Cənubi Koreyada yeni baş nazir təyin edildi


Dünya 03 Tem 2025 21:24:00 70 0

Cənubi Koreyada yeni baş nazir təyin edildi

Yonhap News agentliyinin verdiyi xəbərə görə, Cənubi Koreya parlamenti cümə axşamı günü uzun illər siyasət strategiyası ilə məşğul olan və siyasi fəal kimi tanınan Kim Min-Seokun prezident Li Cae Myonqun rəhbərlik etdiyi administrasiyanın yeni baş naziri olmasını rəsmi olaraq təsdiqləyib.

Əsas müxalifət partiyası - Xalqın Gücü Partiyası (People Power Party) səsverməni boykot edib.

Prezident Li Cae Myonqun seçki kampaniyasındakı köməkçisi olan Kim Min-seok isə onun təmsil etdiyi Demokratik Partiyanın dəstəyi ilə təsdiqlənib.

61 yaşlı Kim Min-seok, Demokratik Partiyanın dörd çağırış deputatı olub.

O, 4 iyun tarixində prezident tərəfindən baş nazirliyə namizəd göstərilmişdi.

Lakin namizədliyi dövründə şəxsi varidatı və ailəsi ilə bağlı suallar da gündəmə gəlmişdi.

300 yerlik Milli Assambleyada Kim Min-seok 173 səs toplayaraq baş nazir seçilib.

Prezident Li Cae Myonqun rəhbərlik etdiyi partiya parlamentdə çoxluğa sahibdir və bu səsvermədə bir neçə kiçik partiyanın da dəstəyini alıb.

Səsvermədən sonra çıxış edən Kim Min-seok bildirib:

"Xalqın iradəsini qoruyacağıma söz verirəm."

O, əlavə edib ki, onun əsas prioriteti:

"Tiranlıq qüvvələrinin yaratdığı iqtisadi böhranı dəf etmək olacaq."

Bu təyinatla Cənubi Koreya siyasətində Li Cae Myonqun mövqeyi daha da möhkəmlənmiş sayılır. Lalə Qüdrətova Son.az