5 min illik çörək satışa çıxarıldı


Digərləri 24 May 2025 05:05:00 73 0

5 min illik çörək satışa çıxarıldı

Türkiyənin Əskişəhər vilayətində yerləşən Seyitqazi bölgəsindəki Küllüoba arxeoloji qazıntılarında tapılan 5 min illik çörək müasir dövrdə yenidən istehsal olunub. Eramızdan əvvəl 3000-ci ilə aid olduğu müəyyən edilən bu nadir çörək nümunəsi qədim Anadolu mətbəxinə işıq salır.

Son.az xəbər verir ki, qazıntılar 1996-cı ildən etibarən aparılır və Erkən Tunc dövrünə aid mədəniyyət izlərini üzə çıxarır. Keçən il Prof. Dr. Murat Türktekinin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı bir evin döşəməsinə basdırılmış halda mayalı çörək aşkarlanıb. Radiokarbon analizləri nəticəsində çörəyin 5 min illik olduğu təsdiqlənib.

Küllüoba çörəyinin forması müasir çörəklərdən fərqlənir: 12 sm diametrində, 2,5 sm qalınlığında və 65 qram ağırlığındadır. Tərkibində iri üyüdülmüş gernik (emmer) buğdası və mərcimək olduğu müəyyən edilib. Qeyd edək ki, gernik buğdası bu gün istifadə olunan çörək buğdasının əcdadı hesab olunur.

Əskişəhər Böyükşəhər Bələdiyyəsi qədim resepti əsas götürərək bu çörəyi eyni tərkiblə - kavılca, Xorasan, gəcər və mərci unundan, daş dəyirmanda üyüdülmə üsulu ilə - yenidən hazırlayıb. Tarixi "Küllüoba çörəyi" adı ilə istehsal edilən bu məhsul indi bələdiyyənin istehsalçı bazarlarında 50 lirə qiymətinə satışa çıxarılıb.