Ermənistan da postmüharibə reallıqları ilə barışmalıdır


Siyasət 24 İyl 2021 11:52:00 165 0

Ermənistan da postmüharibə reallıqları ilə barışmalıdır

"23 iyulda Ermənistan silahlı qüvvələri yenə Kəlbəcəri atəşə tutub və nəticədə bir hərbçimiz şəhid olub. Bu təxribatların, illər ərzində yalan tarix uydurmağın, boş xəyallarla yaşamağın nəticəsi onlara 44 günlük müharibədə yaxşı izah edildi.  Necə ki, torpaqlarımızı qanımız, canımız bahasına aldıq, indi də məhz o şəkildə ərazi bütövlüyünü müdafiə etməyə, eyni zamanda regionda sülh və təhlükəsizliyi təmin etməyə qadirik. Buna hüquqi, tarixi, iqtisadi, hərbi sahələrdə qadirik". 

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür:

"Təkcə, son altı ayın sosial-iqtisadi yekunları göstərir ki, dünyada cərəyan edən proseslərin nəticəsi olaraq dünya ölkələrinin böyük əksəriyyətinin iqtisadi tənəzzül yaşaması fonunda Azərbaycan iqtisadiyyatı 2 faiz artıb. Bütün bu reallıqlar fonunda Ermənistan reallığı anlamalıdır. Tarixdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub, ərazisi yox. İllər ərzində Azərbaycan xalqının maraqlarını rəhbər tutan Prezident İlham Əliyev bütün rəsmi və qeyri-rəsmi görüşlərdə, beynəlxalq kürsülərdən də bu münaqişəni məhz bu cür, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi dünyanın nəzərinə çatdırıb. O münaqişə də tarixə qovuşdu, status da yandı kül oldu, "Dağlıq Qarabağ" adlı ərazi vahidi də. İndi yalnız bir ərazi vahidi mövcuddur- o da Qarabağ!   Lakin Şərqi Zəngəzur var! Qarabağ iqtisadi zonası mövcuddur! Gərək Ermənistan nə revanşist fikirlər irəli sürsün, nə də kiminsə fitnəsinə uysun. 25 min insan üçün status yaratmaq xəyalındansa getsinlər 1 milyonluq, ya da 500 minlik, 100 minlik erməni yaşayan yerlərə status versinlər. Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür. Baxmayaraq ki, müharibədən 8 ay keçib, ancaq bərpa və yenidənqurma işləri sürətlə gedir. Ermənistan da post-müharibə reallıqları ilə barışmalıdır. Azərbaycanın icazəsi olmadan oraya giriş-çıxış olmamalıdır, eləcə də xarici maşın ora girməməlidir. Bu kimi əməllər Ermənistana ancaq ziyan gətirər. Onlar ki, "Dəmir Yumruğun" dadına bələddirlər..."

Təhməz Əsədov Son.az