Paşinyan Azərbaycanı inandırmağa çalışır


Siyasət 07 May 2021 11:00:00 133 0

Paşinyan Azərbaycanı inandırmağa çalışır

Ermənistanda bütün diqqətlər 20 iyun tarixində keçiriləcəyi gözlənilən parlament seçkilərinə yönəlibdir. Hətta hakimiyyət iddiasında olan istər müxalifət, istərsə də Paşinyan rejimi üçün Sünik (Zəngəzur) sərhəddindəki demarkasiya və delimitasiya işlərindən də ön plana keçib. Bütün siyasi partiyalar həmin seçkinin keçiriləcəyi tarixə fokslanıblar. İki gün əvvəl Ermənistan parlamentinin deputatlarının keçirilən xüsusi iclasda müvəqqəti olaraq Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın ölkədə növbədənkənar parlament seçkisi keçirmək üçün respublikanın baş naziri vəzifəsinə namizədliyinə səs verməməsində bir qanunauyğunsuzluq da yoxdur. Bu, gözlənilən idi. Çünki Paşinyanın iki dəfə baş nazir vəzifəsinə namizədliyi uğursuz olacağı təqdirdə parlament seçkilərinə gediləcək.

Son sorğuların nəticəsi göstərir ki, Qarabağ klanının rəhbərlərindən olan Robert Köçəryanın parlamentdə təmsil olunmaq şansı yaranıb. Çox güman ki, 20 iyun tarixindən sonra parlamentdə Köçəryan faktorunu görmək mümkün olacaq. I Qarabağ müharibəsində əli minlərlə azərbaycanlıların qanına bulaşmış Köçəryanın yenidən parlamentdə təmsil olunması isə tam olaraq Rusiyanın planlarına uyğun sayıla bilər. Rusiya XİN rəhbərinin son İrəvan səfərinin səbəblərindən biri də seçki öncəsi İrəvandakı ümumi vəziyyəti gözdən keçirməkdir. Nəzərə alsaq ki, Moskvada Paşinyana münasibət birmənalı deyil və etimad problemi səngimək bilmir, o zaman Kreml sözünü Ermənistanda diqtə etdirəcək bir fiqurun parlamentdə yer almasına çox ehtiyac duyur. Rusiyaya Paşinyana bir təsir imkanı qazanmaq üçün bundan əla fürsət ola bilməz, rəsmi Moskva da bunu gözəl anlayır. Və bununla da Rusiya Köçəryanın timsalında bir parlament müxalifəti qurmaq istəyir. Lakin nüfuzu aşağı düşməyə başlayan Paşinyan bu vəziyyətdə də yenidən ölkənin başına keçməyi bacaracaqdır. 

Hələlik Kremlin də işinə bu yarayır. İki gün öncə 3 əsirin Rusiyanın vasitəçiliyi ilə Ermənistana qaytarılması da Paşinyana xal qazandırmaq üçün Moskvanın hesabına daxil olan bir məsələ hesab edilə bilər. İrəvandakı prosesləri yaxından izləyən Moskva 44 günlük II Qarabağ savaşı bitsə də dağıdıcı fəsadlarının dərinləşdiyi üçün Ermənistan əhalisinin hərbi-siyasi rəhbərliyə olan inam-etimadında ciddi düşüş yarandığını yaxşı anlayır. Nəticədə 10 noyabr üçtərəfli bəyanatı hələ də tam həll edilməmiş olaraq qalır. Nəzərə alsaq ki, bəyanata əsasən kommunikasiyaların açılması bu gün Qərbin ciddi təzyiqləri, məhdudiyyətləri, sanksiyaları ilə üz-üzə qalan Rusiya üçün hava-su kimi lazımdır, o zaman Moskvanın II Qarabağ müharibəsindəki ağır məğlubiyyətin bilavasitə adı ilə bağlı olan Paşinyanı hakimiyyətdə tutmaq istəyinin səbəbi daha aydın məlum olur.

Artıq Paşinyan Rusiyanın istəyini tezisləri ilə də daxili auditoriyaya qəbullandırmaq üçün əməli fəaliyyətə başlayıb. Kommunikasiya yollarının açılması ilə ölkənin blokadadan çıxmasının Ermənistan üçün prioritet məsələ olduğunu yaxşı anlamağa başlayan Nikol İrəvanda səfərdə olan Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı da bunu bir daha dilə gətirib. O bildirib ki, rəsmi İrəvan Qarabağla əlaqədar üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır. Paşinyanın görüş əsnasında üzərindən 7 aya yaxın bir müddət keçməsinə baxmayaraq 10 noyabr bəyanatı ilə bağlı razılaşmaları yerinə yetirməyə hazır olduqlarını bildirməsi Paşinyanın Azərbaycanın 3 ertməni əsiri ilə bağlı jestinə cavab verməyə hazırlaşdıqları anlamına da gələ bilər. Lakin Azərbaycan sadəlövh olmaq fikrində deyil. Hazırda rəsmi Bakı istər rus sülhməramlı kontingentinin nəzarətində olan, istərsə də İrəvandakı prosesləri çox yaxından izləyir. Ermənistanın bəyanatın icrasını daha da uzatmaq üçün manevr imkanları məhdudlaşıb. Paşinyan da anlayır ki, bıçaq sümüyə dirənib.

Təhməz Əsədov Son.az