"Onunla Kür qırağında tanış olmuşam..."


Kriminal 05 May 2021 13:04:00 159 0

"Onunla Kür qırağında tanış olmuşam..."

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.

Son.az bu məqamda Fikrət Qocanın həyat yoldaşı Raya xanımın 2017-ci ildə "qafqazinfo"ya verdiyi müsahibəni bir daha oxuculara təqdim edir:

- Fikrət Qocanın ədəbi mühitdə, ölkənin mədəni həyatında bəlli bir obrazı var. Bəs sizin gözünüzdə Fikrət Qoca kimdir? 

- Fikrət Qoca əsl insandır. O, dəyərli şair olmaqdan əlavə, həm də bir şəxsiyyətdir. Əgər tanışlığımızdan başlasaq Fikrət həmişə deyir ki, biz meşədə görüşmüşük. Meşə deyəndə adama bir az qəribə gəlir. Ailəmiz hər il may ayında dincəlməyə gedirdi. Sovet dövründə mayın biri, ikisi, üçü bayram olurdu. Bu bayram da çox təmtəraqlı keçirilirdi. Biz elə institutda oxuyandan bayram günləri tez qaçıb valideynlərimizə baş çəkirdik. Bir təsadüf nəticəsində görüşdük. Onu da deyim ki, valideynlərimiz lap əvvəldən bir-birlərini tanıyıblar, dost olublar. Amma bizim aramızda yaş fərqi olduğuna görə o vaxtacan Fikrəti görməmişdim. Təbii ki, şeirlərini oxuyurdum. Onun Allahla bağlı şeirini oxuyanda məktəbli idim. Çox pis təsir etmişdi mənə. Düşünürdüm ki, Allahla belə danışmaq olar?! Allah bütün kainatı, canlıları yaradan varlıqdır, onun haqqında necə belə yaza bilib şair... Sonralar elə gətirdi ki, mən bu şairlə ailə qurdum. Amma həmişə demişəm, Allahla belə danışmaq olmaz. 

Əvvəllər şair Fikrətin yazdıqlarını qəzetlərdən, jurnallardan oxuyurdumsa, ailə qurandan sonra özünü yaxından tanımağa başladım. Fikrət əsl ziyalı olmaqla yanaşı, yaxşı insan və yaxşı atadır. Eyni zamanda da gözəl həyat yoldaşıdır. Biz onunla uzun bir ömür sürmüşük. Təbii ki, bu ömür yolu hər zaman düz, hamar olmayıb. Enişlərə, yoxuşlara rast gəlmişik, ancaq Allahın rəva gördüyü bütün sınaqlardan keçə-keçə bu günə gəlib çıxmışıq. Mən həmişə onun ilk oxucusu olmuşam. Ona bir ata, həyat yoldaşı və insan kimi böyük hörmətim var. 

- Siz dediniz ki, Fikrət Qocanı əvvəl uzaqdan tanıyırdım, sonra daha yaxından tanıdım. İlkin tanışlıqla sonrakı Fikrət Qoca arasında fərq var idimi? 

- Mən əvvəllər onun haqqında indiki kimi düşünmürdüm. İnsanlar öncədən necə duya bilər ki, qarşısındakı kimdir?! Şeirlərini oxumaqla da bir insanı tanımaq olmaz. Gərək onunla bir yerdə yaşayıb, müəyyən bir yol keçəsən. Əlbəttə, hər ailədə çətinliklər olur, heç kim deyə bilməz ki, mənim evim problemsizdir. Gərək o çətinliklərdən keçməyi bacarasan. Bu dediyim xoş günə də aiddir, pis günə də. Əgər bunu bacarsan yaşayacaqsan və ömür sevgiylə, hörmətlə keçəcək. 

- Sizin əvvəlki müsahibələrinizi də oxumuşam. Tanışlıq məsələsinə gələndə nədənsə deyirsiniz ki, təfsilata varmaq istəmirəm. İstərdim ənənəni pozub bu dəfə tanışlığınız barədə ətraflı danışasınız. 

- Müəllim olsam da, çox danışmağı xoşlamıram. Ona görə də söhbətlərimdə təfsilata çox varmaq istəməmişəm. Yalnız dərsdə çox danışıram ki, mövzunu uşaqlara aşılaya bilim. Amma evdə belə deyiləm. 

