Sufi təriqətləri


Digərləri 01 Yan 2023 21:40:00 273 0

Sufi təriqətləri

Təriqətlərin əqidəvi əsaslarını, fərqləndirici xüsusiyyətlərini, əsas ayinlərini açıqlamaq, müasir dünyada bu və ya digər təriqətin yayılma arealını açıqlamaq məqsədi daşıyan bu yazılarda ən mühüm və yığcam məlumatlar təqdim ediləcək. Silsilə yazılarda müsəlman ölkələrinin, o cümlədən, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında böyük rol oyamış mövləviyyə, nəşqbəndiyyə, sührəverdiyyə, səfəviyyə, xəlvətiyyə, qadiriyyə, çiştiyyə, nemətullahiyyə, şaziliyyə, rifaiyyə, ticaniyyə, yəsəviyyə, sənusiyyə, hürufiyyə, kübrəviyyə kimi sufi təriqətləri barədə ilkin informasiyanı əldə edəcəksiniz.

Silsiləni mövləviyyə təriqəti barədə məqalə ilə açırıq.

Mövləviyyə

Məşhur sufi təriqətlərindən biridir. Banisi Mövlana (ağamız, rəhbərimiz) ləqəbli şair və sufi Cəlaləddin Rumidir (1207-1273). Mövlana əvvəllər kübrəviyyə təriqətinə mənsub idi, daha sonralar Şəms Təbrizi ilə tanışlığından ilhamlanaraq mövləviyyə məktəbinin əsaslarını işləyib-hazırladı.

Mövləviyyə təriqətində ilahi eşq ideyası əsas yerdə durur. Allaha yaxınlaşmağın yolu bütün dünya qayğılarından xilas olub, vəcd (trans) halına düşməkdədir. Buna nail olmaq üçün mövləvi dərvişləri sima adlı ayindən istifadə edirlər. Sima - ney və daha bir neçə köməkçi alətin müşayiəti altında dərvişlərin dəqiq trayektoriya üzrə fırlanaraq hərəkət etmələrinə deyilir. Bu hərəkət zamanı dərvişlər sanki kosmosun səsini eşitdiklərini təsəvvür edirlər ("sima" sözünün ərəb dilindən tərcüməsi "eşitmə" deməkdir).

Simadan əvvəl ayin rəhbərinin ifasında Həzrət Mühəmməd Peyğəmbəri (s) mədh edən şeir parçaları ifa edilir, neyin ifası dinlənilir, sonra enli ətəkli ağ paltar geyinmiş, çiyinlərinə qara örtük salmış, başlarına dəridən ağ uzun papaq qoymuş dərvişlər bir-bir yaxınlaşıb mürşidin əlini öpür, simaya başlayırlar. Hər bir dərviş o birinə toxunmadan, həm öz oxunun, həm də mürşidin ətrafında dövrə cızır. Bu zaman dərvişin sağ əli yuxarıya, sol əli isə aşağıya doğru tutulur. Bununla onlar sanki ilahi enerjini səmadan alıb yerə ötürmüş olurlar. Fırlanmanı asanlaşdırmaq üçün dərviş başını çox zaman yana əyir. Getdikcə simanın ritmi tezləşir, dərvişlər çiyinlərindəki qara örtüyü yerə atır, Allahın hüzurunda ağ kəfənə bürünmüş kimi durduqlarını təsəvvür edərək rəqsi davam etdirirlər. Sima halında fasiləsiz olaraq fırlanan dərviş trans halına düşür, ətrafdakı hər şeyin bir-birinə qarışdığını, əriyərək yox olduğunu, yalnız özünün qaldığını hiss edir. Mövləvilikdən əvvəlki sufilərin təcrübəsində də simaya rast gəlinirdi; amma sima öz dəqiq, əsaslandırılmış, kompleks həllini məhz mövləviyyə təriqətində tapmışdır.

Mövləviyyə təriqətinin daha bir ayini çillədən ibarətdir. Çillə - dərvişin hamıdan ayrılalaraq tənhalığa çəkilməsi və 1001 gün ibadətlə, Allah barədə təfəkkürlə məşğul olması mənasını verir. Çilləni uğurla bitirmiş dərvişlərə "dədə" adı verilir. Mövləvi təriqətinin şeyxlərini isə "çələbi" adlandırırlar. Təriqət başçılığı Mövlana nəslinin üzvləri arasında irsi qaydada ötürülür.

