Yaxın Şərq Azərbaycana çox yaxındır: Bakının siyasətinin təfərrüatları
Siyasət 13 Fev 2025 11:19:00 86 0
Cənubi Qafqaz Şərq və Qərbin, Şimal və Cənubun kəsişdiyi əbədi qovşaqdır. Bölgənin coğrafiyası və tarixi, bir-birinə zidd olan kontrastlar və təzadlar ilə dolu qarışıq mozaikaya bənzəyir. Burada Şərqi Avropa öz əlini Yaxın Şərqə uzadır, Mərkəzi Asiya isə postsovet mirası vasitəsilə öz ambisiyalarını pıçıldayır. Bu, insanların və millətlərin talelərinin görünməz geopolitik tellərlə bir-birinə bağlandığı, genişmiqyaslı münaqişənin isə düşünülməmiş bir cümlədən belə alovlana biləcəyi bir məkandır.
Bu xəbəri də oxu: Prezidentin CGTNə müsahibəsindəki mesajlar Strateji tərəfdaşlıq və
Son onilliklərdə Cənubi Qafqaz yalnız ərazilər uğrunda deyil, həm də düşüncələr, nüfuz və resurslar uğrunda mübarizənin yeni meydanına çevrilib. Bu region, sanki kamerton kimi, Yaxın Şərqdə baş verən hər bir böhranın sədasını dərhal hiss edir. Və Cənubi Qafqaz üçün heç bir hadisə Suriyadakı vətəndaş müharibəsi qədər təsirli və narahatedici olmamışdı - bu müharibənin əks-sədası Xəzərin sahillərinə və Qafqazın keçidlərinə qədər yayılıb.
Suriyadakı müharibə köhnə və qanlı yaraları yenidən açdı. Azərbaycan gördü ki, onun bəzi vətəndaşları radikal cihadçı təbliğatın tələsinə düşərək yad müharibəyə qoşulur. Ermənistan isə suriyalı qaçqınları qəbul etdi, lakin bu, yalnız humanizm naminə deyildi - onların arasında tezliklə Qarabağ cəbhəsində erməni silahlı dəstələrinin tərkibində iştirak edənlər də peyda oldu. Eyni zamanda, İrəvan öz təhlükəli oyununu davam etdirərək, Suriyaya rus kontingenti ilə birgə hərbçilər göndərdi və bununla da beynəlxalq arenada öz mövqelərini gücləndirməyə çalışdı.
Fəqət Ermənistan rəhbərliyi anlamadı ki, çorx məhdud resurslu, yoxsul, etibarlı müttəfiqləri olmayan bir ölkə belə qərar verməməlidir.
Bu zaman Türkiyə, İran və Rusiya - Cənubi Qafqazın üç böyük qonşusu - Astanada Suriya məsələsinə dair format yaradaraq, öz qaydalarını qurmağa çalışdılar. 2023-cü ilin sonunda Rusiyanın və İranın Suriyada məğlubiyyəti sabitlik illüziyasını məhv etdi. Bu məğlubiyyət Yaxın Şərq dramının yeni pərdəsinə giriş oldu. Yeni oyunçular səhnəyə çıxır, yeni ziddiyyətlər yaranır və vəziyyət Qafqazın hava şəraiti kimi gözlənilməz olur.
Bu mürəkkəb prosesdə Cənubi Qafqaz kənardan müşahidəçi deyil. Bu, Yaxın Şərq siyasətinin burulğanına cəlb olunan bir regiondur. Ermənistanın ABŞ-la Xartiya imzalaması və "İŞİD-ə qarşı koalisiyada iştirakı" İrəvanın böyük güclərin oyununda yer almağa cəhd göstərdiyini açıq şəkildə nümayiş etdirir. Halbuki ermənilər çox vaxt sadəcə bu taxtada bir piyada rolunda qalır.
Azərbaycan isə daha praqmatik və incə şəkildə hərəkət edir. Bakı, təcrübəli bir diplomatın soyuqqanlılığı ilə həm müttəfiqlər, həm də rəqiblər arasında manevrlər edir. Prezident İlham Əliyevin Türkiyə, İsrail və İraq Kürdüstanının liderləri ilə görüşləri göstərir ki, Azərbaycan ziddiyyətləri yumşaltmağa və müxtəlif maraqlar arasında uzlaşma nöqtələri tapmağa qadir olan vasitəçi roluna hazırdır.
