“Zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq”


Digərləri 21 Apr 2023 11:36:00 198 0

“Zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq”

Son.az kaspi.az-a istinadla bina və qurğuların dayanıqlılığının hesablanması üzrə mütəxəssis, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, texnika üzrə fəlsəfə doktoru Məhəmməd Musayev ilə müsahibəni təqdim edir:

"Azərbaycanda 7 ballıq ərazi yoxdur"

- Rixter şkalası ilə götürsək, 12 ballıq zəlzələ var. Bəs binalar tikilərkən zəlzələyə davamlılıq cəhətdən bala uyğun sinifləndirmə necə aparılır?

- Daha aşağı ballar üçün hesablanma nəzəriyyəsi yoxdur. Normal tikinti qaydalarına riayət etsən, kifayətdir. Sinifləndirmə 7, 8 və 9 ballıq seysmik ərazilərdəki tikintilərdə aparılır. Azərbaycanda 7 ballıq ərazi yoxdur. Biz tikintiləri adətən 8 və 9 bala uyğun aparırıq. 9 baldan yuxarı zəlzələ isə elədir ki, nə tiksən, uçacaq. 

Tikintilərin ballara görə fərqləri...

- Adi tikililər ilə ballara görə sinifləndirilən tikinti arasında nə kimi fərq olur?

- Biz Qazaxıstanın Aktau şəhərində layihələndirmə işi görürdük. Orada seysmiklik 6 baldır. Biz də bu bala uyğun tikinti aparırdıq. Bakıda o qədər 8-9 ballıq binalar tikmişik ki... Fikirləşirdik, 6 bala uyğun tikilən bina uçar, dayanmaz (gülür). Məsələn, 6 ballıq yerdə tikintidə armatur miqdarı bəlkə 3 dəfə az olur. Sütun ölçüləri az istifadə edilir.

- Bəs 7-8-9 ballıq tikintilər bir-birindən nə ilə fərqlənir?

- Azərbaycanın Seysmik Rayonlarda Tikinti norması - AzDTN var. O normada binaların daşıyıcı sistemi 3 qrupa - 7, 8 və 9 bal üzrə bölünür. Hər qrup üçün normalar aydın göstərilir. Nəzəriyyədə sütunların en kəsiyindən tutmuş daşıyıcı sxemə qədər hər birinin öz norması var. Ümumiyyətlə, zəlzələyə davamlılıq deyəndə, əsas amil binanın daşıyıcı sistemi götürülür. Daşıyıcı sistem dediyimiz binanın skeletidir. Tikinti daşıyıcı sistemin üzərində aparılır. Məsələn, 9 baldakı tikintinin daşıyıcı sisteminin sütunları, sütunlararası pərdələr 7-8 baldan tamamilə fərqlənir. Hər birində istifadə olunan armatur miqdarı fərqli olur. Yaxud burada iki pəncərə arasındakı məsafə belə, önəmlidir. 9 ballıq tikintilərdə pəncərəarası məsafə 1,60 sm, 8 balda 1,20 olmalıdır. Bu məsafəni 40-50 sm qoysan, zəlzələ olan kimi dağılacaq.

- Yəni ballara görə yanaşma standartdır?

- Hər bala uyğun standartlar var, onlara riayət etmək lazımdır. Ancaq eyni ballıq yerlərdə bütün tikintilərə yanaşma yüzdəyüz eyni olmur. Çünki nəzərə alınmalı amillər var. Tutaq ki, ərazinin fon seysmikliyi 8 baldır. Amma orada mühəndis geoloji işləri gedir, binanın altındakı qruntun fiziki, mexaniki göstəriciləri öyrənilir. Sonra o göstəricilərə baxıb bilirik ki, 8 balda burada hansı hesabatlar aparmalıyıq. Qrunt var ki, seysmik dalğanı daha sürətli ötürür. Təhlükəli qruntların üzərində olan binanın seysmik yükünü nəzəriyyədə iki dəfə artıq götürürük.

