Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir


Siyasət 06 İyn 2025 11:09:00 78 0

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

2025-ci ilin mayında Avropa İttifaqının "Radio Azadlıq" adı ilə tanınan "Radio Free Europe/Radio Liberty" (RFE/RL) media korporasiyasına təcili olaraq 5,5 milyon avro ayırması bəzilərinə sadə bir xəbər kimi görünsə də, pərdəarxasında tamamilə başqa bir ssenari yazılırdı. Brüsseldə bu qərar alqışlarla qarşılandı, Şərqi Avropada narahatlıq doğurdu, "hədəf ölkələrdə" isə ciddi etirazlara səbəb oldu. Formal olaraq bu, söz azadlığına dəstək adı ilə təqdim olunsa da, əslində Aİ-nin neytral media siyasəti adı altında geosiyasi oyunlara girişməsindən başqa bir şey deyil.

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Sosial gərginliyin, büdcə kəsirinin və radikal əhval-ruhiyyənin artdığı bir vaxtda qəbul edilən bu qərar, Aİ-nin xarici siyasətində köklü dəyişikliyin əlamətidir: "ümumbəşəri dəyərlər" kimi təqdim olunan xəttin yerini indi ideoloji ixrac tutub. ABŞ-ın RFE/RL-ə əsas donorluqdan çəkilməsi ilə yaranan maliyyə boşluğunun doldurulması - sadəcə texniki məsələ deyil. Bu, Brüsselin üzərinə ideoloji "xaç yürüşü" funksiyasını götürməsi, jurnalistikanı qorumaqdan çox, "jurnalistikanın nə və harada olduğuna qərar vermək" iddiasıdır.

Bu yanaşma yalnız Avropa vergi ödəyicilərinin pulunun necə xərcləndiyini deyil, həm də Aİ-nin beynəlxalq hüquq və əxlaq normalarına uyğunluğunu sual altına qoyur. Çünki "azadlıq" adı altında maliyyələşdirilən media resursu, əgər milli qanunları və suveren dövlətlərin iradəsini nəzərə almadan, sırf siyasi məqsədlərlə fəaliyyət göstərirsə, burada artıq söhbət informasiyadan deyil - təsir və güc vasitəsindən gedir. Dəyərlərdən deyil - "dəyərlər" libasına bürünmüş geopolitik ambisiyalardan danışmaq lazımdır.

"Radio Azadlıq"ın tarixi özü-özlüyündə bu niyyəti açıq şəkildə ortaya qoyur. 1953-cü ildə yarandığı gündən etibarən, bu media platforması SSRİ-yə qarşı ideoloji qarşıdurma vasitəsi kimi fəaliyyət göstərib. Onun strukturu, maliyyə mənbələri, redaksiya siyasəti - bütün bunlar ABŞ-ın xarici siyasət mərkəzlərindən tam asılı şəkildə formalaşıb. Zaman-zaman bu qurum "rebrendinq" etsə də, mahiyyət dəyişməyib: RFE/RL hələ də dövlət büdcəsindən asılı, siyasi xətti olan bir media qurumudur.

Bunu açıq şəkildə ABŞ prezidenti Donald Tramp da etiraf edib. 2025-ci ilin martında imzaladığı fərmanla Tramp, ABŞ-ın yeddi dövlət agentliyinin fəaliyyətini ixtisar etdiyini bəyan etdi və həmin qurumlardan biri də RFE/RL-in kuratoru olan USAGM idi. Səbəb təkcə qənaət deyil: Tramp administrasiyası açıq şəkildə bəyan etdi ki, bu kimi media strukturları effektiv deyil, şəffaflıqdan uzaqdır və jurnalistikanın yerini birtərəfli, ideoloji təbliğata verirlər.

Bu fonda Avropa Komissiyasının eyni platformanı təcili şəkildə maliyyələşdirməsi Brüsselin Vaşinqtonla açıq şəkildə yol ayrıcına gəldiyini göstərir. Ən maraqlısı isə odur ki, eyni Brüssel yetkililəri - məsələn, Aİ diplomatiyasının hazırkı siması Kaya Kallas - hər vəchlə "transatlantik birliyin əhəmiyyətini" qabartmağa çalışırlar. Amma sözdə birlik, əməldə isə ideoloji ikitirəlik...

