İsrail jurnalistlərindən Bakıya dəstək:


Siyasət 07 İyn 2021 14:00:00 180 0

İsrail jurnalistlərindən Bakıya dəstək:

"Azİz" Beynəlxalq Azərbaycan-İsrail Assosiasiyasının təşkil etdiyi onlayn konfransda  israilli və azərbaycanlı jurnalistlər erməni hərbçilərin 44 günlük Vətən Müharibəsi zamanı və savaş başa çatandan sonra basdırdıqları minaların partlayışları nəticəsində həlak olan və yaralanan Azərbaycan vətəndaşlarının ailələrinə başsağlığı verərək, ermənilərin terrorçuluğunu qətiyyətlə pisləyiblər.

Xatırladaq ki, iyunun 4-də ermənilər tərəfindən Kəlbəcər rayonundakı Susuzluq kəndinin yaxınlığında yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində azərbaycanlı jurnalistlər - AzərTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar. Jurnalistlərlə yanaşı, onları müşayiət edən Kəlbəcər rayon icra hakimiyyətinin RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də həlak olub.

KAMAZ avtomobilində olanlardan 4 nəfərsə ağır yaralanıblar.

Onlayn-konfransın keçirilməsində məqsəd jurnalistlərin, dövlət və ictimai təşkilatların mənsublarının, habelə dünya birliyinin diqqətini erməni terrorçuların dinc insanlara qarşı törətdikləri hərbi cinayətlərə cəlb etmək idi.

Konfransın aparıcısı, Azİz-in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bütün iştirakçıları salamlayaraq deyib: "Erməni işğalından azad edilmiş ərazilərdə bərpa və rekonstruksiya işləri aparılarkən erməni hərbçilərinin basdırdıqları minaların partlayışı səbəbindən 140 nəfər xəsarət alıb. Onların 30 nəfəri həlak olub, qalanları əlil olub. Beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına rəğmən, Ermənistan minaladığı ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən boyun qaçırır, bununla da minalardan istifadənin yasaqlanması ilə bağlı beynəlxalq konvensiyanı kobud şəkildə pozur.

Konfransa daha sonra jurnalistlərin olduğu avtomobilin minaya düşərək partladığı anların əks olunduğu video nümayiş edilib.

Azİz Assosiasiyasının prezidenti Lev Spivak konfransda çıxış edərək erməni diversantların əməllərini, mülki əhalinin həlak olmasına və yaralanmasına səbəb olan diversiyalarını qətiyətlə pisləyərək bunları terrorçuluq adlandırıb, terrorçuları qanun çərçivəsində ən sərt şəkildə cəzalandırmağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova çıxış edərək konfransın təşkili üçün Azİz-ə minnətdarlıq bildirib. O, daha sonra İsraildə yaşayan Azərbaycan əsilli sabiq həmvətənlərimizə YAŞAT Fonduna verdikləri dəstək üçün təşəkkür edib.

İsraildəki "Epoxa" qəzetinin baş redaktoru Mark Qorin İsrail Rusdilli Jurnalistlər İttifaqı adından çıxış edərək Kəlbəcər rayonunda yaşanmış faciə ilə bağlı hiddətləndiyini bildirib, şəhid jurnalistlərin ailələrinə dərin hüznlə başsağlığı verib.

Daha sonra çıxış edənlər arasında İsraildəki "Sputnik" qəzetinin baş redaktoru Lyudmila Karasyova, "KAN-REKA" dövlət radiosunun şərhçisi Viktoriya Dolinskaya vardı.

"Kanal24" internet-kanalının baş redaktoru Səadət Şükürova isə düşməni öz adı ilə çağırmağı təklif edərək tam qələbəyədək düşmənə qarşı sarsılmaz mübarizə aparılacağına əmin olduğunu bəyan edib.

Daha sonra Son.az-ın baş redaktoru Elçin Alıoğlu danışıb.

Onlayn-konfransa qatılmış bütün jurnalistlər erməni terrorçuların əməllərini qətiyyətlə pisləyərək dünya birliyini baş verənləri adekvat, ədalətli şəkildə dəyərləndirməyə çağırıblar.

Sonda onlayn-konfrans iştirakçıları şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirələrini bir dəqiqəlik sükutla anıblar.


Xəbərə aid video