- 6 ballıq bina ilə 9 ballıq binanın maliyyə xərcində nə qədər fərq olur?

- Daşıyıcı konstruksiya xərclərində 40-45 faiz fərq yaranır. Tutaq ki, 1 kub betona 120-130 kiloqram armatur işlədirik. Bəzən tikinti aparan sahibkar hər şeydən yararlanmaq istəyir. Deyir heç nə olmaz, məhsuldan kəsir. Amma bu yanaşma yolverilməzdir.

"Armaturu çox qoymaq binanı xilas etmir"

- Demək olarmı ki, armaturun çox olması binanı zəlzələyə daha dayanıqlı edir?

- Armaturu çox qoymaq binanı xilas etmir. Tikinti normasında konkret yazır ki, armaturlanma faizi aşılmamalıdır. Armatur həmişə elementin kənarlarına düzülür, ortasına deyil. Ancaq kənarlardakı betonla ortadakı beton bir-birinə bağlanır. Armaturu betonun içərisində normadan artıq qoyanda zaman keçdikcə metallaşmış betonla armatur olmayan beton hissə bir-biriylə yola getmir.

- Bəs binanı zəlzələdə xilas edən nədir?

- Zəlzələ baş verəndə binanı xilas edən burulmamağıdır. Çünki zəlzələdə ən çox burulma gedən binalar yerə yatır. Elə inşa edilməlidir ki, zəlzələ zamanı sadəcə sağa, sola hərəkət etsin. 1 metr belə yellənsə, qorxusu yoxdur. Beton burulmanı sevməyən materialdır. Armatur sadəcə betonun dartılmasında, sıxılmasında əhəmiyyət kəsb edir.

- Burulmanın olub-olmayacağını öncədən necə yoxlayırsınız?

- Kompüter modeli ilə qısa zamanda bir neçə variantda binanın zəlzələyə dayanıqlılığını yoxlamaq mümkündür. Layihələndirməni kompüter üzərində yoxlayırıq. Bu qayda ilə tiksək, zəlzələ olsa, hansı istiqamətdə deformasiya edəcək? Burulma olacaqmı? Binanın seysmik rəqslərini müqayisə edirik. Nə isə xırda bir uyğunsuzluq görsək, daşıyıcı sxemi dəyişməyə başlayırıq. Sərtlik pərdələrinin, sütunların yerlərini dəyişirik. Sərtlik özəyi qoyuruq. Çalışırıq ki, zəlzələdə binanın sərbəst rəqslərini nizamlı hala gətirək. Binanın güvənliyi arta-arta getsin. Sonda nəzəri məhsulumuzu layihəyə köçürürük, bu, Fövqəladə Hallar Nazirliyinin ekspertizasında bir də yoxlanılır, qaydasındadırsa, icazə verilir.

"...əksər binalarda hörgü töküləcək"

- Zəlzələyə davamlılıqda hörgünün payından danışaq.

- Bizdə hörgü məsələsinə sadə yanaşanlar çoxdur. Amma hörgü də önəmlidir. Tutaq ki, 16-cı mərtəbəyə qədər hörürlər. Yuxarıda hesab düz gəlmir, 3-5 santimetrlik boşluq qalır. Onu birtəhər doldururlar. Zəlzələ olanda, bina silkələnən kimi o hörgülər töküləcək. Tikinti elə aparılmalıdır ki, yuxarıda boşluq qalmasın. Zəlzələ olsa, bizdə əksəriyyət binalarda hörgü töküləcək. Yaxud normada yazır ki, 8 bala uyğun tikintidə üfüqi olaraq kərpiclərin arası armaturla başdakı sütunlara bağlanmalıdır. 9 bala uyğun tikintidə isə həm üfüqi, həm də şaquli şəkildə bağlanmalıdır. Ona heç kim nəzarət etmir, əsas sümüyü (daşıyıcı sistemi) bərk olsun deyirlər.

