Maşın bazarıda niyə alıcı yoxdur? Səbəb bilindi


Digərləri 24 Haz 2025 14:55:00 93 0

Maşın bazarıda niyə alıcı yoxdur?  Səbəb bilindi

Azərbaycanda maşın bazarına gedənlərin sayı azalıb. Artıq maşın bazarında alıcılıq qabiliyyəti xeyli düşüb. Bazara həm maşını satmaq, həm də almaq üçün gedənlərin sayında azalma müşahidə olunur.

Əvvəl buna səbəb kimi ölkəyə Çin avtomobillərinin gətirilməsi göstərilirdi. Maşın gətirtməyin çoxları üçün əlçatan olması da maşın bazarındakı alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb idi. Lakin, alıcıları bazardan "qaçıran" amil Çin avtomobilləri yox, sosial şəbəkələrdəki şirnikləndirici saxta elanlardır.

Belə ki, "əlimyandı", "cekpot" və başqa bu tərzdə sosial şəbəkə səhifələrində paylaşılan elanlar alıcıları maşın bazarından xeyli "soyudub". Real bazar qiymətindən 6-7 min manat aşağı qiymətə satışa çıxarılan bu maşınlar rəqəm manipulyasiyasından başqa bir şey deyil.

Belə ticarət obyektlərində, alıcı və satıcıların əksəriyyəti alver məqsədilə iştirak etdiyindən, avtomobillər bəzən həddindən artıq şişirdilmiş təqdimatlarla satışa çıxarılır. Gecə saatlarında daha münasib qiymətə satışa çıxarılan bəzi nəqliyyat vasitələrinə isə alıcıların ətraflı baxış keçirməyə imkanı belə olmur. Bu zaman alıcı düşünür ki, o, avtomobili texniki baxışa aparana qədər başqası onu ala bilər. Bu təlaşdan istifadə edən satıcılar isə avtomobillərini daha yüksək qiymətə təqdim etməyə nail olurlar.

Əgər bir avtomobil real bazar qiymətindən xeyli ucuz təklif olunursa, bu, ilk növbədə alıcının diqqətini çəkməli və müəyyən suallar doğurmalıdır. Çünki aşağı qiymət sevindirici fürsət kimi görünsə də, əslində bir sıra problemlərin başlanğıcı ola bilər. Belə hallarda tələskənliklə verilən qərarlar alıcını həm maddi, həm də hüquqi çətinliklərlə üz-üzə qoya bilər. Buna görə də avtomobil alarkən yalnız qiymətə deyil, onun arxasında gizlənən risklərə də diqqət yetirmək son dərəcə vacibdir. Gecə saatlarında yaranan "şans" sabah həyatınızı çətinləşdirə bilər.