Mövləviyyə təriqəti əsasən, Türkiyə ərazisində daha geniş yayılmış, bununla belə, Suriya, Misir, Krım və Balkan ölkələrində kifayət qədər intişar tapmışdı. Hətta Osmanlı sultanı III Səlimin (1789-1807) təriqət üzvü olduğunu yazırlar. Mövləviyyə təriqətinin təkyələri həmişə başqa təriqət ocaqlarına nisbətən daha geniş olmuşdur. Bu da sima rəqsləri üçün onlara iri sahəli binaların lazım olduğu ilə izah edilir. Mövləviyyə təriqətinin mərkəzi Türkiyənin Konya şəhərindəki Mövlana dərgahıdır (Mövlana Cəlaləddin Ruminin məzarı üzərində tikilmiş iri kompleksdir). Təriqət üzvləri tərəfindən ən çox oxunan kitabların başında Mövlananın "Məsnəviye-mənəvi" əsəri gəlir.

1925-ci ildə Türkiyə Cümhuriyyəti ərazisində bütün sufi təkyələrinin fəaliyyəti qadağan edildikdən və Konyadakı Mövlana dərgahı muzeyə çevrildikdən sonra təriqətin inkişafı xeyli zəiflədi. Hal-hazırda Mövlana dərgahında xaricdən gələn turistlər üçün tamaşa şəklində sima rəqsi ifa edilir. Mövləviyyə təriqətinin qeyri-müsəlman ölkələrində də çoxlu ardıcılı vardır. Avropa ölkələrində mövləviyyə təriqətinin əsaslarını təlim və təbliğ edən, sima rəqsini öyrədən ayrı-ayrı dərnəklər mövcuddur.

Mövləviyyə ən az parçalanmaya məruz qalmış təriqətdir. Hal-hazırda təriqət daxilində iki qol mövcuddur. Mövlananın oğlu Vələdin və Şəms Təbrizinin adları ilə adlandırılan bu qolların arasındakı fərq cüzi dərəcədədir.

Nemətullahiyyə

Məşhur sufi təriqətlərindən biri. Banisi Şah Nemətullah Vəlidir (1330-1431). Nemətullahiyyə təriqəti əvvəlcə şəriətdə sünnilik qoluna əsaslanmış, sonra zaman keçdikcə təriqət şiəliyə meyllənmişdir. (Bəzi müəlliflər Şah Nemətullah Vəlinin şafii, bəziləri isə şiə məzhəbində olduğunu yazmışlar). İlk dövrlərdə nemətullahi müridləri mənsub olduqları təriqəti nişan verən xüsusi geyim geyinmirdilər. Lakin sonralar keçədən paltar geyinir, başlarına 5 və ya 12 zolaqlı hündür papaq qoyurdular. Nemətullahiyyə təriqətinə görə tərki-dünyalıq gündəlik həyat sahəsində deyil, dərvişin qəlbində olmalıdır. Bu təriqətdə camaata möhtac olmaq, ianə hesabına yaşamaq məzəmmət olunur. Nemətullahiyyə təriqətinin zikr məclislərində sima rəqsi və musiqi ifa olunmurdu. Nemətullahilərə görə, həqiqətə çatmağın yolları bunlardır: zikr, fikr (təfəkkür), mühasibə (öz vicdanı qarşısında hesabat vermək), müraqibə (həmişə Allahın nəzarəti altında olduğunu hiss etmək) və vird.

Nemətullahiyyə təriqətinin rəmzi kəşkül və təsbehlə birləşmiş iki çarpaz təbərzindən (baltadan) ibarətdir. Kəşkül məşhur sufi atributlarından biridir. Adətən, sərt qabıqlı meyvələrin (məsələn, hindqozu) qabığından yumurtavari formada hazırlanmış içiboş qabdan ibarət olurdu. Keçmişdə sufi təriqətlərinin dərvişləri özləri ilə mütləq kəşkül gəzdirərdilər. Kəşkül bəzən taxtadan, bəzən isə dəmirdən hazırlanırdı. Kəşkül dərviş üçün hər şey demək idi; onun içində yemək yeyir, su içirdi, camaatdan aldığı ianələri də kəşkülün içində gəzdirirdi. Sufi ədəbiyyatında kəşkül kasıblığın və qənaətin rəmzi sayılırdı; çünki sufinin kəşküldən savayı heç bir əmlakı yox idi.