- Bizim danışdıqlarımız dəmir-beton binalardır, amma digər binalar da var. Zəlzələyə ən dayanıqlı hansılardır?

- Daşıyıcı sistemlərinə görə, binaların tipləri var. Daş, karkas, rabitəli karkas, tam rabitəli, özəl sistemlər. Daşıyıcı sistemi tikdiyin binanın mərtəbəsinə uyğun təyin edirsən. 40 mərtəbəli binaya tam rabitəli sistem tətbiq edə bilməzsən. 30 mərtəbəli binaya özək sistemi tətbiq edirik. O demək deyil ki, etibarlı olsun deyə, 6 mərtəbəli binaya da özək sistemi qoyaq. Hər mərtəbəyə uyğun daşıyıcı sistem istifadə olunsa, hər biri dayanıqlıdır.

- Bəzən deyirlər ki, seysmik aktiv yerdə tikilən binaların mərtəbəsi çox olmamalıdır. Zəlzələyə uyğun tikintidə binanın mərtəbəsinin fərqi varmı?

- Binanın mərtəbəliyinə heç bir norma tələb qoymur. Bəzən qeyri-rəsmi olaraq deyirlər ki, seysmikliyi yüksək olan ərazidə 20 mərtəbədən yuxarı məsləhət deyil və s. 2008-2009-cu illərdə qeyri-rəsmi bir tələb var idi. 12 mərtəbədən yuxarı olmaz, 36 mərtəbədən yuxarı olmaz və s. Niyə olmaz? Çünki o vaxt bizim tikinti şirkətlərinə inam yox idi. İndi artıq 25-30 mərtəbəli bina adi haldır, layihələndirmə imkanımız var. 50-60 mərtəbə də tikilir. 

"Beşmərtəbələrin daşıyıcı sistemləri daha zəifdir"

- 9 bala uyğun inşa edilən 20-30 mərtəbəli bina 5-6 mərtəbəli bina ilə eyni dayanıqlığa sahibdir?

- 16 mərtəbəli binalar 5 mərtəbəli binalardan daha dayanıqlıdır. Hündür binalara mühəndislər daha çox vaxt, əmək sərf edir, dayanıqlı olması üçün daha çox baş sındırırlar. 16 mərtəbəli bina ilə 5 mərtəbəni yan-yana qoysan, görərsən ki, hər ikisində hesablanma eynidir. Hətta 5 mərtəbəli binanın daşıyıcı sistemi daha zəifdir. Orada rabitə də yoxdur, ancaq çöl sütunların üzərində qalır.

Zəlzələdə özünü yaxşı göstərən binalar

- Çoxmərtəbəli binalardan qorxmaq lazım olmadığını deyirsiniz. Ancaq belə fikirlər var ki, indiki şirkətlərin çoxu "tik, sat" prinsipi ilə sürətlə işləyirlər, keyfiyyətə deyil, bazara fokuslanırlar.

- Bina tikənlər biznes adamlarıdır. Böyük tikinti şirkətlərinin çoxu demək olar ki, bina tikib mənzil satmır. Sahibkar inşaat şirkətinə sifariş verir, o da binanı tikir. Normalda hər bir layihə şirkətinin kifayət qədər hesabat, analizlər aparacaq laboratoriyası olmalı, nəzəriyyəçilər işləməlidir. Təəssüf ki, bir çox layihə şirkətləri memarlıq, dizayn üzərində qurulduğu üçün nəzəriyyə tərəfini çox dərin önəmsəmirlər. Hazırda bizdəki tikinti şirkətlərinin çoxu 2 "prorab"la (iş icraçısı) bina tikib satırlar. Onlarla dil tapmaq daha asandır. Amma mühəndislə 1000 manatla danışa bilmirlər.

- Bəs nə edək?

- Binalardan mənzil alarkən həmin binanın Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyatda olub-olmamasını yoxlayın. Satış aparan şirkətdən müvafiq kodu istəyib yoxlaya bilərsiniz. Deyək ki, qanunidir. Ondan sonra layihəçi şirkəti araşdırın. Öyrənin ki, bu binanı hansı şirkət layihələndirib? Hansı ölkə əhəmiyyətli işlər görüb? Bunu bilsələr, başqa nə isə axtarmağa ehtiyac yoxdur.

