Dünyanın ən gözəl çəhrayı gölü Niyə turist yoxdur?


Digərləri 07 May 2025 15:16:00 108 0

Dünyanın ən gözəl çəhrayı gölü  Niyə turist yoxdur?

Dünyamız təbiətin heyrətamiz möcüzələri ilə zəngindir və Avstraliyada yerləşən Hillier gölü bu baxımdan bənzərsiz nümunələrdən biridir. Yer üzündə milyonlarla su hövzəsi olsa da, bu göl parlaq çəhrayı rəngi ilə digərlərindən kəskin şəkildə fərqlənir. Maraqlısı isə odur ki, belə möhtəşəm bir mənzərəyə sahib olan bu yer turistlər üçün demək olar ki, əlçatmazdır.

Son.az "Rarest"ə istinadən xəbər verir ki, bu ərazilərə demək olar ki, heç bir turist gəlmir.

Rillier gölünün unikal gözəlliyi

Hillier gölü Avstraliyanın sahillərindən kənarda yerləşən Recherche arxipelaqına daxil olan Middle adasında yerləşir. Göl 1802-ci ildə britaniyalı səyyah Mettyu Flinders tərəfindən kəşf edilib. O, adanın ən yüksək nöqtəsinə qalxdıqda gölü görmüş və onu gündəliyində xüsusi olaraq qeyd etmişdi.

Göl sıx evkalipt meşələri ilə əhatə olunub və bu yaşıl fon parlaq çəhrayı su ilə güclü kontrast yaradır. Gölün rəngi xüsusilə yuxarıdan baxdıqda daha təsiredici görünür. Bu səbəbdən Hillier gölünün havadan çəkilmiş fotoları sosial mediada geniş yayılıb. Diqqətçəkən məqam odur ki, dünyanın bir çox rəngli göllərindən fərqli olaraq, Hillier gölü il boyu öz parlaq çəhrayı rəngini qoruyur.

Suyun tərkibi və duzluluq səviyyəsi

Göl nisbətən kiçik ölçüdədir - uzunluğu təxminən 600 metr, eni isə 250 metrdir. Dərinliyi də çox deyil, lakin gölün duzluluq səviyyəsi okean suyundan qat-qat yüksəkdir. Bu səbəbdən, burada insan asanlıqla suyun üzərində qala bilir.

XX əsrin əvvəlində göldə duz hasilatı üçün cəhdlər olsa da, çətin əlçatanlıq səbəbindən bu fəaliyyət tezliklə dayandırılıb. Gölün rəngi hava şəraitindən asılı olaraq parlaq çəhrayıdan tünd bənövşəyiyə qədər dəyişə bilir. Bununla belə, su sağlamlıq üçün təhlükəli deyil və zəhərli maddələr daşımır.