərdə humanitar yardımlar və Xankəndindəki xuntanın davranışı ilə bağlı yaydığı bəyanatlara diqqətlə fikir verin.
Birləşmiş Ştatların Dövlət Departamentinin bəyanatında qarabağlı ermənilərin üzləşdiyi şumanitar problemləri mümkün qədər tez həll etməyə çağırıb.
Sənəddə Laçın yolu ilə Ağdam-Xankəndi marşrutu eyni tutulub. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bəyanatın bir abzasında Laçın və Ağdam-Xankəndi yollarını "marşrutlar", digər abzasda isə "dəhlizlər" adlandırır.
Beləcə, Ermənistanla ermənilər himayə edən dövlətlərlə təşkilatların "dəhliz" ifadəsinə verdikləri izafi diqqət dəyərini itirir.
Blinken Azərbaycanla Ermənistanı ərazi bütövlüyü ilə suverenliyə qarşılıqlı şəkildə sayğı ilə yanaşmağa çağırır.
Halbuki məhz Ermənistan ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinə əsla sayğı bəsləmir, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətindəki ərazilərdə 10 min nəfərlik silahlı bandaları saxlayır və maliyyələşdirir.
Avropa İttifaqı təki, ABŞ da son bəyanatlarında qaraabğlı ermənilərin "hüquq və təhlükəsizliklərinin təminatı" məsələsini Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə əlaqələndirməyə çalışırlar.
Halbuki rəsmi Bakının mövqeyi aydın və dəyişməzdir: qarabğalı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası və dialoq məsələləri heç bir halda, heç bir formada südh sazişinin imzalanması prosesinə daxil edilə bilməz.
Başqa məqam nə ABŞ, nə də Avropa İttifaqının qarabağlı ermənilərin Xankəndindəki separatçı xuntasının keçirdiyi "seçkilər"i hələ də pisləməməsidir. Halbuki Xankəndindəki "prezident seçkiləri" Ermənistanın və İrəvanın dəstəklədiyi qarabağlı separatçıların sülh danışıqlarına çox ağır zərbəsidir.
Bu arada bəlli olub ki, Ağdam-Xankəndi marşrutunun və Laçın yolunun sentyabrın 1-də eyni vaxtda açılması ilə bağlı anlaşmanın əldə edilməsi məsələsi məhz Birləşmiş Ştatların uğursuz cəhdi olub.
Sadalanan məqamları nəzərə alsaq, ABŞ-ın dövlət katibi Entoni Blinken əldə edilmiş bütün razılahmaları puç edən Ermənistana təzyiq göstərməlidir.
Ağdam-Xankəndi marşrutunun salınma ehtimalı, bu marşrutla qarabağlı ermənilərə yanacaq, ərzaq və s. daşınması perspektivi Rusiya ilə yanaşı, Qərbin bəlli dairələrini də çox narahat edir.
Bakı mövqeyini dəyişən deyil: Rusiyanın humanitar yüklü maşını yalnız Ağdam-Xankəndi yolu ilə hərəkət edə bilər. BQXK-nın humanitar yardımlı yük maşınları isə Ağdam-Xankəndi və Laçın yolu ilə eyni vaxtda, paralel hərəkət edirlər.
Üstəlik, Laçın yolunda bütün nəqliyyat vasitələri sərhəd və gömrük nəzarətindən keçəcək.
BQXK Ağdam-Xankəndi yolunu qulaqardına vura bilməz.
Situasiya tragikomikdir: Rusiya və Qərb eyni vaxtda, unison qaydada, üstüörtülü şəkildə Bakını "öhdəliklərə riayət etməmək"də suçlamağa başlayıblar.
Ağdam-Xankəndi yolu ilə BQXK maşınlarını buraxmağa hazırıq. Amma qarabağlı erməni separatçıları yolu bağlayıblar, keçidə imkan vermirlər.
Dövlətimiz xarici əlaqələrdə bir xəttə ciddi əməl edir - Azərbaycan proqnozlaşdırılandır. Yaxşı mənada.
Azərbaycan sözünü verməzdən əvvəl düşünür. Xüsusilə sənədi imzalamadan əvvəl.
Amma Azərbaycan öz sözünü verib, üstəlik, sənədi imzalayıb, şifahi və ya yazılı öhdəliyini yerinə yetirmək üçün mümkün və mümkün olmayan hər şeyi edir.
Qarşı tərəf - kim olmasından asılı olmayaraq - eyni yanaşmanı qəbul etmirsə, çox pis reaksiya verir.
Qarşı tərəf sözünün üstündə durmazsa, ilk növbədə Azərbaycan bu vəziyyətə eyham vurur. Sonra birbaşa danışır. Və yalnız bütün üsullardan istifadə edildikdən və bütün ağlabatan müddətlər keçdikdən sonra o, özünü öhdəliklərdən azad hesab edir.
Növbəti addım Azərbaycanın vəziyyəti düzəltmək üçün nə edəcəyinə işarədir. Sonra birbaşa, açıq şəkildə deyilir. Nəzərdə tutulmuş müddət keçəndə, vəziyyət dəyişməyəndə isə Azərbaycan hərəkətə keçir.
Yavaş-yavaş. Anlayışla. Amma qətiyyətlə, dönmədən, dayanmadan. Çünki beynəlxalq hüquqa, ələlxüsus da öz sözümüzə dəyər veririk.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasət doktrinasında dəyişikliklərə can atsa da, yaxın perspektivdə ciddi irəliləyişlərə və ya nəticələrə nail olması mümkün deyil. Qərbə meyllənən siyasət yürütmək, Rusiyadan asılılıqdan qurtulmaq istəyən rəsmi İrəvan bu istiqamətdə ciddi dayaqlarla potensial tərəfdaşı müəyyənləşdirə bilməyib.
Fransa, Yunanıstan, Hindistan, Suriya kimi dövlətlər, habelə hazırda Ermənistana tam dəstək verdiklərini göstərən siyasətçilərlə təşkilatlar həddən artıq ağır vəziyyətlə üzləşən, sülh danışıqlarını pozmağa çalışan və vədlərlə inanaraq illüziyalara qapılan ermənilərin problemlərini həll edən deyillər.
İrəvan çoxsaylı yollardan birini seçməyi düşünür. Paşinyanın xəyalında yollar gerçəkdən də, çox ola bilər.
Amma xəyallar gerçək, virtuallıq da reallıq deyil.
Yol yeganədir: Azərbaycanla sülh sazişinin imzalanması...
TREND