"Kvadrat, dairəvi binalar zəlzələyə ən davamlı olanlardır"

- Hər şey qaydasında edilsə, 9 bala uyğun tikilən binalar hər zaman 9 ballıq zəlzələyə davam gətirir?

- İnşaatçı heç vaxt sinəsinə döyüb deyə bilməz ki, 9 bala uyğun hesablamışam, 8,9 bal olsa, uçmayacaq. Rəqs modlarında burulma olmasa, davam gətirir. İdeal binalar - tam simmetrik formalı binalardır. Faiz etibarilə kvadrat, dairəvi binalar zəlzələyə ən davamlı olanlardır. Bu binalar zəlzələnin müddəti uzandıqca özünü daha yaxşı göstərir. Düzbucaq, qeyri-düzgün həndəsi formaya malik binalar riski çox olandır.

- Zəlzələnin müddəti, hansı dərinlikdə baş verməsi məsələsi burada rol oynayır?

- Zəlzələnin müddəti önəmlidir. 8 bala uyğun tikilən bina 45 saniyə silkələnsə, əksəriyyəti dayanıqlı olur. Bəlkə zəlzələ 2,5 dəqiqə davam etdi. Onda 8 ballıq bina 6,5 ballıq zəlzələdə də zərər görər. Dərinlik məsələsinin rolu yoxdur. Hesablama dayazda baş verən bal gücünə uyğun aparılır.

Eviniz 2008-ci ildən əvvəl tikilibsə...

- Çoxmərtəbəli binadan ev almaqla bağlı sizdən məsləhət istəsək, nə deyərsiniz?

- Deyərəm ki, təməli 2012-ci ildən sonra qoyulan binadan ev alın. 2005-2008-ci illərdə tikilmiş binada yaşayırsınızsa, oranı satın, təcili dəyişin. Onların zəlzələdə dağılma riski 2012-ci ildən sonra tikilənlərdən 2 dəfə çoxdur.

- O binalarda problem nədir ki?

- AzDTN norması 2010-cu ildən tətbiq edilir. Müqayisə edəndə, demək olar ki, ondan əvvəlki tikililərdə ciddi səhvlərimiz olub. 2012-ci ildən sonra tikilən binaları daha düzgün, daha dayanıqlı, daha keyfiyyətli saymaq olar.

"Beton evlərin 60-70 yaşı var"

- Bəs köhnə evlər?

- Daş evlər istismarı qurtarsa da, təbii materialdır, dayanacaq. Beton evlərin 60-70 yaşı var, amma yox kimidir. Onlar 100 yaşına çatmayacaq, zəlzələyə davamlılığından da danışmaq olmaz.

- Binanın yaşı bala davamlılığa təsir edir?

- Yaşlanan binanın bala dözümlülüyü azalmır. Sadəcə, binanın betonu getdikcə zəifləyir. Beton 7 günə möhkəmliyinin 70 faizini yığır. 10 il ərzində betonun keyfiyyəti tədricən artır. 50 ilə qədər isə keyfiyyətini saxlayır. 50 ildən sonra artıq keyfiyyəti azalmağa doğru gedir.

- Binaların içərisində evimizə müdaxilə etsək, bu, zəlzələyə davamlılığa necə təsir edir?

- Tutaq ki, siz 5-ci mərtəbədə sərtlik pərdəsini - betonu kəsmisiniz. Bununla siz o binaya qeyri-simmetrik sərtlik verməyə başlayırsınız. Qeyri-simmetrik sərtlik binanı burmağa başlayacaq, məhv edəcək. 9 bala uyğun tikilən binada bunu edən adam cinayət törədir. Düzdür, Türkiyədəki zəlzələlərdən sonra bizdə də binalarda monitorinqlər aparırlar. Harada keçirirlər? Qeyri-yaşayış binalarında. Yaşayış olan binalara ümumi baxış keçirirlər, amma mənzillərin içərisinə girə bilmirlər. Mənzillərdə elə hallar çoxdur.

