Məşhur döyüş təyyarəsinin istehsalı dayandı


Dünya 06 Tem 2025 23:48:00 76 0

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Böyük Britaniyada "Eurofighter Typhoon" təyyarələrinin istehsalı müvəqqəti dayandırılıb.

Son.az xəbər verir ki, Böyük Britaniyada istehsal olunan "Eurofighter Typhoon" döyüş təyyarələrinin montajı yeni sifarişlərin olmaması səbəbindən müvəqqəti dayandırılıb. Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Məlumata görə sonuncu Typhoon təyyarəsinin istehsalı üçün hissələr hələ çatdırılmayıb və bu, ölkədəki Warton montaj zavodunda işlərin dayanmasına səbəb olub. Qeyd edilir ki, Böyük Britaniya hökuməti 2009-cu ildən bəri bu təyyarələr üçün yeni sifariş verməyib. Hazırda əsas ümidlər Qətər və Səudiyyə Ərəbistanı ilə davam edən danışıqlara bağlanıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu fasilə ölkənin müdafiə sənayesi üçün risk yarada bilər. Uzunmüddətli istehsal dayanması, xüsusilə də aerokosmik sahədə ixtisaslı işçilərin və texniki biliklərin itirilməsi təhlükəsini artırır. Mütəxəssislər bildirirlər ki, bu, Böyük Britaniyanın gələcəkdə həyata keçirməyi planlaşdırdığı Global Combat Air Programme (GCAP) layihəsinə də mənfi təsir göstərə bilər.

Hazırda təyyarələrin bəzi hissələrinin istehsalı Samlesbury zavodunda davam etdirilsə də, yekun montaj artıq dayandırılıb. Britaniya hökuməti isə əsas diqqətini yeni nəsil F-35A qırıcılarına yönəldib.