"Colgate" diş məcunu Azərbaycanda


Digərləri 23 Tem 2025 21:06:00 86 0

"Colgate" diş məcunu Azərbaycanda

Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı qadağan edilib. Bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb. Qurum qadağanı "Colgate"dən istifadə etdikdən sonra ağızın qıcıqlanması ilə bağlı istehlakçıların artan şikayətləri ilə izah edib. İstehlakçılar diş məcunundan istifadə etdikdən sonra ağız boşluğu toxumalarının qıcıqlanması, iltihabı, yanma, diş ətində şişkinlik və ağrının yaranmasından şikayətləniblər. Sözügedən markanın Braziliyada da satışı dayandırılıb.

Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Bu diş məcunu ilə bağlı monitorinq aparılır? Müvafiq quruma hər hansı şikayət daxil olub? Qarşıdakı dövrdə satışına qadağa qoyula bilər?

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.

Məlumatda vurğulanıb ki, "Colgate Total Clean Mint" adlı diş məcununun insan həyatına və sağlamlığına zərər vurması ilə bağlı indiyədək istehlakçılardan agentliyə hər hansı şikayət daxil olmayıb:

"Qeyd edilən məsələ ilə bağlı dəqiq faktlar (sübutlar) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunacağı təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qeyri-qida istehlak mallarına, o cümlədən diş məcunlarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur. Texniki reqlamentlər qüvvəyə minənədək təsərrüfat subyektləri diş məcunlarına dair standartların və uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.