Birgə hərbi təlimlər regional təhlükəsizliyin təminatı baxımından mühüm əhəmiyyət daşıyır


Siyasət 05 Dek 2022 14:17:00 92 0

Birgə hərbi təlimlər regional təhlükəsizliyin təminatı baxımından mühüm əhəmiyyət daşıyır

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri regionun müasir texniki təminatlı silahlı qüvvələrinin gücünü və səviyyəsini nümayiş etdirir. Birgə hərbi təlimlər mühüm təşəbbüsdür və regional təhlükəsizliyin təmin olunması üçün həm praktiki, həm də profilaktiki əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimlər Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edir.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən irimiqyaslı birgə təlimlər ölkələrimizə qarşı zaman-zaman düşməncəsinə təhdidlər səsləndirən dövlətlərə də ittifaqlıq mesajıdır. Birgə döyüş qabiliyyətli güclü ordu regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Münasibətlərini Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə qaldırmış iki dost və qardaş ölkə həm də hərbi gücünün kənardan ötürülən açıq təhdidlərə və təzyiqlərə cavab verəcək səviyyədə olduğunu göstərir. Xüsusi diqqətçəkən məqam təlimlərin İranla sərhəd ərazilərdə keçirilməsidir. Bu, təsadüfi deyil, çünki qonşu İranın hazırkı rejimi son zamanlar ölkəmizə qarşı aqressivləşib, sərhəddə irimiqyaslı hərbi təlimlər təşkil etməklə Azərbaycana açıq çağırışlar səsləndirir, destruktiv bəyanatlarla çıxış edir. Elə bu səbəbdən birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib", - deyə S.Mikayılova vurğulayıb.

Deputat qeyd edib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlar zamanı tətbiqi, onların qarşılıqlı fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

"Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxış edərkən bildirib ki, bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan çox birgə hərbi təlimimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Dövlətimizin başçısı vurğulayıb ki, sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planlar quranlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim Silahlı Qüvvələrimiz də var. Bizim ordu isə tək deyil, o cümlədən orada Türkiyə Silahlı Qüvvələri var", - deyə Sevil Mikayılova fikirlərini tamamlayıb.