Burada haqlı sual doğur: əgər ABŞ - hansı ki, həm audit, həm də əməli nəzarət imkanlarına malikdir - RFE/RL-in fəaliyyətinin dayandırılmasını məqsədəuyğun sayıbsa, Avropa niyə bu yükü öz üzərinə götürür? Burada həm maliyyə məntiqi, həm də siyasi strategiya ciddi sual altına düşür. Çünki bu, artıq həmrəylik deyil - bu, üçüncü ölkələrin informasiya mühitində süni gərginlik yaratmaq üçün bilincli addımdır. Hədəf bölgələr - Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər uzanır.

"Müstəqil jurnalistikanın sığortası" mifi: Brüsselin riyakarlığı ifşa olur

Avropa İttifaqının "Radio Free Europe / Radio Liberty" (RFE/RL) media korporasiyasına təcili maliyyə yardımı ayırmasını əsaslandırmaq üçün səsləndirilən ən gurultulu bəyanatlardan biri Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın dediyi "müstəqil jurnalistikanın sığortası" ifadəsi oldu. Kağız üzərində yaxşı səslənsə də, bu ifadə nə media nəzəriyyəsinə, nə beynəlxalq hüquqa, nə də mətbuatın institusional müstəqilliyi prinsiplərinə uyğun gəlir. Sadəcə desək - bu, məntiqsiz və manipulyativ bir şüardır.

Media sosiologiyası və müasir politologiya sahəsində qəbul olunmuş mövqeyə görə, mətbuatın müstəqilliyi ilk növbədə onun siyasi və maliyyə mərkəzlərindən asılı olmaması ilə ölçülür. Klassik akademik təriflərə görə (bax: Denis McQuail, Media Performance, 1992), müstəqil jurnalistika - təzyiqsiz, o cümlədən iqtisadi basqıdan kənarda qalaraq, hakimiyyətə nəzarət funksiyasını (watchdog function) yerinə yetirə bilən media deməkdir.

Bu baxımdan RFE/RL nə struktur baxımından, nə funksional mənada müstəqil media sayıla bilməz. Onilliklər boyu ABŞ hökumətinin birbaşa maliyyəsi ilə fəaliyyət göstərən bu media qurumu, 2025-ci ildən etibarən Aİ-nin təcili yardımı ilə də qidalanmağa başlayıb. Belə maliyyələşmə modeli, Daniel Hallin və Paolo Mancinin klassik "Media Sistemlərinin Müqayisəsi" (2004) əsərində vurğulanan əsas prinsipləri kobud şəkildə pozur: yəni redaksiya siyasətinin siyasi və xarici təsir mərkəzlərindən ayrılmadığı halda, media heç vaxt müstəqil ola bilməz.

Deməli, "müstəqil jurnalistikanın sığortası" kimi təqdim olunan bu maliyyə, əslində asılılığı leqallaşdıran bir kamuflyajdan başqa bir şey deyil. Bu, anlayışların yerini dəyişdirməklə ictimai rəyə təsir göstərmək üçün uydurulmuş retorik təlqindir.

İkinci və daha vacib məsələ - bu cür media modellərinə münasibətdə Qərbin nümayiş etdirdiyi açıq-aşkar ikili standartlardır. Son illərin beynəlxalq praktikasına nəzər salsaq, aydın görünür ki, Rusiya (RT, Sputnik), Çin (CGTN), İran (PressTV) kimi "dost olmayan" ölkələrin maliyyələşdirdiyi media strukturları Qərb ekspertizasında adətən "hibrid müharibə aləti", "ideoloji silah" və "xarici müdaxilə vasitəsi" kimi damğalanır.