Təbərzinlərin yuxarısındakı sahədə "hu" kəlməsi yerləşdirilib. Təbərzinlər nəfsin öldürülməsini, kəşkül - fəqr halını, təsbeh - zikrə və duaya bağlılığı, "hu" kəlməsi isə Allahı ifadə edir.

Nemətullahiyyə təriqətində mürşid müridlərin həm dini, həm də dünyəvi rəhbəri sayılır. Ona görə də bu təriqətin şeyxlərinin adına "şah" kəlməsini qoşurdular. Bir qayda olaraq, nemətullahiyyə şexlərinin adı "Əli Şah" kəlməsi ilə bitirdi (məsələn: Məstəli Şah, Məczubəli Şah, Məsuməli Şah, Nurəli Şah və b.). Şah Nemətullah Vəlidən sonra təriqətə onun oğlu, daha sonra isə nəvəsi başçılıq etmişdir.

Nemətullahiyyə uzun müddət əsasən İran ərazisində yayılmışdı. Səfəvilər zamanında siyasi səbəblər üzündən hökumət tərəfindən təqib olunduğu üçün təriqətin mərkəzi bir müddət Hindistana köçdü. XVIII əsrin sonlarında Məsuməli Şah Dəkkani İrana qayıdaraq, nemətullahiyyə təriqətinə yeni həyat bəxş etdi.

Nemətullahiyyə təriqətinə 1953-2008-ci illər arasında doktor Cavad Nurbəxş (II Nurəli Şah) başçılıq etmişdir. Onun zamanında təriqətin Amerika, Avropa, Afrika və Avstraliyada xanəgahları açıldı. İran xaricində ilk nemətullahi xanəgahı San-Fransiskoda fəaliyyətə başladı (1975). Cavad Nurbəxşin vəfatından (2008) sonra təriqətə onun oğlu Əlirza Nurbəxş (Rzaəli Şah) rəhbərlik edir.

Nemətullahiyyə təriqəti başqa dinlərin və təriqətlərin ardıcıllarına tolerant münasibəti ilə seçilir. Təriqət sufilik mövzusunda beynəlxalq konfranslar keçirir, kitablar buraxır, ingilis, rus, fars və ispan dillərində "Sufi" adlı jurnal nəşr etdirir.

Nemətullahiyyə təriqətinin məşhur üzvləri sırasında görkəmli Azərbaycan səyyahı, "Bustanüs-səyahə" və "Riyazüs-səyahə" kitablarının müəllifi Hacı Zeynal-abidin Şirvani (Məstəli Şah), biblioqraf alim Rzaqulu xan Hidayət (Hidayətəli Şah), rus şərqşünası akademik Y.E.Bertelsin oğlu A.Y.Bertels və başqalarının adlarını çəkmək olar.

Sührəvərdiyyə

Məşhur sufi təriqətlərindən olan sührəvərdiyyənin banisi Cənubi Azərbaycan mənşəli sufi Ziyaüddin Əbun-nəcib Əbdülqahir Sührəvərdidir (1097-1168). Onun qardaşı oğlu Şihabəddin Əbu Həfs Ömər ibn Mühəmməd Sührəvərdi (1145-1234) təriqətin formalaşmasında mühüm rol oynamışdır. Əbun-nəcib Sührəvərdinin "Adabül-müridin", Şihabəddin Sührəvərdinin "Əvarifül-məarif" kitabları təsəvvüf aləmində ən məşhur əsərlərdən sayılır.

Şihabəddin Sührəvərdi öz zamanında böyük nüfuza sahib idi, "şeyxüş-şüyux" (şeyxlərin şeyxi) ləqəbi ilə çağırılırdı. Bağdad şəhərindəki bütün sufi təkyələrinin idarəçiliyi ona həvalə edilmişdi.

Sührəvərdiyyə təriqəti əvvəlcə İraq, Suriya və İran ərazisində, daha sonralar isə Orta Asiya, Hindistan və Anadoluda yayıldı. Məşhur müsəlman ədibləri Sədi Şirazi, Fəxrəddin İraqi və Əbdürrəzzaq Kaşani sührəvərdiyyə təriqətinə mənsub idilər.

