Azərbaycanın yeni informasiya strategiyası


Siyasət 21 May 2021 18:24:00 133 0

Azərbaycanın yeni informasiya strategiyası

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən müzakirələri Prezident İlham Əliyevin yeni informasiya strategiyasının tərkib hissəsidir.

Mühüm bir beynəlxalq platformaya çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 9 il bundan öncə (2012) təsis olunarkən məqsədlərdən biri dünyanın nüfuzlu ictimai xadimlərinin, siyasi xadimlərinin, dövlət adamlarının bu təşkilata üzv olmasını təmin etməklə Azərbaycan həqiqətlərini, o cümlədən artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətin bərpa olunması istiqamətində tədbirlər və konfranslar həyata keçirməkdən ibarət idi. Lakin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əhəmiyyəti heç də ərazilərimizin işğaldan azad edilməsi ilə itmədi, əksinə daha da aktuallaşdı.

Belə ki, hər kəsə məlum olduğu kimi 10 noyabr bəyanatı ilə Ermənistanın kapitulyasiya aktına imza atmasıyla postkonflikt mərhələsinə qədəm qoyan region dövlətləri üçün informasya savaşı daha da ön plana çıxdığına görə bu Mərkəz Azərbaycan üçün yeni informasiya strategiyamızın mayakına çevrilməkdədir. Biz artıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi formatında gələcəyimizlə bağlı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından və bundan sonra regionumuzda daimi qalacaq sülh və əməkdaşlıq perespektivlərindən danışmaqla həqiqətlərimizi nüfuzlu xadimlərinin iştirakı ilə dünya ictimaiyyətinə çatdırırıq. 

Mayın 20-də keçirilən konfransda iştirak edən dövlət başçısı toplantı iştirakçılarının suallarını cavablandırıb. Təşkilata üzv olan 2002-2010-cu illərdə İsrailin xarici işlər naziri olmuş Tzipi Livn konfransda iştirak edən Azərbaycan Prezidentinə İsraildə Turizm və Ticarətin İnkişafı üzrə Nümayəndəliyin açılmasına görə təşəkkürünü bildirib. 1987-2015-ci illərdə Anti-Diffamasiya Liqasının direktoru olmuş Abraham Foksmanın "Cənab Prezident, Sizi virtual olsa da, görmək imkanına görə təşəkkür edirəm və tezliklə şəxsən görüşməyə ümid edirəm" sözləri ilə Azərbaycan liderinə müraciəti Prezident İlham Əliyevin şəxsi nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi.

Abrahamın "Cənab Prezident, Azərbaycanın İsrail Dövləti ilə münasibətləri haqqında nə deyə bilərsiniz, xüsusilə də hazırda yaşanan böhran fonunda?" sualını da digər təşkilat üzvlərinin sualına olduğu kimi cavablandıran dövlət başçısı İsraillə əlaqələrimizə dair suala cavab olaraq bildirib ki, iki ölkə arasındakı münasibətlər kifayət qədər çoxşaxəlidir. Prezident Azərbaycanla İsrailin fəal ticarət tərəfdaşı oluğunu və əməkdaşlığımızın vacib sahələrindən biri kimi turizm olduğunu bildirib. İsraildə böyük yəhudi-azərbaycanlı icması olduğunu diqqətə çatdıran Prezident, məhz regionda ən çoxsaylı fəal yəhudi icmasının da Azərbaycanda olduğunu diqqətə çatdırıb. Dövlət başçısı yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynadığını və  Azərbaycanın fəal yəhudi vətəndaşlarının iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər gördüklərini diqqətdən kənar qoymayıb.

Prezident İlham Əliyev İsraillə əməkdaşlığımızın vacib sahələrindən biri və ən önəmlisi kimi müdafiə sənayesinin adını çəkib. Azərbaycanın İsrailin müdafiə xarakterli məhsullarına tam çıxışa malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycan Prezidenti, bununla iki ölkə arasında olan yüksək səviyyəli dostluğun perspektivini "Biz artıq müdafiə sənayesi məsələsində yeni irəliləyiş mərhələsindəyik" sözləri ilə təsdiq etmiş olub.

Dövlət başçısının iki ölkə arasında perspektivli sahələrdən biri kimi kənd təsərrüfatını qeyd etməsi isə işğaldan azad edilən ərazilərimizdə strateji müttəfiqi olan İsrail təcrübəsindən yararlanacağımıza və "ağıllı şəhər", "ağıllı kənd"lərin salınması məsələsini yəhudi mütəxəssislərə də həvalə olunacağını nəzərə çatdırıb.

Təhməz Əsədov Son.az