Həmin media qurumlarına qarşı tətbiq edilən sanksiyalar - yayım qadağaları, "xarici agent" statusu, maliyyələşdirmə blokadası, redaktorların və sponsorların qara siyahıya salınması - hamısı bir əsas iddiaya söykənir: dövlət maliyyəsi ilə yaşamaq - siyasi qərəzlilik deməkdir.

Lakin söz RFE/RL-ə çatanda bu kriteriyalar bir anda yox olur. ABŞ və Aİ büdcələrindən 100 faiz asılı olan, tarixən geosiyasi tapşırıqlar yerinə yetirən, fəaliyyət arealı və redaksiya strukturu ilə açıq şəkildə ideoloji alət olduğunu nümayiş etdirən bu media qurumu Qərbdə "azad mətbuat", "müstəqil səs" kimi təqdim olunur. Bu isə açıq-aşkar legitimlik meyarlarının siyasi məqsədlərlə manipulyasiya edildiyinin sübutudur. İkiüzlü yanaşmalar beynəlxalq aləmdə azad söz anlayışına olan inamı ciddi şəkildə aşındırır.

Bu problem Monroe Price-ın "Media və Suverenlik" (2002) adlı əsərində də xüsusi qeyd olunur. O göstərir ki, xarici maliyyə mənbələrindən asılı olan, ölkə sərhədlərindən kənara çıxaraq ideoloji məqsədlərlə fəaliyyət göstərən media qurumları, nə qədər redaksiya müstəqilliyi iddia etsələr də, neytrallıq statusuna iddialı ola bilməzlər.

Daha açıq desək, əgər media xarici və ya fövqəldövlət strukturlarının əlində xarici siyasətin alətinə çevrilirsə, burada artıq ictimai xidmət, informasiya təminatı, vətəndaş cəmiyyəti kimi dəyərlər silinir. Media bu halda jurnalistikanı yox, kommunikasiya strategiyasını həyata keçirən siyasi infrastruktur funksiyasına keçir.

Nəticə etibarilə:

Yayım hədəfi olan ölkələrdə auditoriya bu cür media qurumlarını obyektiv informasiya mənbəyi kimi deyil, başqa mərkəzdən ötürülən ideologiyanın təbliğatçısı kimi qəbul edir; Məzmunun etibarlılığına olan inam kəskin şəkildə azalır. Bu, həm regional, həm də qlobal araşdırmalarla təsdiqlənir (bax: Edelman Trust Barometer 2023, Reuters Institute Digital News Report 2024); İnformasiyanı qəbul edən dövlətlər nəzarəti gücləndirir, bu isə senzuranın artmasına və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Paradoks ondadır ki, bu məhdudiyyətlər, guya ki, elə həmin media qurumlarının qorumağa çalışdığı "demokratik prinsipləri" zədələyir. Beləliklə, xaricdən idarə olunan media strukturlarının digər dövlətlərin informasiya məkanında fəallaşdırılması nə mətbuat azadlığını təşviq edir, nə də demokratik dəyərləri qoruyur. Əksinə, bu proses etimadsızlıq, müqavimət və informasiya müstəvisində qarşı mobilizasiya dövrlərini alovlandırır.

"Müstəqil jurnalistikanın sığortası" kimi təqdim olunan bu maliyyə yardımı - əslində xarici hökumətlərin siyasi iradəsinə tam tabe olan bir platforma üçün - sadəcə semantik şişirtmə deyil. Bu, tam anlamı ilə institusional absurdluqdur: "azad söz" pərdəsi altında mediyanın sistemli şəkildə xarici siyasət alətinə çevrilməsinin leqallaşdırılması cəhdidir.

Bu yanaşma yalnız mətbuatın dördüncü hakimiyyət kimi dəyərini gözdən salmır, həm də informasiya sahəsində mövcud olan beynəlxalq normalara ağır zərbə vurur. Beləcə, söz azadlığı - ümumbəşəri dəyər olmaq əvəzinə - rəqabət silahına çevrilir.

Transmilli institutlara etimadın dərin böhran yaşadığı, qlobal qütbləşmənin isə daha da dərinləşdiyi dövrdə belə təcrübələr informasiya məkanının parçalanmasını sürətləndirir. Artıq hər bir informasiya aktı "həqiqətin axtarışı" kimi deyil, təsir əməliyyatı kimi dərk olunur.

