Sülh təklifi masadan qalxır?


Siyasət 01 Avq 2022 14:52:00 127 0

Sülh təklifi masadan qalxır?

"Mövqelərimiz yalnız Qarabağdan, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdən deyil, həm də Gədəbəy tərəfdən də intensiv atəşə məruz qalır. Birincisi, qanunsuz erməni silahlı dəstələrinin təxribatlarının qarşısını sülhməramlılar almalıdır. İkincisi isə onu qeyd edək ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmirsə icra etməsi üçün də ona kifayət qədər təzyiq yoxdur".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir:

"Bu "yoxsulluq" həm Rusiya, həm də Qərb tərəfdən müşahidə olunur. Eyni zamanda onu da unutmayaq ki, Qazaxın kəndləri də qaytarılmalıdır. Hansı ki, bu amilin özü də dövlət sərhədlərinin müəyyənləşdirilməsinə mane olur. Bununla yanaşı, ötən günlərdən sadəcə bir gün ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insidentlərin törədilmə yerləri də maraqlıdır. Deməli, Zəngəzur və Göyçə mahalında da hadisələr yaşana bilər ki, bu da birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır və bütövlükdə cari proseslər bölgə dövlətlərinin marağındadır.

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, buna əlavə olaraq təxribatların müxtəlif istiqamətlərdə törədilməsi bunu deməyə əsas verir ki, yaxın vaxtda antiterror əməliyyatının başlanılması istisna deyil. Buna hərtərəfli əsasımız mövcuddur. Fundamental məsələlər icra edilməyəcəksə sülh təklifimiz də masadan qalxacaq.

30 il ərzində heçnəyə nail ola bilməyən bu dövlətin 2 ildə toparlanıb güc yığması da absurddur. Qüvvələr nisbəti eyni deyil. Azərbaycan da Ermənistanın hərtərəfli əl-qolunu bağlayır yəni, diplomatik masada görülən işlərə paralel olaraq qanunsuz silah-sursat daşınmasını da Azərbaycan mümkünsüz edir. İyulun 19-da da Azərbaycan hərbçilərinin Ağdamda Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayaraq qanunsuz silah daşınmasının qarşısını alması bununla da Azərbaycanın mövqeyini ortaya qəti qoymasını hər bir tərəfə əyani sübut etmiş oldu.

Rusiya və Qərb toqquşmasının da bölgəyə təsiri daha da intensivləşir. Qərbin Cənubi Qafqazda bu dəqiqə əsas hədəflərindən biri Ermənistanı Rusiyadan qoparmaq istəyidir. Burada isə Türkiyə faktoru araya girir. Çünki Qərb əmindir ki, hadisələrin hansı məcrada davam etməsindən asılı olmayaraq Ermənistan hər bir halda Azərbaycan və Türkiyənin diqtəsini icra etməyə məcburdur. Ermənistanın ya Rusiya, ya Qərb tərəfinə üzünü çevirməsindən asılı olmayaraq proseslər formalaşacaq. Ermənistan təxribatlara son verməli, öhdəlikləri icra etməlidir. Əks halda görünür ki, 44 günün sonunda düşdüyü vəziyyətdən daha kritik bir vəziyyətlə üz-üzə qalmağın astanasındadır".

Təhməz Əsədov Son.az