“AzerGold” QSCnin daha bir sosial layihəsi uğurla icra edilib FOTO


Digərləri 04 Tem 2025 15:55:00 87 0

“AzerGold” QSCnin daha bir sosial layihəsi uğurla icra edilib  FOTO

"AzerGold" QSC-nin təşkilatçılığı ilə həyata keçirilən "Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək" layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşəsi üzrə 2 aylıq intensiv təlimlər başa çatıb.

İyunun 30-da peşə təlimi proqramını uğurla tamamlayan müdavimlərin Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qeyri-formal və informal təhsilin tanınması" serfitikatları ilə təltif olunması mərasimi keçirilib.

Gəncə şəhərində təşkil olunmuş tədbirdə "AzerGold" QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, İqtisadiyyat Nazirliyi, Yeni Azərbaycan Partiyası, "Honey Cake Studio" kulinariya incəsənət məktəbinin nümayəndələri və digər ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbir peşə təlimi proqramında iştirak etmiş Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan, həssas əhali qrupuna aid 15 nəfər evdar qadının hazırladığı qənnadi məmulatlarının dequstasiyası ilə başlayıb. Tədbir iştirakçıları təqdim olunan şirniyyatları böyük məmnuniyyətlə dadaraq, onların keyfiyyətini yüksək qiymətləndiriblər.

Tədbirin rəsmi hissəsində isə şəhid və müharibədə yaralananların ailə üzvlərinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasına xidmət edən layihənin dövlətimizin sözügedən istiqamətdə yürütdüyü ardıcıl və düşünülmüş siyasətə əlavə töhfə vermək, həssas kateqoriyaya aid vətəndaşlarımızın sosial müdafiəsini gücləndirmək, onların iqtisadi müstəqilliyinin, sosial fəallığının artırılmasına dəstək olmaq məqsədi daşıdığı bildirilib. Peşə təlimi proqramında iştirak etmiş qadınların qənnadçı-şirniyyatçı peşəsi üzrə əmək fəaliyyətinə cəlb edilməsi istiqamətində layihənin digər tərəfdaşları tərəfindən müvafiq dəstək tədbirlərinin həyata keçirilməsinə başlanıldığı bildirilib.