Strateji korluğun qiyməti: 5,5 milyon avro

RFE/RL - heç vaxt klassik mənada jurnalistika ilə məşğul olmayan bir struktur olub. Bu media platforması 1950-ci illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin psixoloji müharibə proqramları çərçivəsində yaradılıb. Lok C. Consonun "America's Secret Power: The CIA in a Democratic Society" (Oxford University Press, 2000) adlı əsərində qeyd olunduğu kimi, bu radioların əsas funksiyası ideoloji qarşıdurma aləti olmaq idi, plüralizm prinsiplərinə əsaslanan mətbuat orqanı yox.

İndiki maliyyələşdirmə mexanizmi - əvvəlcə ABŞ dövlət qurumu olan USAGM, indi isə Aİ büdcəsi hesabına - RFE/RL-in "normativ güc" konsepsiyasına uyğun şəkildə transformasiyasına səbəb olub. Bu konsepsiyanı 2002-ci ildə Yan Manners ortaya atıb və məqsəd - Avropa dəyərlərinin ixracı vasitəsilə geosiyasi təzyiqin həyata keçirilməsidir.

Bu platformanın Aİ tərəfindən maliyyələşdirilməsi Brüsselin ideoloji yayım zonasını genişləndirməklə yanaşı, informasiya öz müqəddəratını təyinetmə prinsipinə də ziddir. Bu prinsip həm UNESCO-nun 1976-cı il beynəlxalq mədəni əməkdaşlıq üzrə bəyannaməsində, həm də BMT Baş Assambleyasının 59(1)-ci qətnaməsində öz əksini tapıb: xalqların "kənar təzyiq olmadan öz mədəni həyatlarını sərbəst inkişaf etdirmək hüququ" tanınır.

Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində (bax: Joseph Nye, The Future of Power, 2011) informasiya suverenliyi dövlət suverenliyinin ayrılmaz tərkib hissəsi sayılır. Bu da aşağıdakı hüquqları nəzərdə tutur:

Transsərhəd informasiya axınları üzərində nəzarət; Milli media mühitinin qorunması; Xarici diktə olmadan informasiyaya çıxış standartlarının müəyyən olunması. Brüssel isə bu prinsipləri pozur. Necə?

Yayım fəaliyyətini yerli qanunları və lisenziya mexanizmlərini nəzərə almadan həyata keçirir. (Məsələn, Azərbaycanın "Media haqqında" qanunun 13-1-ci maddəsi, Qazaxıstanın "Televiziya və radio haqqında" qanununun 10-cu maddəsi pozulur); Redaksiya siyasəti yayımlanan ölkənin hüquqi çərçivəsinin tam kənarında hazırlanır, bu isə ərazi yurisdiksiyası prinsipini pozur; RFE/RL-in yayımladığı kontent açıq şəkildə ideoloji xarakter daşıyır və "alternativ inkişaf modeli" seçmiş ölkələrdə qanuni institutları hədəfə alır, sabitliyi pozmağa yönəlir. Bu mənada Aİ artıq de-fakto informasiya məkanında transmilli yayım aktoru kimi çıxış edir - özü də suveren dövlətin razılığı olmadan. Bu təcrübə isə BMT-nin UNIDIR proqramı çərçivəsində 2023-cü ildə qəbul olunmuş Kiberhüquq və informasiya təhlükəsizliyi üzrə beynəlxalq hüquqi rəhbərliyə görə, açıq şəkildə "xarici müdaxilə" kimi qiymətləndirilir.

Brüssel rəsmiləri, o cümlədən Aİ-nin dəyərlər və şəffaflıq məsələləri üzrə komissarı Vera Yurova isə bu addımı "avtoritarizmin artdığı şəraitdə söz azadlığını qorumaq" kimi təqdim edir (Avropa Parlamentində 2025-ci ilin martındakı dinləmələrdəki çıxış).