Hal-hazırda sührəvərdiyyə təriqəti Hindistan və Pakistan ərazilərində daha çox intişar tapmışdır. Təriqət barədə əsas ədəbiyyat da urdu və pəncab dillərindədir. Sührəvərdiyyə təriqətində açıq (cəli) və gizli (xəfi) zikrlərə xüsusi önəm verilir. Zikrlərin əvvəlincisi "La ilahə illəllah", ikincisi "Muhəmmədun rəsulüllah" cümləsidir. Zikrlərin sultanı "hu" kəlməsi sayılır. Hər zikrin öz deyilmə vaxtı və şəraiti var. Hətta hər zikrin müəyyən bir bədən üzvündən süzüldüyünə inanırlar.

Sührəvərdiyyə təriqətində yuxunun da özünəməxsus yeri var. Yuxuda insana bəzi irfani mətləblərin (mükaşifə) verildiyini iddia edirlər. Təriqətə daxil olmaq istəyən şəxs yatmazdan əvvəl dəstəmaz alır, Həzrət Muhəmməd Peyğəmbərə (s) və nəslinə min dəfə salavat söyləyir, 22 dəfə "ya Vədud" (əsmaül-hüsnadandır) zikrini deyib yatır. Yuxuda nə gördüsə, səhər onu şeyxə danışır və bundan sonra şeyxin icazəsi ilə təriqətin üzvü sayılır.

Sührəvərdiyyə təriqətində mistik inanclar böyük yerə malikdir. Məsələn, təriqət şeyxlərinin öldükdən sonra həmin bədənlə başqa bir ölkədə yenidən yaşaya bildiyinə inanırlar. Xəfi (gizli) zikri söyləyərkən bədəndəki 10 dəliyi psixoloji təmrin vasitəsilə bağlamağa çalışırlar ki, həmin dəliklərdən nəfəs kənara çıxmasın və zikr pozulmasın.

Yəsəviyyə

Bu təriqətin əsası Şeyx Əhməd Yəsəvi (vəf. 1166-cı il) tərəfindən qoyulmuşdur. Əsasən, Orta Asiyanın türkdilli xalqları arasında daha geniş yayılmışdı. Orta əsrlərdə Anadolu, Balkan yarımadası və Qafqaz bölgələrində mühüm təsir gücünə malik təriqətlərdən biri idi. Yəsəviyyə təriqəti türkdilli xalqların şüurunda İslam təfəkkürünün möhkəmlənməsinə böyük yardım göstərmişdir.

Bu təriqətdə cəhri zikr, yəni uca səslə zikr söyləmək ayini əsas yer tuturdu. Yəsəvilərin zikri adətən "Həyyü hu" sözlərindən ibarət olurdu. Yəsəviyyə təriqətinin müridləri nəfsin istəklərinə qalib gəlmək üçün riyazət (fiziki məhrumiyyətlərə dözmək) üsullarından istifadə edirdilər. Camaatdan uzaqlaşıb xəlvətə çəkilmək, susmaq bu təriqətin ardıcıllarının xarakterik xüsusiyyətlərindən sayılırdı.

Yəsəviyyə təriqətinə görə şəriət, təriqət, həqiqət və mərifət adlı dörd mərhələnin hər biri 10 məqama bölünürdü. Əsl sufi bu məqamların hamısından keçməli idi. Müridliyə qəbul olmaq istəyənləri ciddi-cəhdlə seçirdilər; müridin zəkalı, doğrucul, azdanışan və öz şeyxinə itaətkar olması əsas şərt sayılırdı.

Yəsəviyyə təriqəti nəqşbəndiyyə və bəktaşiyyə kimi böyük sufi təriqətlərinin yaranması üçün zəmin rolunu oynamışdır. Bu gün də Orta Asiyanın türkdilli xalqlarının dini həyatında və məişətində onun təsiri duyulmaqdadır.

Yəsəviyyə tarixdə ilk türk sufi təriqəti sayılır.

Qadiriyyə

Məşhur sufi təriqətlərindən biridir. Banisi Əbdülqadir Gilanidir (1077-1166). Qadiriyyə ən qədim sufi təriqətlərindən sayılır. Bağdadda yaranmış, bundan sonra müridlər vasitəsilə İndoneziyadan Avropaya, Sibirdən Mərkəzi Afrikaya kimi dünyanın müxtəlif ölkələrində yayılmışdır.

