İran Ermənistan bataqlığından xilas olmaq istəyir


Siyasət 26 Yan 2022 00:22:00 146 0

İran Ermənistan bataqlığından xilas olmaq istəyir

"Həqiqətən İranın Vətən müharibəsinə qədər bölgəmizdə apardığı regional siyasətlə, Vətən müharibəsindən sonrakı siyasətin arasında bir neçə istiqamətlərdə prinsipial fərqlər var. Həm də bu fərqlər o qədərdir ki, hətta ötəri baxışla buna yanaşıb təhlil edəndə həmin dəqiqə fərqin böyük olduğunu görmək mümkündür".

Bunu Son.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, indi İran özünün bölgədəki siyasətini nisbətən daha çox Azərbaycanın mənafeləri ilə uzlaşdırmaq niyyətindədir:

"Əgər İran müharibəyə qədər daha çox özünün dövlət siyasətini tək özünün dövlət maraqları üstündə yox, həm də Ermənistanın mənafelərini nəzərə alaraq qururdusa, bu, təbii olaraq ona gətirib çıxarırdı ki, İranın bölgədə dövlət siyasəti nisbətən məhdud çərçivədə aparılırdı. Çünki özünün dövlət siyasətində Ermənistanın mənafelərinə nisbətən daha çox meyillənməsi və Ermənistanın mənafelərini nisbətən daha çox nəzərə alması, sonda ona gətirib çıxarırdı ki, Azərbaycanla münasibətlərdə obyektiv olaraq bir məsafə və boşluq yaranırdı.

Onu da deyim ki, müharibəyə qədər İranın nisbətən artıq hiss olunan Ermənistanmeyilli siyasəti ona Azərbaycanın bölgədəki imkanlarından tam şəkildə bəhrələnməyə imkan vermirdi. İranın bu siyasəti özünü Vətən Müharibəsindən sonrakı bir-iki ay müddətində də hətta göstərdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müharibədən sonrakı həmin müddət ərzində də İranın bu siyasəti özünü müəyyən qədər büruzə verirdi. Heyfilər olsun ki, Ermənistan müharibədən sonrakı ay yarım, iki ay müddətində o məhdud siyasətin buxovlarından hələ tam şəkildə azad ola bilməmişdi.

Məsələn, Qarabağa gedən İran avtomobillərinin intensiv hərəkət etməsi, bu avtomobillərin üzərində Azərbaycanın müxtəlif dövlət nəzarət üsulları tətbiq etmək cəhdinin İranda narazılıqla qarşılanması, Azərbaycana qarşı müəyyən təzyiq xarakterli addımların atılması, hətta qoşunlarımız Zəngilan, Qubadlının azad olunması əməliyyatlartı keçirəndə İranın Silahlı Qüvvələrinin Arazı keçməsi barədə informasiyalar, İran Silahlı Qüvvələrinin heç bir zərurət olmadan İran-Azərbaycan sərhəddində müharibədən sonrakı aylarda geniş hərbi təlimlər keçirəsi və s. sübut edir ki, hətta müharibədən sonrakı ay yarım, 2, 3 ayın dövründə də İran Azərbaycana münasibətdə Ermənistanmeyilli siyasətin əlamətlərindən, buxovlarından hələ tam şəkildə yaxa qurtara bilməmişdi. Amma bu gün İranın siyasətində həqiqətən müharibədən qabaqki siyasətdən fərqli əlamətlər var. 

İran nazirlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməsi burada aydın və səmimi şəkildə həmin bölgələrə investisiyanın qoyulması ilə bağlı mesajların verilməsi, Azərbaycanın azad olunmuş bölgələrdəki təbii iqtisadi potensialından istifadə niyyətlərinin açıq ifadə olunması bunu aydın şəkildə göstərir. İndi müharibədən əvvəl əgər İran özünün bölgədəki siyasətini nisbətən Ermənistanın maraqlarına daha çox uzlaşdırmağa çalışırdısa, müharibədən sonra - indi əksinə İran özünün bölgədəki siyasətini nisbətən daha az şəkildə Ermənistanın mənafeləri ilə uzlaşdırmaq və daha çox Azərbaycanın mənafeləri ilə uzlaşdırmaq taktikasına söykənir ki, bu da təsadüfü deyil. Çünki məhz müharibədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, yeni kommunikasiya imkanları, yeni tranzit imkanları, yeni nəqliyyat-logistika imkanları İranın da öz cəlbediciliyi ilə marağını çəkir və İran bunlardan istifadə etməkdə meyillidir. Həm Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi, təbii potensialı İran üçün cəlbedicidir, - necə ki, İranın naziri Rüstəm Qasiminin səfəri bunu nümayiş etdirir, eyni zamanda yeni reallıqlar fonunda açılmış dövlətlərarası əməkdaşlığın daha geniş imkanları İran üçün çox maraqlı görünür. Məsələn, əgər İran üçün Rusiya ilə birbaşa dəmiryolu əlaqələri, Ermənistanla dəmiryolu əlaqələri əgər əvvəllət real görünmürdüsə, bu gün artıq İran həm Ermənistanla, həm Gürcüstanla, həm Rusiya ilə ən geniş dəmiryolu, avtomobil yolları timsalında kommunikasiya imkanlarının açıldığını görür. Təbii ki, bu, İranın bölgədəki siyasətini dəyişir.

Bir sözlə, İranın bölgədə siyasəti müharibədən əvvəlki siyasətlə köklü şəkildə fərqlənir ki, bu da daha çox Azərbaycanın bölgədə yaratdığı reallıqların və apardığı siyasətin birbaşa nəticəsidir".

Təhməz Əsədov Son.az