Amma empirik tədqiqatlar (bax: Thomas Carothers, Aiding Democracy Abroad, 1999) göstərir ki, siyasi keçid dövrünü yaşayan ölkələrdə xarici media maliyyələşdirməsi:

əksər hallarda demokratikləşməyə səbəb olmur, xüsusən də sosial institutlar zəifdirsə; avtoritar təcrübələrin leqitimləşdirilməsinə yol açır, çünki bu ölkələr xarici müdaxiləyə qarşı özlərini "qorumaq" bəhanəsi ilə sərt addımlar atır; senzuranın artmasına və Qərbə qarşı yerli elitaların mobilizasiyasına səbəb olur. Məsələn, Mərkəzi Asiya: son 30 ildə USAID, IREX, National Endowment for Democracy, European Endowment for Democracy və Soros Fondu region ölkələrində "müstəqil media"nın inkişafına on milyonlarla avro yatırıb. Amma nəticə nədir?

Regionda avtoritar meyllər daha da güclənib; Qazaxıstan və Özbəkistanda QHT və media qanunvericiliyinə sərtləşdirici dəyişikliklər edilib (2022-2024); İslam radikalizmi və cəmiyyətin "informasiya qapalılığı" artmaqda davam edir. İllüziyalara sərmayə: Avropa İttifaqının "Radio Azadlıq" xətti necə iflasa aparır

Bənzər nəticələr bir vaxtlar Əfqanıstanda da yaşanıb. ABŞ və Aİ tərəfindən maliyyələşdirilən radiolar - o cümlədən "Radio Azadi" (RFE/RL-in yerli filialı) - 2000-2021-ci illərdə tədricən "mədəni imperializmin səsi" kimi qəbul olunmağa başlandı. Analitik Barnett Rubin özünün məşhur The Fragmentation of Afghanistan (2002) əsərində qeyd edir ki, bu media strukturları beynəlxalq müdaxilənin leqitimliyini sual altına salan əsas amillərdən birinə çevrilmişdi.

RFE/RL-ə ayrılan bu maliyyə vəsaiti təcrid olunmuş bir hal deyil. Bu, daha geniş bir meylin - Avropa İttifaqının iqtisadi-hüquqi birlikdən çıxıb "ərazi hüdudlarından kənarda işləyən normativ güc" konsepsiyasına çevrilmək prosesinin bariz nümunəsidir. Brüsselin hazırkı ritorikası - "ümumbəşəri dəyərlər" adı ilə aparılan standartlaşdırma siyasətidir, dialoq təklif edilmir, diktat var.

Bu tendensiya xüsusilə aşağıdakı qurumların aktivləşməsi fonunda nəzərə çarpır:

Avropa Xarici Fəaliyyət Xidməti (EEAS); Avropa Demokratiya Fondu (EED); Hibrid Təhdidlərə Qarşı Avropa Ekspert Mərkəzi. Bu institutlar:

Aİ-dən kənarda yerləşən media qurumlarının redaksiya siyasətinə dolayı və ya birbaşa müdaxilə edirlər; "Loyal" jurnalistlər üçün təlimlər təşkil edirlər (Konrad Adenauer Fondu, Beynəlxalq Jurnalistika Mərkəzi - ICFJ və s. tərəfindən dəstəklənən proqramlar vasitəsilə); Şərq Tərəfdaşlığı və Balkan ölkələrində strateji kommunikasiya layihələrini koordinasiya edirlər. Ən təəccüblüsü isə budur ki, bu qədər xarici müdaxilənin fonunda Aİ-nin öz daxilində hesabatlılıq prinsipi getdikcə daha çox pozulur. Cənubi Avropa ölkələrində - İtaliya, Yunanıstan, Macarıstan, Bolqarıstan - mədəniyyət proqramlarının büdcələri ixtisar olunur, sosial bərabərsizlik artır (bax: Eurostat 2024), səhiyyə və təhsil sistemləri miqrasiya təzyiqi altında əriyir. Bu ölkələrin vətəndaşları artıq haqlı suallar verir: Niyə milyonlarla avro Aİ sərhədlərindən kənarda "ideoloji layihələrə" gedir, amma daxili problemlər həll olunmamış qalır?