Qadiriyyə təriqətinin əsasında dinin göstərişlərinə ciddi riayət etmək tələbi durur. Qadirilər Allahın halal-haramına riayət etmək istiqamətində tam ciddilik nümayiş etdirir, dünya ləzzətlərindən uzaq qaçır, bununla belə, bəzi dərvişlərdən fərqli olaraq, miskin və möhtac halda yaşamağı bəyənmirdilər. Qadiriyyə təriqəti ucadan zikr söyləyən (cəhri) təriqətlərdəndir. Onların zikr məclisləri 3 növ olur:

dairəvi şəkildə oturmaqla yerinə yetirilən qüudi zikr,

ayaq üstə durmaqla yerinə yetirilən qiyami zikr,

qrup halında ahəstə dairəvi hərəkət etməklə icra olunan dəvərani zikr.

Zikr məclislərində bir qayda olaraq, "Allah", "hu", "həyy", "ya Lətif" kəlmələri, "la ilahə illəllah", "bismillah" cümlələri, Fatihə, İxlas və Nəsr surələri təkrar edilir, Peyğəmbərin (s) ruhuna salam və salavat deyilir. Qadiriyyə təriqətində 40 günlük oruc tətbiq edilir.

Təriqətdə şeyx kultu çox güclüdür. Əbdülqadir Gilani "ğavsül-əzəm" (böyük yardım) adlandırılır. Təriqətin əsas iqamətgahı Əbdülqadir Gilaninin Bağdaddakı məzarı üzərində tikilmiş təkyədir. Qadiriyyə təriqəti artıq XV əsrdən müxtəlif qollara bölünməyə başladı. Hal-hazırda bu təriqətin qalibiyyə, ərusiyyə, budşişiyyə, əşrəfiyyə, rumiyyə, əsədiyyə, mühəmmədiyyə kimi qolları mövcuddur. Bu qolların bir çoxu qadiriyyə ilə başqa təriqətlərin sintezindən yaranmışdır. Qadiriyyə və rifaiyyə təriqətlərinin birləşməsindən yaranmış qalibiyyə təriqəti Türkiyədə böyük nüfuza malikdir. Qalibiyyənin banisi Şeyx Qalib Həsən Quşçuoğludur.

XV əsrdə qadiriyyə təriqətini Anadolu torpaqlarına gətirmiş Əşrəfoğlu Rumi (məşhur sufi Hacı Bayram vəlinin kürəkəni) təriqətin ikinci şeyxi (piri-sani) adlandırılır. XVII əsrin əvvəllərində İsmail Rumi (bəzən piri-sani ləqəbini ona aid edirlər) İstanbulun Topxana məhəlləsində qadiriyyə təkyəsi açmaqla, Türkiyənin dini-ictimai həyatında bu təriqətin rolunu gücləndirdi. Osmanlı sultanı II Əbdülhəmidin də qadiriyyə təriqətinə üzv olduğunu yazırlar.

Qadiriyyə müridləri təriqətə daxil olduqdan bir il sonra başlarına 18 zolaqlı yaşıl papaq qoymaq hüququ qazanırlar. Təriqətin simvolu yaşıl rəngli qızılgüldür. Qızılgülün yarpaqları 5, 6 və 7 olmaqla üç cərgədə düzülüb. 5 rəqəmi İslamın əsaslarının, 6 rəqəmi imanın şərtlərinin, 7 rəqəmi isə qadiriyyə zikrlərinin sayına işarədir.

Rifaiyyə

Rifaiyyə təriqətinin banisi İmam Hüseynin (ə) nəslindən olduğu iddia edilən şafii məzhəbli Seyid Əhməd Rifaidir (1118-1182).

Rifaiyyə təriqətinin əsasında nəfslə mübarizə ideyası durur. Bunun üçün 40 günlük çillə, müxtəlif riyazət üsulları, musiqi alətlərinin çalğısı ilə müşayiət olunan zikr məclisləri nəzərdə tutulur. Rifai müridlərinin simvolu qara rəng idi, onlar başlarına qara çalma bağlayırdılar. Mühərrəm ayında 7 gün camaatdan ayrılıb xəlvətə çəkilir, oruc tutur, səhur və iftar yeməklərini mürşidin tapşırığına uyğun olaraq seçirdilər (bu xəlvət növünə "mühərrəmiyyə" deyilirdi).