- Mütəxəssis baxıb deyə bilərmi ki, evimin zəlzələyə davamlılığı necədir?

- Mütəxəssis bir mənzilə baxmaqla deyə bilməz ki, bu bina hansı bala davamlıdır. Gərək binanın bütün en kəsiyini görsün, binadakı mənzillərə baxsın və qiymətləndirsin.

"Makler evləri"nin ömrü 10-15 ildir

- Yaponların zəlzələ zamanı "rəqs edən" çoxmərtəbəli binaları bizdə də gündəmə gəldi. O tikililər bizdə niyə yoxdur?

- İki şirkət ayrı-ayrı vaxtlarda seysmik izolyatorlarla bağlı gəlib bizdə təqdimat etdi. Amma tətbiqi o qədər də bəsit məsələ deyil. Tutaq ki, binada seysmik izolyatorlar qoyduq, kim nəzarət edəcək? Biz binanın zirzəmisinə yığılan suya güclə nəzarət edirik. Bina tikənlər isə biznes adamlarıdır. Satdı, getdi. Digər tərəfdən, Yaponiya seysmik aktivdir, hər il zəlzələ olur. Onlarda buna ehtiyac var. Bizdə ildə bir dəfə 6-7 ballıq zəlzələ olsa, onları qoymalıyıq. Ancaq 1000 ildən bir güclü zəlzələ olur.

- Binanın içərisində zəlzələyə davamlı hissələr hansılardır?

- Sovet vaxtının tikililərində pilləkənlər yığma konstruksiya idi. Ona görə bina tərpənən kimi pilləkənlər ayrılıb bir-birinin üstünə tökülürdü. Yeni tikililərdə binaların əksəriyyətində liftlər tam betondur. Liftlərin ətrafı, pilləkən, pilləkəni evlə birləşdirən divarları hamısı beton olduğu üçün ora bir onurğa funksiyasını  daşıyır. Binanı götürüb yerə çırpsan da, hər yer dağılacaq, orta hissə qalacaq.

- Həyət evlərini daha təhlükəsiz hesab edirik. Bu evlərin zəlzələyə davamlılığı necədir?

- Əgər həyət evi standartlara uyğun tikilibsə, zəlzələyə davamlı olur. Ancaq çoxu necə gəldi tikilib.

- "Makler evləri" adlandırdığımız həyət evləri qrupu var...

- 32 min manat verib Masazırda bir həyət evi alırsan. Baxanda, evə oxşayır. Amma normalara riayət edilmədən tikilib. "Makler evləri" potensial təhlükələrdir. Zəlzələ olsa, "makler evləri"nin hamısı uçacaq. Onların ömrü 10-15 ildir.

- Həyət evlərinin tikintisi zamanı seysmiklik necə nəzərə alınır?

- Həyət evləri tikilərkən seysmik kəmər mütləq olmalıdır. Bir də bünövrəsi bağlanmalıdır. Bu, "makler evləri"ndə 100 faiz yoxdur. Yaxud bütün qapıların üstündə beton atma olmalıdır. Bunlara dövlət nəzarət edə bilməz, amma bələdiyyə nəzarət etməlidir. İcra hakimiyyətlərində memarlıq şöbəsi var. Tikinti üçün icazə alan şəxslərə həmin memarlar bir eskiz versələr, heç olmasa nizamlanmış şəkildə gedər. Usta ilə ev tikirlər. Usta nə bilir ki, seysmik kəmər nə üçündür?

"MTK-ların çoxu artıq bazardan çıxıb"

- Ancaq çoxumuz ev alarkən daha çox qiymət cəhətdən sərfəli olana - ucuza baxırıq.

