Daha iki rayonda bu ailələrə ev veriləcək


Digərləri 28 Nis 2025 13:36:00 61 0

Daha iki rayonda bu ailələrə ev veriləcək

Azərbaycanın daha iki rayonunda təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün ev tikiləcək.

Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqları başa çatdırıb.

Məlumata görə, Şamaxı və Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evi tikiləcək və 1 ədəd fərdi yaşayış evi bərpa olunacaq. Belə ki, bu evlərdən ikisi 3 otaqlı, üçü isə 2 otaqlı fərdi yaşayış evləridir.

Ağsu şəhərinin S.Vurğun küçəsi, ev 1/10 ünvanında yaşayan Qurbanov Vaqif Sərxan oğluna məxsus yaşayış evi isə bərpa olunacaq.

Sözügedən evlərin tikintisini həyata keçirən şirkət müəyyənləşib və onunla Dövlət Agentliyi arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, 5 evin tikintisi və daha bir evin bərpası 404 240,53  manata başa gələcək.

Qeyd edək ki, Agentlik daha əvvəl isə Lənkəranda 2 ədəd, Siyəzəndə isə 1 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi ilə bağlı  268 min manatlıq müqavilə bağlayıb.