Rifailər zikr vasitəsilə elə bir vəcd (ekstaz) halına çatırdılar ki, yanan tonqalın içində gəzir və bu zaman qətiyyən ağrı hiss etmirdilər. Rifai dərvişləri xalq içində gəzib möcüzəyə bənzər müxtəlif qeyri-adi işlər görürmüşlər (məsələn, alovu udur, şüşə parçalarını yeyir, zəhərli ilanları oynadırmışlar). Bütün bu ənənələr Seyid Əhməd Rifainin vəfatından sonra meydana gəlmişdir.

Orta əsrlərdə Misir, Anadolu və Balkan ölkələrində rifaiyyə təriqəti geniş yayılmışdı. Hal-hazırda Türkiyə ərazisində bu təriqətin qalibi qolu (banisi Şeyx Qalib Həsən Quşçuoğludur) fəaiyyət göstərir.

Bu qidalarla qalxanvari vəz probleminizi like
  • 01 Yan 21:35  
Digərləri Bu qidalarla qalxanvari vəz probleminizi

Əksər insan qalxanvari vəzin xəstəliyindən əziyyət çəkirlər. Bəzi d�

arrow Ətraflı
Bunu edən hamilələrin uşaqları balacaboy olur like
  • 01 Yan 21:30  
Digərləri Bunu edən hamilələrin uşaqları balacaboy olur

Amerika alimləri hamiləlikdə çox qəhvə içməyin doğulacaq uşağa təsir

arrow Ətraflı
Yumurtanı bu halda yemək zərərli like
  • 01 Yan 21:25  
Digərləri Yumurtanı bu halda yemək zərərli

Mütəxəssislər çiy yumurtanın zərərli olduğunu açıqlayıblar.

arrow Ətraflı
Xums like
  • 01 Yan 21:20  
Digərləri Xums

Müsəlmanların iqtisadi vəzifələrindən biri də xums verməkdir; yəni bə

arrow Ətraflı
Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur like
  • 01 Yan 21:15  
Digərləri Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur

Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu

arrow Ətraflı
Hisslərlə deyil, əqllə seçim edin like
  • 01 Yan 21:10  
Digərləri Hisslərlə deyil, əqllə seçim edin

Hər birimiz çox sayda insanın sevgi bağları ilə evlənib, nifrət bağlar�

arrow Ətraflı
Ərdoğandan növbəti Ukrayna like
  • 01 Yan 21:08  
Siyasət Ərdoğandan növbəti Ukrayna

Ərzaq müqaviləsi çərçivəsində Ukraynadan 16 milyon tondan çox kənd tə

arrow Ətraflı
İnsanı məhv edən xroniki yorğunluq sindromu– Biotənzimləyici like
  • 01 Yan 21:05  
Digərləri İnsanı məhv edən xroniki yorğunluq sindromu– Biotənzimləyici

Xroniki yorğunluq sindromu bu gün dünyada az qala hər insanın diaqnozudur v

arrow Ətraflı
Bir iri şəhəri ələ keçirsək… like
  • 01 Yan 21:04  
Siyasət Bir iri şəhəri ələ keçirsək…

Rusiya ən azı bir iri şəhəri ələ keçirsə, Ukrayna atəşkəs istəyəc�

arrow Ətraflı
Kosova NATOya yenidən like
  • 01 Yan 21:02  
Dünya Kosova NATOya yenidən

Keçən həftə Serbiya ilə Kosova arasında gərginliyin başlamasından sonra

arrow Ətraflı
Damarlarda trombun olduğunu göstərən like
  • 01 Yan 21:01  
Digərləri Damarlarda trombun olduğunu göstərən

Damar içində tromb ciddi təhlükə yarada bilər.

arrow Ətraflı
2023 proqnozu: Qarabağda like
  • 01 Yan 21:00  
Siyasət 2023 proqnozu: Qarabağda

2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki

arrow Ətraflı
BQXK prezidenti Rusiyaya getmək istəyir like
  • 01 Yan 20:58  
Siyasət BQXK prezidenti Rusiyaya getmək istəyir

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Maryana Spolyariç Eqqer

arrow Ətraflı
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, like
  • 01 Yan 20:56  
Digərləri Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb,

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

arrow Ətraflı
Kirvəlik nədir və kirvə qızı ilə evlənmək günahdırmı? like
  • 01 Yan 20:55  
Digərləri Kirvəlik nədir və kirvə qızı ilə evlənmək günahdırmı?

Uzun illərdən bəri müsəlmanların bir dəstəsinin arasında kirvəlik adə

arrow Ətraflı