- Təəssüf ki, elədir. Normal keyfiyyətdə ev istəyirsənsə, qiymətinə fikir vermə. Ola bilər ki, hər kvadratda 200-300 manat itirirsiniz, amma keyfiyyətdə qazanırsınız. Keyfiyyətli ev tikən şirkət bir kvadratmetrdə 400 manat pul qazanır, keyfiyyətsiz tikən 1000 manat. MTK-ların çoxu artıq bazardan çıxıb. Yerdə qalanlar da çıxıb gedəcək. Onlar bu işin adamı deyillər.

- Normal keyfiyyətdə ev kvadratmetri neçəyə olanlardır?

- Bakıda normal evlərin kvadratmetrini 3000-3500 manata satırlar. Onlar sifariş verir, inşaat şirkətinə tikdirir. İnşaat şirkətində sahə memarları, texniki nəzarətçilər, supervayzerlər, sahə rəisləri, "prorab"lar, briqadirlər və s. böyük kontingent işləyir.

Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qıldı like
  • 21 Apr 11:26  
Digərləri Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya Kəbir məscidində bayra

arrow Ətraflı
"Üç kuruş"un aktrisası "Aldatmak"da  FOTO like
  • 21 Apr 11:24  
Digərləri "Üç kuruş"un aktrisası "Aldatmak"da FOTO

Baş rolunu Vahidə Perçinin canlandırdığı "Aldatmak" serialına

arrow Ətraflı
Bakıda mənzildən çürümüş kişi meyiti tapılıb like
  • 21 Apr 11:20  
Digərləri Bakıda mənzildən çürümüş kişi meyiti tapılıb

Bakıda mənzildən çürümüş meyit tapılıb.

arrow Ətraflı
Aİ Rusiya ilə bağlı bu məsələni araşdırır like
  • 21 Apr 11:00  
Digərləri Aİ Rusiya ilə bağlı bu məsələni araşdırır

Avropa İttifaqı (Aİ) Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tə

arrow Ətraflı
Neftimiz ucuzlaşıb like
  • 21 Apr 10:48  
Digərləri Neftimiz ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzl

arrow Ətraflı
Tanınmış aktrisaya ağır itki  FOTO like
  • 21 Apr 10:36  
Şou-biznes Tanınmış aktrisaya ağır itki FOTO

Sonuncu dəfə "Tozluyaka" serialında rol alan türkiyəli aktrisa Z�

arrow Ətraflı
"BMW" ilə "Chevrolet" toqquşdu, xəsarət alan var  FOTO like
  • 21 Apr 10:24  
Digərləri "BMW" ilə "Chevrolet" toqquşdu, xəsarət alan var FOTO

Bakıda BMW yol nişanına çırpıldı, sürücü xəsarət aldı - FOTO

arrow Ətraflı
"Türk xalqları dar gündə birbirinin yanında durmalıdır" like
  • 21 Apr 10:22  
Digərləri "Türk xalqları dar gündə birbirinin yanında durmalıdır"

Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insan həyatını itirib.

arrow Ətraflı
"Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm" like
  • 21 Apr 10:00  
Digərləri "Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm"

Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm.

arrow Ətraflı
Bayramda bu rayonlara qatarla getmək istəyənlərə şad xəbər like
  • 21 Apr 09:50  
Digərləri Bayramda bu rayonlara qatarla getmək istəyənlərə şad xəbər

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) Ramazan bayramı

arrow Ətraflı
"Azərbaycanla düşmən dili ilə danışmaq olmaz" like
  • 21 Apr 09:46  
Digərləri "Azərbaycanla düşmən dili ilə danışmaq olmaz"

"Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiyanın 131ci günüdür like
  • 21 Apr 08:56  
Siyasət LaçınXankəndi yolundakı aksiyanın 131ci günüdür

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Bu məhsulları gecə yemək olar like
  • 21 Apr 08:30  
Digərləri Bu məhsulları gecə yemək olar

Gecələr karbohidratlarla zəngin qidalar yemək zərərlidir.

arrow Ətraflı