Yaxın Şərq mürəkkəb bir pazldır, burada hər bir detalın öz əhəmiyyəti var. Türkiyə və İsrail bu oyunun iki əsas oyunçusudur və onların münasibətləri gah gərginləşir, gah da barış içində davam edir. Azərbaycan, həm Türkiyənin, həm də İsrailin unikal müttəfiqi olaraq, bu dialoqun mərkəzində dayanır. Ankara və Təl-Əvivin mühüm rollar oynadığı mövcud status-kvo Bakının maraqlarına cavab verir, çünki bu, iqtisadi və enerji layihələrinin reallaşdırılması üçün tələb olunan sabitliyi təmin edir.
Azərbaycanın enerji diplomatiyası bu hekayənin ayrıca bir fəslidir. Cənub Qaz Dəhlizi Avropa üçün bir xilaskar halqasına çevrilib və Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropa üçün müstəsna əhəmiyyət daşıyır. Son bir ildə Azərbaycanın Avropaya qaz ixracının 13% artaraq, 11,4 milyard kubmetr təşkil etməsi adi bir statistika deyil. Bu, kiçik, lakin qürurlu bir ölkənin dünya enerji xəritəsində mühüm oyunçuya çevrilməsinin rəmzidir. Avropa Komissiyası 2027-ci ilə qədər qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağı vəd edib. Azərbaycan coğrafi mövqeyindən və enerji potensialından istifadə edərək, Şərq ilə Qərb arasında təkcə coğrafi deyil, həm də enerji körpüsünə çevrilir.
Cənubi Qafqaz təkcə enerji ilə yaşamır. Bakı diplomatiyası həm siyasi, həm də hərbi məsələləri əhatə edir.
Türkiyə ilə birgə keçirilən hərbi təlimlər Azərbaycanın müdafiə qabiliyyətini gücləndirir və iki ölkənin regional təhlükələrə qarşı birgə reaksiya verməyə hazır olduğunu nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan müdriklik göstərərək, potensial fəlakətlə nəticələnə biləcək münaqişələrə cəlb olunmamaq üçün diqqətli addımlar atır.
Azərbaycan bu gün təkcə geosiyasi proseslərin fəal iştirakçısı yox, həm də dünya enerji arxitekturasının mərkəzi elementlərindən birinə çevrilib. Ölkəmizin regionun əsas enerji mərkəzlərindən biri kimi rolu artıq şübhə doğurmur. 2023-cü ildə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracı 11,4 milyard kubmetrə çatıb ki, bu da əvvəlki illə müqayisədə 13% artım deməkdir. Bu artım sadəcə rəqəm deyil - bu, Rusiya qazından asılılığın azaldığı bir zamanda enerji böhranı ilə üzləşən Avropa üçün xilasedici halqadır.
Avropa İttifaqı artıq Azərbaycanı "etibarlı tərəfdaş" kimi rəsmən tanıyıb. Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Bakının strateji əhəmiyyətini vurğulayaraq bildirmişdi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas tərəfdaşa çevrilib. Biz 2027-ci ilə qədər Azərbaycandan qaz tədarükünü ikiqat artıraraq 20 milyard kubmetrə çatdırmağı planlaşdırırıq".
Bu enerji xəritəsi Azərbaycana Şərqlə Qərb arasında vasitəçilik rolunu gücləndirməyə imkan verir. Bakıdakı çevik və düşünülmüş enerji diplomatiyası təkcə Yaxın Şərqdəki mürəkkəb münaqişələrin həllində iştirak üçün qapıları açmır, həm də ölkəni regional lider kimi möhkəmləndirir.
Azərbaycanın beynəlxalq uğurunun əsas dayaqlarından biri Türkiyə ilə hərbi ittifaqdır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələsini açıb. Sözügedən anlaşma yalnız kağız üzərində qalmayan, praktika ilə təsdiqlənən bir istiqamətdir. 2023-cü ildə keçirilən "Sarsılmaz Qardaşlıq" təlimləri müttəfiqlərin istənilən regional təhdidlərə cavab verməyə hazır olduğunu göstərdi. Minlərlə hərbi qulluqçu və onlarla texnika bu niyyətlərin ciddiliyini əyani şəkildə nümayiş etdirdi.
Bu əməkdaşlıq yalnız simvolik dəstəkdən ibarət deyil. Suriyanın şimalında PKK terror təşkilatının yerli bölmələrinə qarşı ədalət və haqq mübarizəsi aparan Türkiyə Azərbaycanda etibarlı müttəfiqini görür. Bakı isə öz növbəsində bu yaxınlıqdan istifadə edərək, geosiyasi çəkisini artırır. Bu xüsusilə region yeni münaqişələr astanasında balansda durarkən mühüm əhəmiyyət kəsb edir.