Brüssel demokratiyanın qlobal qoruyucusu imicini qoruyub saxlamağa çalışarkən strateji səhvə yol verir. O, düşünür ki, informasiya təsirini pulla almaq olar - fövqəladə qrantlarla, süni şəkildə dirçəldilən köhnəlmiş media strukturlarına büdcə iynələri vurmaqla. Lakin 5,5 milyon avronun "Radio Azadlıq"a ayrılması sübut edir ki, Aİ əslində jurnalistikanı dəstəkləmir - sadəcə real diplomatiyanı, ictimai etimadı və uzunmüddətli əlaqələri saxta yayım vasitəsilə əvəzləməyə çalışır.

Əgər məqsəd doğrudan da azad sözü qorumaq idisə, o zaman bu vəsaitlər sahədə çalışan yerli, kiçik, müstəqil redaksiyalara ayrılmalıydı. Həmin jurnalistlər yerli reallığı daha dərindən bilirlər, dil baryeri yoxdur, risk alırlar, senzura ilə qarşılaşırlar. Amma Aİ nəhəng, bürokratik, siyasi cəhətdən yönləndirilmiş, Soyuq Müharibə dövrünün qalıqlarından olan və bu gün də həmin köklərdən imtina etməyən qurumu dəstəkləməyə üstünlük verir.

Belə media strukturu, hədəf ölkələrin informasiya ekosistemlərinə nəinki inteqrasiya olunmur - əksinə, bəzən açıq şəkildə düşmən ritorikası ilə çıxış edir. Burada söz azadlığı və informasiya plüralizmi deyil, birbaşa Brüsselin, Berlindəki fondların və ya Vaşinqtonun siyasi xətti təbliğ olunur. Tək bir baxış bucağı - özgə versiyası təqdim olunur və yerli cəmiyyətə "doğru" kimi sırınır.

Bu yanaşma jurnalistikanın ən əsas mahiyyətini - ictimai etimad institutunu - alt-üst edir. Jurnalistika cəmiyyətin güzgüsü olmaq əvəzinə, artıq xarici təsirin yumşaq təzyiq alətinə çevrilir. Etiraf etməliyik: "Azadlıq" brendi altında gizlənən bu media platforması getdikcə daha çox ideoloji silah obrazı qazanır.

"Radio Azadlıq" - artıq azadlıq yox, iradə təbliğatçısıdır

Faktlar danışır. RFE/RL son illərdə tənqid hədəfinə çevrilib - təkcə avtoritar rejimlər deyil, eləcə də müstəqil media ekspertləri, beynəlxalq araşdırma mərkəzləri, medianın monitorinqini aparan qurumlar bu qurumun redaksiya tərəfkeşliyini, ideoloji qapalılığını, qeyri-şəffaf idarəetməsini və hesabatlılığın yoxluğunu vurğulayıblar.

Bu cür media strukturuna nəinki etibar etmək olmur, əksinə, ona axıdılan vəsait nə qədər çox olarsa, onun gerçək mahiyyəti də bir o qədər aydın görünür: təhsilverici deyil, yönləndirici, maarifləndirici deyil, manipulyativ.

Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropada, İranda, Əfqanıstanda, Pakistanda milyonlarla insan üçün bu media artıq çoxdan "azadlıq" rəmzi deyil. Bu, başqa bir iradənin, başqa bir gündəmin təbliğatçısı, sanki mikrofon tutmuş ideoloqdur.

Brüssel bu cür struktura investisiya etdikcə özünü "neytral dəyərlərin təmsilçisi" yox, "ya bizlə, ya bizə qarşısınız" ritorikası ilə çıxış edən informasiya hegemonuna çevirir.

Bu gün Avropa media sahəsində görünməmiş bir çağırışla üz-üzədir - qlobal miqyasda etimad böhranı. Post-həqiqət dövrü, feyk xəbərlər, qütbləşmə, konspirologiya - bütün bunlar auditoriyalarla daha ağıllı, yerli səviyyədə və maarifləndirici işləməyi tələb edir.

