Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib


Siyasət 05 Okt 2021 14:57:00 165 0

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb.