Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor Nadir fotolar


Kriminal 15 İyn 2022 23:57:00 231 0

Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor  Nadir fotolar

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən "Cənnətim Qarabağ!" adlı rubrikanın bu dəfəki təqdimatı Əməkdar artist Əli Zülalova həsr olunur.

Son.az bildirir ki, Teatr muzeyindən teleqraf.com-a verilən məlumata görə, layihə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə "Şuşa ili" elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilir.

Layihə çərçivəsində muzeyin fondundan aktyorun yaradıcılığına dair bir neçə eksponat təqdim edilib.

XIX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinin inkişafındakı xüsusi töhfələri olan Zülalovlar ailəsinin nümayəndələrindən biri, milli opera səhnəmizdə özünəməxsus ifa tərzi ilə şöhrət qazanan Əli Əbdül oğlu Zülalov 1893-cü ildə Şuşada anadan olub. Erkən yaşlarından atasını itirdiyindən əmisi - dövrünün məşhur xanəndəsi Əbdülbaqi Zülalovun (Bülbülcan) himayəsində böyüyür.

Onun sənətinə olan rəğbətin təsirindən uşaq vaxtından musiqiyə maraq göstərməyə başlayır. Hələ 9 yaşında ikən mahnılar ifa edən Ə. Zülalovun müğənniliyə olan həvəsi onu teatr sənətinə gətirir.

Əmisi Bülbülcanla dostluq edən bəstəkar Üzeyir Hacıbəyli Əli ilə söhbət zamanı gəncin gur, xarakterik səsinə valeh olur. Elə bu səbəbdən onu özünün rəhbərlik etdiyi truppanın xor bölməsinə qəbul edir.

Beləliklə, Ə. Zülalov səhnədə ilk addımlarını "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"nin truppasında atır və Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından olur. Bununla yanaşı təhsilini davam etdirmək niyyətində olan aktyor Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirir.

Təhsildən sonra yenidən səhnəyə qayıdan sənətkar Qarabağ xanəndəlik məktəbinin ənənələrini yaşadaraq Azərbaycan Dövlət Opera və Balet Teatrında müxtəlif rollara imza atır. Onun məlahətli ifası, səsindəki yanıqlıq tamaşaçıların ürəyinə sirayət edirdi.