Azərbaycanın əlində böyük bir silah var:


Siyasət 12 Avq 2021 17:27:00 119 0

Azərbaycanın əlində böyük bir silah var:

"Ermənilərin rus sülhməramlıların nəzarətindəki ərazilərdə qurduqları yeni postları məhv etməyə hər an hazırıq".

Bunu Son.az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, Azərbaycan qəti şəkildə xəbərdarlıq etməlidir ki, ya öhdəliklərini yerinə yetir, ya da Laçın dəhlizini bağlayıram:

"Arşak Karapetyan Ermənistanın müdafiə naziri vəzifəsinə yeni təyin olunub. Təbii ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə "Əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır" çıxışını etməklə gücünü nümayiş etdirdiyi haqda təəssürat yaratmağa çalışdı. Amma hansı gücü tətbiq edəcəklər, hansı güclə çıxıb Azərbaycana cavab verəcəklər? Ordularının 80%-i yoxdur, hələ də daxili proseslərdən baş aça bilmirlər. Heç sərhəddə qoymağa əsgər tapa bilmirlər. Orada əsasən muzdlulardır (sərhədyanı kəndlərdə yaşayan sakinlərdir, müəyyən əməkhaqqı müqabilində sərhəddə dayanırlar - red). O, hansı qüvvə ilə çıxıb Azərbaycana cavab verəcək? Bunlar hamısı təbii ki, təhdid, şantaj xarakterli çıxışlar idi. 

Azərbaycanla 44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanatda Ermənistan öz öhdəliyinə götürdüyü o bəndləri həyata keçirməlidir və bu məsələlər mütləq şəkildə həllini tapmalıdır. Düşünürəm ki, əks təqdirdə Azərbaycan burada öz qəti mövqeyini ortaya qoymalıdır ki, əgər bu bəndlər həyata keçirilmirsə, öhdəliklər yerinə yetirilmirsə, Azərbaycan məcbur qalmalıdır ki, Laçın dəhlizini bağlasın və Qarabağın erməni əhalisinin Ermənistanla əlaqəsi kəsilsin. Vəssəlam, məsələni belə qoymaq lazımdır. 

Bunlarla xoş danışdıqca çalışırlar ki, vaxt udsunlar. Vaxt qazanmaq Ermənistanın xeyirinə, bizim isə ziyanımızadır. Prezident İlham Əliyev elə-belə demədi ki, "bizim bir düşmənimiz var, o da zamandır". Onlar məsələləri şişirtməklə vaxt udurlar, ordularını getdikcə daha da təkmilləşdirməyə çalışırlar, beynəlxalq aləmin, ictimaiyyətin fikrini bu məsələyə daha cəlb etmək istəyirlər. Ona görə də artıq Azərbaycanın kəskin mövqeyini ortaya qoymaq zamanı gəlib çatıb. Laçın məsələsini gündəmə gətirməlidir. Çünki o üçtərəfli anlaşmada həm Laçın dəhlizi, - üstəlik də nəzərdə tutulan digər nəqliyyat kommunikasiyaları var idi ki, açılmalı idi, anklavlar geri qaytarılmalı idi, - məsələləri özünün orada əksini tapıbdır. 

Biz öhdəmizə götürdük, Laçın dəhlizini açdıq və onlara yol açdıq ki, Ermənistanla əlaqə saxlamaq üçün, onda gərək İrəvan da digər bəndləri təcili şəkildə həyata keçirsin. Burada bizim əlimizdə bir "rıçaq" qalır: Azərbaycan qəti şəkildə kəskin mövqeyini ortaya qoymalıdır. Bildirməlidir ki, bu öhdəliklərə qol çəkmisən, zəhmət çək qısa zamanda bunları həyata keçir, keçirmirsənsə, mən Laçın dəhlizini bağlayıram. 

Rusiya sülhməramlıları ilə birgə Azərbaycan sülhməramlıları da mütləq Laçın dəhlizində iştirak etməlidir. O sərhəddi, o postları hansısa bir sülhməramlının öhdəsinə özbaşına buraxmaq və ona inanmaq mümkün deyil. Orada heç olmasa ən azından Azərbaycan olmalı idi, biz də olmasaydıq, ən azından Türkiyə tərəfindən sülhməramlılar orada vəzifələrini icra etməliydilər, bu gün də bu problemlər üzə çıxmazdı. 

Azərbaycanın əlində böyük bir silah var. Bu da Laçın dəhlizidir. Azərbaycan qəti şəkildə ortalığa qoymalıdır ki, ya bu öhdəliyi yerinə yetir, delimitasiya, demarkasiya işlərini yekunlaşdır, ya da ki, Laçın dəhlizini bağlayıram, ora öz kontingentimi göndərirəm. Oranın hər qarışı Azərbaycanın suveren ərazisidir. Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış torpaqlarını işğaldan azad edib. Laçın da Azərbaycanın rayonudur. Sülhməramlılarımı, yaxud da ki, hərbi polisimi göndərirəm ora, oranı nəzarətə götürsün. Rusiya bunu bacarmırsa, Azərbaycan bunun öhdəsindən çox yüksək səviyyədə gələcəkdir". 

Təhməz Əsədov Son.az