Heç bir xarici qüvvə Azərbaycandakı bu birliyi sarsıda bilməz


Siyasət 17 May 2021 00:30:00 134 0

Heç bir xarici qüvvə Azərbaycandakı bu birliyi sarsıda bilməz

"Şuşada bayram namazının qılınması və yeni məscidin təməlinin qoyulması Azərbaycan tarixində önəmli hadisələrdir". 

Bunu Son.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

İlahiyyatçı bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda dini dəyərlər dövlət səviyyəsində qorunur:

"Şuşada Yuxarı Gövhər Ağa məscidində 29 ildən sonra ilk dəfə bayram namazı qılındı. Bayram namazı vəhdət şəklində qılındı. Hər məzhəbin təmsilçiləri yanaşı şəkildə bu ibadəti həyata keçirdilər. Bu, Azərbaycan üçün artıq oturuşmuş bir ənənədir. Yəni başqa ölkələrdə məzhəb zəmində münaqişələrin olmasına baxmayaraq, Azərbaycanda heç zaman məzhəb zəmində heç bir münaqişə, heç bir konflikt olmayıb.

Azərbaycanda müxtəlif din və məzhəb təmsilçiləri həmişə dinc və yanaşı yaşayıblar və bu namaz da bu vəhdətin, birliyin növbəti təzahürü idi. Bu, olduqca mühüm bir hadisədir. Neçə il həsrət çəkdikdən sonra məscidlərimizi, ziyarətgahlarımızı əsarətdən azad etmişik. Azərbaycanda bu birlik, bu vəhdət sarsılmazdır. Heç bir xarici qüvvə bu vəhdətə xələl yetirə bilməz. Yəni bu bayram namazı bu birliyin, vəhdətin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addım idi. 

Eyni zamanda həmin gün Şuşada yeni məscidin təməlqoyma mərasimi keçirildi. Prezident də orada iştirak etdi. Orada bir daha qeyd olundu ki, Azərbaycan işğaldan azad etdiyi bütün ərazilərində məscidlərini bərpa edəcək və yeni məscidlər tikiləcək. Təbii ki, biz öz mənəvi irsimizi bərpa edirik. Bunun dünyaya mesajı ondan ibarətdir ki, Ermənistanın dağıdıcı, destruktiv mahiyyətindən fərqli olaraq Azərbaycan qurucu bir dövlətdir. Azərbaycanda dini dəyərlər dövlət səviyyəsində qorunur. Azərbaycan xalqı hara gedirsə, o yerlərə xeyir məramla gedir. Öz torpaqlarını işğaldan azad etdiyi məqamda əsgərlərimizin dua etdiklərinin, minarələrdən azanların verilməsinin şahidi olduq. Azan isə sülhə çağırışdır. Biz heç zaman heç bir dövlətə qarşı təcavüzkarlıq etməmişik, öz haqq və hüquqlarımızı bərpa etdik. Bu haqları bizə beynəlxalq hüquq normaları, ilahi ədalət bəxş etdi. Biz tam olaraq mənəvi prinsiplərə uyğun şəkildə davrandıq.

Şuşadakı tədbirlər - Həm orada "Xarıbülbül" festivalı, eyni zamanda da bayram namazının qılınması dini və milli dəyərlərimizin uzlaşdırılması məqsədi daşıyırdı, Azərbaycan xalqının həm dini, həm milli dəyərlərinə bağlılığının göstəricisi idi, həm də digər din təmsilçiləri ilə dinc, yanaşı, sülh şəraitində yaşamaq istəyinin ifadəsi idi.

Bunu da qeyd edim ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Qəbələdə yenicə təmiri bitmiş kilsələrin də ziyarətinə getdilər. Bu, həm də dünyaya Azərbaycanda çoxmədəniyyətliliyin, multikultiralizmin olduğunu bəyan edir və Azərbaycanda məscidlərlə yanaşı kilsələr də dövlət səviyyəsində təmir edilir. Müxtəlif din təmsilçiləri Azərbaycanda dinc, yanaşı yaşayırlar". 

Təhməz Əsədov Son.az