Ərdoğanın Rusiyaya səfəri nə vəd edir ?


Siyasət 28 Sen 2021 07:57:00 102 0

Ərdoğanın Rusiyaya səfəri nə vəd edir ?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlər Liviya, Suriya və digər regional münaqişələr müzakirə olunacaq.

Aktual mövzu ilə bağlı politoloq Turab Rzayev "Margin.az"a eksklüziv açıqlamasında bildirib ki, Türkiyə ilə Rusiya arasında birmənalı olmayan münasibətlər var. Azərbaycanla bağlı müsbət məqam Liviya və Suriyada olduğu kimi hər iki tərəfin ortaq bir yol tapması ola bilər. Azerforum.com o açıqlamanı təqdim edir.

"Əvvəlcə onu deyim ki, Türkiyə- Rusiya münasibətləri birmənalı deyil. Tərəflər arasında kəskin rəqabət var. Liderlərin axırıncı görüşü altı saatdan çox çəkmişdi. Bu isə Qarabağ müharibəsindən sonra ilk üzbəüz müzakirə olacaq. Suriya, Liviya, Şərqi Aralıq dənizi ilə yanaşı, Qarabağ məsələsi barədə də fikir mübadiləsi aparılacaq. Və, çox güman ki, yeni razılaşmalar olacaq. Eyni zamanda rəsmi Moskva və rəsmi Ankaranın fərqli maraqları olduğunu nəzərə almalıyıq. Amma onlar Qərbin maraqlarını da nəzərə alırlar. Qərb Rusiya və İranın Çinlə çox yaxınlaşmasını istəmir. Bunu isə həm Ərdoğan, həm də Putin yaxşı anlayır. Ümumiyyətlə, Türkiyə Rusiya və Qərb arasında körpüdür.

Bəzi ölkələr bu dövlətləri qarşı-qarşıya qoymaq istəyirlər. Amma bu, qonşularımızın heç birinə sərf etmir. Odur ki, onlar ən kritik məqamda bir-birilərinə güzəştə getməyi bacarırlar. Çox güman, yenə razılaşma əldə edəcəklər. Türkiyə Rusiyanı, hətta mümkün olarsa, İranı Qərb blokunda saxlamaq istəyir"- deyə politoloq bildirib.