Azərbaycan Prezidenti: Biz həm müharibə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq


Siyasət 22 İyl 2021 20:52:00 141 0

Azərbaycan Prezidenti: Biz həm müharibə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq

Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bir məsələni də qeyd etməliyəm ki, mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq".