Açıqsaçıq səhnələrə çəkildi, atası aktrisa olmağına etiraz etdi


Kriminal 19 İyn 2022 11:07:00 128 0

Açıqsaçıq səhnələrə çəkildi, atası aktrisa olmağına etiraz etdi

Son.az Kulis.az-a istinadən aktrisa, Əməkdar artist Zemfira Sadıxova haqqında maraqlı faktları təqdim edir.

Zemfira Emin qızı Sadıxova 17 iyun, 1939-cu ildə Bakıda anadan olub. Ailədə üç uşaq olublar: iki bacı, bir qardaş. Gənc yaşından teatr və kinoya məhəbbəti olub. Anası ilə şəhər kinoteatrlarına gətirilən bütün filmlərə gedib baxmağa çalışırmış. "Vətən", "Azərbaycan", "Nizami", "Araz" kinoteatrları onların ən çox getdikləri məkan olur. Gələcəyin aktrisasını kinoya bağlayan isə 1940-cı ildə amerikalı rejissor Mervin Leroyun çəkdiyi "Vaterloo körpüsü" olur.

Məktəb illərində qılıncoynatma dərslərinə, idman gimnastikasına və at sürməyə gedir. Musiqini çox sevir. O vaxtlar çoxunun evində radio yox idi. Sevdiyi melodiyaları dinləmək üçün tez-tez xalasıgilə qaçırmış.

***

Səkkizinci sinifdə oxuyanda, AzNeft-də "Tibb işçiləri" klubunun nəzdindəki dram dərnəyinə gedir. Müxtəlif tamaşalarda iştirak edir. 1957-ci ildə "Səməd Vurğunun şerini ən yaxşı oxuyan" adlı müsabiqə keçirilir. Həmin müsabiqədə Gənc Tamaşaçılar Teatrının aktyorunu birinci, onu isə ikinci yerə layiq görürlər. Müsabiqədə münsif kimi iştirak edən İslam Səfərli Zemfiranı yadında saxlayır. Zemfira xanım bir gün atası ilə yol gedərkən tanınmış şair İslam Səfərli ilə rastlaşırlar. İslam müəllim onun atasına deyir ki, qızı çox istedadlıdır, gələcəyin əsl aktrisasıdır. Emin bəy isə bununla bağlı narazılığını bildirir, qızının aktrisa olmasına etiraz edir.

Məktəbi bitirdikdən sonra qonşu olduğu, uşaqlıqdan bir yerdə oynadığı oğlanla ailə həyatı qurur. Bu evlilikdən onların bir oğlu dünyaya gəlir. Ancaq bir neçə ildən sonra aktrisanın həyat yoldaşı dünyasını dəyişir.

***

Daha sonra o, Moskva Kinematoqrafiya İnstitutuna daxil olmaq istəyir. Valideynləri isə onu buraxmır. Deyirlər ki, ora uzaqdır, orada tək yaşaya bilməzsən. Bundan inciyən Zemfira növbəti sənət seçimini də özü etmir, valideynlərinin ixtiyarına buraxır. Və sənədlərini ADU-nun İqtisad fakültəsinə verir.

Zemfira xanım hər dəfə Bakıda yerləşən Teatr İnstitutunun yanından keçəndə göz yaşlarını saxlaya bilmirmiş. Ürəyində qalan arzusuna görə xiffət çəkirmiş.

***

İqtisad fakültəsində yarım semestr oxuduqdan sonra nəhayət ki, özündə cəsarət tapıb sənədlərini geri götürür və Teatr institutuna gedir. Adil İskəndərov, Məlik Dadaşov, Müxlis Cənizadə, Rza Təhmasib və Rahib Hüseynov kimi tanınmış pedaqoqların qarşısında imtahan verib Teatr İnstitutuna qəbul olunur.

***

Dördüncü kursda Cəfər Cabbarlının "Almaz" pyesində Fatmanisə obrazını canlandırır. Hər kəs onun bu ifasını bəyənir. Rejissor Mehdi Məmmədov isə belə deyir:

"Mən tələbələrin işinə baxanda Fatmanisə obrazı diqqətimi cəlb etdi. Kimin oynadığını soruşanda, dedilər ki, adı Zemfiradır... lakin tanıya bilmədim. Sonradan həyatda onu görəndə heyrətə gəldim. Belə gənc, ziyalı, gözəl bir qız çox yaşlı olan Fatmanisənin rolunu necə də məharətlə ifa etdi... O, bütünlüklə obrazın özünə çevrilmişdi!"

***