Azərbaycan Ordusu dövrünün ən parlaq tarixini yaşayır


Siyasət 26 İyn 2021 10:36:00 154 0

Azərbaycan Ordusu dövrünün ən parlaq tarixini yaşayır

Azərbaycan Silahlı Qüvvələrinin təşəkkül tapması, inkişafı və nizami ordunun yaradılması ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan Ordusu dövrünün ən parlaq tarixini yaşayır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

İ.Yusifov bildirib ki, ordu müstəqilliyin qarantı, dövlətin dayağı, dövlətçiliyin qorunmasında əsas amildir:

"Hər bir dövlətin ordusu onun gələcəyini, dövlətçiliyini və ən əsasını ərazi bötüvlüyünün təmin olunmasını təmin edir. Müstəqil dövlət quruculuğunun əsas atributlarından biri sayılan Silahlı Qüvvələrin maddi texniki bazasının yüksəldilməsi, müasir silahlarla silahlanma, təcrübəli və peşəkar kadr hazırlığı hökumətin daim prioritet sahələrindən biridir. Məhz ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu Qələbə sevincini xalqımıza yaşatdı".

Deputat bildirib ki, birinci Qarabağ müharibəsi zamanı orduda pərakəndilik, hərc-mərclik və vahid komandadan idarəetmənin olmaması müharibəni məğlub durumda başa vurmağımızın səbəblərindən biri oldu:

"Aradan keçən müddət ərzində xalqın tələbi ilə hakimiyyətə gələn ümumilli lider Heydər Əliyev əsas diqqəti ordu quruculuğuna yönəltdi. Bakıda fəaliyyət göstərən Hərbi Məktəbdə yüksək ixtisaslı kadrlar hazırlandı, Türkiyə ilə əldə edilmiş razılaşmaya uyğun olaraq peşəkar mütəxəssislər tərəfindən bilikli və təcrübəli kadr hazırlığı həyata keçirildi. Bununla paralel olaraq ordunun maddi texniki bazasının yüksəldilməsi istiqamətində atılan addımlar nəticəsində Azərbaycanda nizami ordu formalaşdırıldı.

Aradan keçən müddət ərzində ümumilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Ali Baş Komandan İlham Əliyev siyasətinin əsas prioritet sahəsi ordu quruculuğu təşkil edir. Dövlət büdcəsindən Orduya ayrılan vəsaitin artırılması, yeni, müasir standrtlara cavab verən silahların alınması və siyasi mühit artıq işğal altında olan torpaqların düşməndən azad olunmasını şərtləndirirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti nəticəsində cəmi 44 günə işğal altında olan torpaqlarımız

düşməndən azad olundu. Uzun illərdir qələbəyə həsrət qalan xalqımız bu sevinci daddı".

Deputat onu da vurğulayıb ki, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamları cəmiyyətdə yüksək sevinc hissi ilə qarşılanıb:

"İndi Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbi gücünə çevrilməsinin iftixarını yaşayırıq. Bu əməliyyatlar tarixə düşdü. Əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Müzəffər Ordumuzun həyata keçirdiyi bütün kombinasiya uğurla nəticələndi. Düzgün seçilmiş döyüş taktikası ilə kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpuslarının döyüş hazırlığı birlikdə qələbəyə gətirib çıxardı".