Ermənistan çətin geosiyasi durumda sağ qalmaq üçün Qərblə dərin inteqrasiya yolunu seçdi, ancaq məzkur strategiyanın arxasında ciddi risklər dayanır.
Birincisi, Ermənistanın Suriyada terroçu kürd qruplaşmaları ilə aktiv əməkdaşlığı Türkiyəni narahat edir - bu qonşunun regional təsirini nəzərə almamaq mümkün deyil. Belə siyasət, çox güman ki, Ermənistanın daha da təcrid olunmasına gətirib çıxaracaq. Onsuz da iqtisadi və hərbi çətinliklər yaşayan Ermənistan üçün bu təcrid daha ciddi problemlərə səbəb ola bilər. Dünya Bankının məlumatlarına görə, Ermənistanın ÜDM-i 2023-cü ildə cəmi 15,2 milyard dollar təşkil edib və bu, regionun ən zəif iqtisadiyyatlarından biridir. Müqayisə üçün Azərbaycanın eyni dövrdə ÜDM-i 74 milyard dollara çatıb ki, bu da Ermənistanın göstəricilərini beş dəfə üstələyir.
İkincisi, İrəvanın Qərb təşəbbüslərinə bel bağlaması çox vaxt nəticəsiz qalır. Avropa İttifaqı ölkələrinin, xüsusilə Fransanın Ermənistanda nəqliyyat layihələrini dəstəkləmək vədləri daha çox bəyanatlar səviyyəsində qalıb. 2023-cü ildə Fransa Ermənistana infrastruktur layihələri üçün cəmi 50 milyon dollar ayırıb ki, bu da genişmiqyaslı planların həyata keçirilməsi üçün kifayət deyil. Bu, Ermənistan diplomatiyasının milli maraqlarını effektiv şəkildə qorumaqda nə qədər aciz olduğunu bir daha göstərir.
Azərbaycan enerji və hərbi əməkdaşlıq vasitəsilə, həm Avropa, həm də Yaxın Şərq üçün mühüm tərəfdaş rolunda çıxış edərək, sabit bir strategiya ilə irəliləyir. Ermənistan isə böyük güclərin oyununda yer tapmaq üçün çırpınaraq, məhdud resurslar və qeyri-müəyyən diplomatik kursu ilə özünü daha da təcridə salır.
Cənubi Qafqaz mübarizənin, resursların və sabitliyin təmərküzləşdiyi meydandır. Lakin yalnız çevik və strateji düşünə bilənlər bu oyunda qalib gələ bilərlər. Azərbaycan isə artıq göstərib ki, bu mübarizədən qalib ayrılmaq üçün lazım olan hər şeyə malikdir.
Azərbaycan öz üstünlüklərini - enerji potensialından tutmuş Türkiyə ilə hərbi ittifaqına qədər - ustalıqla istifadə edərək, ölkəsini regional liderə və Avropa ilə Yaxın Şərq üçün strateji tərəfdaşa çevirib. Bunun əksinə, Ermənistan böyük güclərin qaydaları ilə oynamağa çalışsa da, uğur qazanmaq üçün yalnız ambisiyanın deyil, həm də real resursların lazım olduğunu anlamır.
Azərbaycan üçün Yaxın Şərqdə sabitlik sadəcə arzudan ibarət deyil, həyati əhəmiyyət kəsb edən bir zərurətdir. Regional münaqişələr əsas nəqliyyat yollarını dərhal dəyişə bilər. Məsələn, Orta Asiyanı Avropa ilə birləşdirən Transxəzər dəhlizi artıq qlobal ticarət üçün mühüm bir marşruta çevrilib. 2023-cü ildə bu dəhliz vasitəsilə yük daşımalarının həcmi 18% artaraq, 35 milyon tona çatıb. Bu, sadəcə quru rəqəm deyil - bu, Azərbaycanın coğrafi mövqeyini iqtisadi aktivə çevirdiyinin göstəricisidir.
Azərbaycanın gücü təkcə coğrafiyada deyil. Belə ki, Bakı özünü Türkiyə və İsrail arasında bir "körpü" kimi göstərərək, bu iki müttəfiq arasında münasibətləri yumşaltmağı bacardı. İsrailli analitiklər dəfələrlə vurğulayıblar ki, Azərbaycan Ankaranın və Təl-Əvivin gərgin münasibətlərini yumşaltmaqla onların arasında balans yaradıb.
Bu diplomatik strategiya təkcə danışıqlar aparmaq bacarığı deyil. Bu, hər kəsin təsir sahəsi uğrunda mübarizə apardığı bir mühitdə Azərbaycanın öz mövqelərini möhkəmləndirməyə yönəlmiş uzunmüddətli kursudur.
Azərbaycan üçün təkcə Türkiyə ilə ittifaqı qorumaq deyil, həm də İsraillə münasibətləri inkişaf etdirmək vacibdir. Bu, mürəkkəb geosiyasi mühitdə tarazlıq yaratmağa imkan verir.
Qlobal güclərlə müqayisədə məhdud resurslara malik olan Azərbaycan hər bir fürsətdən maksimum faydalanmağı bacarır. Bakının diplomatiyası irəliyə oynamağı bacaran, risklə ehtiyatı harmoniya içində birləşdirərək müttəfiqlər və rəqiblər arasında unikal tarazlıq yaradan siyasətdir.
Azərbaycanın diplomatiyası fonunda Ermənistan öz rolunu tapmaq üçün mübarizə aparır. Ermənistanın qərb strukturlarına inteqrasiya cəhdləri çox vaxt məyusluqla nəticələnir. Məhdud iqtisadi resurslar, zəif diplomatik mövqe və aydın strategiyanın olmaması onun təcridini daha da dərinləşdirir.
Cənubi Qafqaz isə sabitlikdən faydalanmağı bacaran bir regiondur. Ermənistan isə bunun tam əksinə, "bulanıq suda balıq axtarmaq" siyasətini davam etdirir. Ancaq tarix göstərir ki, bu cür cəhdlər nadir hallarda uğurla nəticələnir. Azərbaycan körpülər inşa etdiyi halda, Ermənistan hələ də təcrid vəziyyətində qalır və qərb himayədarlarından dəstək gözləyir. Himayədarlar çox vaxt sözlərdən uzağa getməyə hazır deyillər.
Regionun gələcəyi onun dəyişən dünyaya uyğunlaşmaq qabiliyyəti ilə müəyyən ediləcək. Bu region, böyük güclərin maraqlarının toqquşduğu bir məkanda, yalnız mübarizə meydanı deyil, eyni zamanda dialoq üçün bir platforma olmaq şansına sahibdir. Sual isə budur: onun liderləri bu şansı düzgün dəyərləndirə biləcəklərmi?
Bölgəmiz sanki bir şahmat taxtasıdır, burada hər bir gediş oyunun nəticəsini dəyişə bilər. Azərbaycan göstərir ki, hətta qeyri-müəyyənlik şəraitində belə praqmatizmə, coğrafi üstünlüklərə və diplomatik çevikliyə əsaslanaraq uğurlu strategiyalar qurmaq mümkündür. Bakı çağırışları yeni imkanlara çevirərək öz mövqelərini möhkəmləndirir, Ermənistan isə regional proseslərin kənarında qalaraq böyük oyunda rolunu itirmək riski ilə üzləşir.
Cənubi Qafqazda təsir, resurslar və sabitlik uğrunda mübarizə yalnız indi başlayır. Və Azərbaycan artıq bu oyunun qaydalarını öz xeyrinə müəyyənləşdirməyi bacarıb, rəqiblərini isə çox arxada qoyub.
Geosiyasi oyun davam edir və Cənubi Qafqaz bu oyunun əsas lövhəsinə çevrilib. Burada yalnız strateji düşünməyi və uyğunlaşmağı bacaranlar öz mövqelərini qoruyub saxlayacaq və yeni imkanlardan faydalana biləcəklər. Azərbaycan artıq sübut edib ki, bu oyundan qalib ayrılmaq üçün bütün şanslara sahibdir.
Elçin Alıoğlu TREND
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Prezident İlham Əliyev "Vergi Xidməti - 25: Davamlı inkişaf və effekt
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Müğənni Aytac Vidadiqızı sərt sözləri ilə diqqət çəkib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Tayvanın mərkəzi Taichung şəhərində univermaqda güclü partlayış baş
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisind
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fe
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Astrologiyada bürclərin xarakter xüsusiyyətləri çox müzakirə olunur. Ast
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Məlum olduğu kimi, fevral ayının 11-də Prezident İlham Əliyevin Çinin
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevr
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
İzmirin Torbalı rayonunda notariusda işləyən və çəkdirdiyi məlumatland�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu gün Bakıda "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv tra
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin keçmiş prezide
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)