Yeni dəyişiklik bloqerlərin cibinə necə təsir edəcək?


Digərləri 23 May 2025 15:00:00 83 0

Yeni dəyişiklik bloqerlərin cibinə necə təsir edəcək?

Sosial mediada reklam nəzarətə götürüldü: bloqerlər üçün yeni dövr başladı

Reklam haqqında qanuna edilən dəyişikliklərdən sonra sosial mediada fəaliyyət göstərən bloqerlər və influenserlər üçün yeni qaydalar qüvvəyə minib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bundan sonra sosial mediada reklam yerləşdirən hər kəs paylaşımında "reklam" və ya "sponsorluq" sözünü açıq şəkildə qeyd etməli, rəsmi VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi təqdim etməməli və lisenziya tələb edən məhsullarla bağlı müvafiq sənədləri təqdim etməlidir. Həmçinin sifarişi verən şirkət və ya şəxslə bağlı da məlumat verilməsi vacibdir.

Osman Gündüz qeyd edib ki, Azərbaycanda sosial media reklam bazarının illik həcmi təxminən 10 milyon manatdır. Bu bazarda əsas pay "Meta" platformalarına ("Instagram", "Facebook") və "Google"un ("YouTube") üzərinə düşür. "TikTok"un da son vaxtlar bu bazarda payı artmaqdadır. Hazırda az sayda bloqer var ki, bu sahədən aylıq 50 min manatdan artıq gəlir əldə edir. Paylaşımların qiyməti isə 50 manatdan başlayır, bəzi kampaniyalar üçün isə bu rəqəm 10-15 min manata qədər yüksəlir.

Əvvəllər bu reklam büdcəsi daha çox televiziya kanallarına yönəlirdi. Lakin indi rəqəmsal platformalar bu vəsaiti televiziya sektorundan alıb. Gündüzün fikrincə, bu dəyişikliklər reklam bazarında şəffaflığı artıracaq, vergi ödəməyən qeyri-peşəkarların qarşısını alacaq, keyfiyyətli kontentin və etibarlı əməkdaşlıq mühitinin formalaşmasına səbəb olacaq.

Amma bəzi risklər də mövcuddur. Ekspertin sözlərinə görə, qanunun sərt tətbiqi kiçik bloqerlərin fəaliyyətini çətinləşdirə, yaradıcı gənclərin yolunu bağlaya və sosial medianın rəngarəngliyinə zərər vura bilər. Əgər təkcə kommersiya məqsədli paylaşımlar ön plana keçərsə, bu, sektorun inkişafına mane ola bilər.

Ona görə də Gündüz düşünür ki, qanunun tətbiqi şəffaf, maarifləndirici və balanslı aparılmalı, ictimai nəzarət isə nifrət və aqressiya zəmininə çevrilməməlidir. Əks halda bu, yaradıcı azadlığın məhdudlaşdırılmasına və yerli reklam bazarının zəifləməsinə gətirib çıxara bilər.