Əgər məqsəd doğrudan da informasiya azadlığını qorumaqdırsa, o zaman:

Yerli media savadlılığına sərmayə yatırmaq; Vəziyyəti yerində bilən, yerli redaksiyaları və vətəndaş jurnalistləri dəstəkləmək; Korrupsiya və sui-istifadələri ifşa edən araşdırma jurnalistikasını maliyyələşdirmək; "Biz daha yaxşı bilirik" monoloqunu yox, mədəniyyətlərarası dialoq platformalarını qurmaq lazımdır. Əks halda, "Azadlıq"ın səsi nəinki boğulacaq, özü də azadlığın boğulmasına xidmət edəcək.

Brüssel "azadlıq" deyib nəyi satın alır

Avropa İttifaqı yenidən asan yolu seçdi - riskə getmək, yerli jurnalistləri və real plüralizmi dəstəkləmək əvəzinə, "müstəqil jurnalistika" adı altında fəaliyyət göstərən, əslində isə bir çox regionlarda "qərb mənəviyyatının yad formada ötürülməsi" kimi qəbul olunan köhnə ideoloji platformaya pul axıtdı. Bu - söz azadlığının müdafiəsi deyil. Bu, informasiya kolonizasiyasıdır. Bəli, bəlkə də liberal və yumşaq formada. Amma yenə də kolonizasiya.

Qısamüddətli baxışda Brüssel özünü "hümanist xilaskar" kimi görə bilər - guya o, vacib bir media strukturunu məhv olmaqdan xilas edir. Amma uzunmüddətli nəticələr çox daha problematikdir:

Yayım ölkələrində anti-Avropa əhval-ruhiyyəsi güclənir; Avtoritar rejimlər üçün bu, yeni və konkret bəhanəyə çevrilir: Aİ-ni "informasiya işğalçısı" kimi təqdim etmək indi heç də çətin deyil; Aİ-nin vətəndaş cəmiyyətini dəstəkləyən digər proqramlarının leqitimliyi ciddi zərbə alır - çünki bir sahədə müsbət niyyətlə edilən iş, digər sahədə ikili standartla zəhərlənir; Elə Avropanın öz daxilində də sarkazm artır: seçicilər aydın görürlər ki, Brüssel bəzən təbliğatla mübarizə apardığını iddia edir, bəzən isə onu maliyyələşdirir. Nəticədə Aİ təkcə milyonlarla avronu yox, illərlə topladığı mənəvi kapitalı da itirmək riski ilə üz-üzə qalır. Halbuki bu moral üstünlük uzun müddət Aİ-nin ən güclü diplomatik silahı olmuşdu.

İnformasiya təsirini pulla almaq mümkün deyil. Bu, qrantla, yayım gücü ilə, dotasiyalarla ixrac olunan bir şey deyil. Təsir etibarla, açıq dialoqla, qarşılıqlı empatiya və hesabatlılıqla qurulur. Aİ isə hələ də bu prinsipləri təcəssüm etdirməyən strukturları maliyyələşdirməklə özü-özünü zəiflədir.

Təbliğat - hətta demokratiya bayrağı altında aparılsa belə - təbliğat olaraq qalır. Avropa eşidilmək istəyirsə, səsini yüksəltməməlidir. O, daha dürüst danışmalıdır. RFE/RL-in dəstəklənməsi - söz azadlığına doğru addım deyil, ondan geri çəkilmədir. Bu, yalnız strateji yox, həm də əxlaqi səhvdir.

Tarix göstərir ki, əxlaqi səhvlərin bədəli mütləq ödənilir. Həm də təkcə maliyyə baxımından deyil.

Aİ-nin öz yurisdiksiyasından kənarda media resurslarını maliyyələşdirməsi onu son dərəcə ziddiyyətli və özünü zədələyən vəziyyətə salır. Bir tərəfdən Brüssel hər cür xarici müdaxiləni - o cümlədən seçkilərə, media sisteminə, ictimai diskussiyalara müdaxiləni - şiddətlə qınayır. Digər tərəfdən isə özü başqa xalqların ictimai şüuruna təsir etmək üçün "müstəqil jurnalistika dəstəyi" pərdəsi altında faktiki siyasi müdaxilə aparır.

Bu riyakarlıq Avropanın ən böyük üstünlüyü olmuş mənəvi avtoritetini sarsıdır. Bu avtoritet, İkinci Dünya müharibəsindən sonra Avropanın qlobal səviyyədə arbitrlik rolunu oynamağa imkan verirdi. İndi isə vəziyyət dəyişir. Əgər bu tendensiya davam etsə, Avropa "sivilizasiyalar arasında vasitəçi"dən "geosiyasi qarşıdurmanın tərəfi"nə çevrilə bilər - istər normativ, istər informasiya, istərsə də geosiyasi cəbhədə.

Aİ-nin başqa xalqlardan "azadlığa hörmət" tələb etmək hüququ yoxdur, əgər özü bu azadlığı təzyiq alətinə çevirirsə. Söz azadlığı, siyasi neytrallıq və suverenliyə hörmət - ya ümumbəşəri prinsiplərdir, ya da fiktiv dəyərlər.

5,5 milyon avro - sadəcə pul deyil. Bu, siyasi bəyanatdır. Amma o bəyanat "azadlıq uğrunda" yox, azadlığı nəzarət altına almaq uğrunda səslənir. Avropa bu bəyanatla öz ən böyük üstünlüyünü - inandırıcılığını - risk altına qoyur. Və əgər o, öz ritorikasında səmimi olmasa, söz azadlığı uğrunda deyil, onun adından sui-istifadə edənlər tərəfindən yazılmış tarixə düşəcək.

Uşaqlarının gözü önündə analarını öldürdü like
  • 06 İyn 10:55  
Digərləri Uşaqlarının gözü önündə analarını öldürdü

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qət

arrow Ətraflı
Bu gün bu avtobuslar pulsuz olacaq like
  • 06 İyn 10:40  
Digərləri Bu gün bu avtobuslar pulsuz olacaq

Bu gün "Sea Breeze"də baş tutacaq "Yay musiqi mövsümü"

arrow Ətraflı
Kürü istehsalında rekord artım: Hamı dada biləcək? like
  • 06 İyn 10:34  
Digərləri Kürü istehsalında rekord artım: Hamı dada biləcək?

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə bal

arrow Ətraflı
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş like
  • 06 İyn 10:33  
Siyasət Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş

Ermənistan siyasətində yenidən ağır bir gurultu səsləri eşidilir: baş

arrow Ətraflı
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb  FOTO like
  • 06 İyn 10:17  
Digərləri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
Bir sıra bələdiyyə torpaqları satışa çıxarılır  SİYAHI like
  • 06 İyn 10:05  
Digərləri Bir sıra bələdiyyə torpaqları satışa çıxarılır SİYAHI

Azərbaycanın bir sıra rayonlarda daha bir neçə bələdiyyələrə məxsus m

arrow Ətraflı
"Bu məni maraqlandırmır"  QMİ sədri like
  • 06 İyn 09:56  
Digərləri "Bu məni maraqlandırmır" QMİ sədri

Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi

arrow Ətraflı
“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi like
  • 06 İyn 09:30  
Şou-biznes “Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi

Rusiyanın tanınmış aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.

arrow Ətraflı
Şamaxıda zəlzələ olub like
  • 06 İyn 09:22  
Digərləri Şamaxıda zəlzələ olub

İyunun 6-da Şamaxıda zəlzələ baş verib.

arrow Ətraflı
Təzəpir məscidində bayram namazı qılındı like
  • 06 İyn 09:10  
Digərləri Təzəpir məscidində bayram namazı qılındı

Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.

arrow Ətraflı
Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı  FOTO like
  • 06 İyn 09:00  
Şou-biznes Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı FOTO

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağ

arrow Ətraflı