Mən onda birinci kursda oxuyurdum. Həmişə çalışırdım ki, fürsət tapan kimi evə qaçım. Ona görə bizə 3-5 gün vaxt verilən kimi valideynlərimin yanına gedirdim. Həmişə ailəmin yanında özümü çox güclü hiss etmişəm. Elə oldu ki, həmin il mayda bizə 3 gün bayram verdilər, mən də bilet alıb getdim evə. Hər il Kür qırağının meşələrinə gəzməyə gedirdik. Təbiətin oyanan vaxtında quşların oxuması, ağacların yaşıllaşması, havanın istiləşməsi insana xoş təsir bağışlayır. Ona görə də biz də Kürün sahilinə gedir, bir gün səhərdən axşama kimi dincəlirdik. Təbiətin gözəlləşməsini seyr edirdik. Həmin gün təsadüfən Fikrətgilin ailəsi də gəzintiyə gəlmişdi. Mən Fikrəti ilk dəfə orada gördüm. O vaxta qədər sadəcə adını eşitmişdim. Həmin günü onlarla birlikdə keçirməli olduq. Səhər Bakıya qayıtmalıydım. Əvvəl məni tək göndərmək istəyirdilər. Sonra evdə dedilər ki, sabah, deyəsən, Fikrətgil də Bakıya qayıdır, elə səni də onlarla bir yerdə yola salarıq. Onlar da məni yaddan çıxarıb, getmişdilər. Yarı yolda yadlarına düşüb ki, bəs Eyvaz dayı zəng eləmişdi, qızı da aparın. Yoldan qayıdıb, məni götürdülər. Tanışlığımız belə başladı. 

- Fikrət müəllim sizdən 15 yaş böyükdür, aranızdakı bu yaş nisbətini həyatın hansı dönəmində, yaxud məqamlarında daha çox hiss etmisiniz? 

- Mən əvvəllər heç kimlə razılaşmırdım, elə öz dediyimi deyirdim. O yaşda elə sanırdım ki, hamıdan çox bilirəm. Fikrətin təmkinli yaşında mən hövsələsiz idim. Elə israr edirdim ki, mən deyən olmalıdı. Fikirləşdiyimi həmin dəqiqə söyləməliydim. Kimsə nəsə deyən kimi yubatmadan cavabını verirdim. Özümü saxlaya bilmirdim. Amma vaxt keçdikcə insanın düşüncəsi dəyişir, güzəştə getməyi öyrənir. Əgər ər-arvad güzəştə getməyi bacarırsa, onların həyatı axıra kimi xoş keçəcək. Amma güzəşt olmayanda çətin olur, iki qoçun başı bir qazanda qaynamır. Mən bunu həmişə uşaqlarıma da deyirəm. Tələm-tələsik qərar vermək olmaz. Belə qərarın axırı yaxşı olmur. Bəli, mən əvvəllər dözümsüz idim, amma sonra hər şeyi səbrlə yoluna qoydum. 

- Birgə yaşadığınız bu uzun illər ərzində Fikrət Qocadan nələri öyrənmisiniz? 

- Mən kimyaçıyam. Düzdür, məktəb illərində ədəbiyyata, mütaliəyə marağım hədsiz  idi, çoxlu kitablar oxumuşdum. Amma oxumaqla deyil, həyat məktəbi keçmək tamam başqa şeydir. Mən 45 il Fikrət Qoca məktəbi keçmişəm. İndi elə hiss edirəm ki, sanki iki ali məktəb qurtarmışam. Dözümlülüyü, səmimiyyəti ondan öyrənmişəm. Təbii, böyük-kiçiyə həmişə hörmətlə yanaşmışam, amma rahat yaşamaq üçün gərək bir az hövsələn və dözümün də olsun. Bir oxucu kimi Fikrətin əsərlərini çox sevirəm. Cavanlıqda hamı məhəbbət şeirləri oxuyur, fəlsəfi şeirlərə elə də maraq göstərmir. Amma yaşa dolduqca fəlsəfi şeirləri daha yaxşı başa düşməyə başlayırsan. Bəzən bir misrada bir neçə fikir haçalanır, ya toqquşur. Əgər sən oxuyanda o fikirlərin hər birini anlaya bilirsənsə, deməli, çox böyük bir yol gəlmisən. Mən də beləcə 45 illik Fikrət Qoca məktəbi keçmişəm. Düşünürəm ki, onun dünyasını tanımasaydım həyatda çox şeydən məhrum olardım. Bu məktəbi keçməklə mən bütün həyatı öyrənmişəm. 

- Bəs Fikrət müəllimin nəsr əsərlərinə münasibətiniz necədir? 

- Çox gözəl. Hamısını oxumuşam. Adətən, Fikrət hər hansı əsəri yazmağa başlayanda mən də hissə-hissə göz gəzdirirəm. Daha sonra çapdan çıxanda da təkrar oxuyuram. Bəzən həmin əsərlə bağlı müəyyən fikirlərimi bildirirəm. Təbii ki, mənim hər hansı söz deməyə haqqım çatmır, əsəri o yazıb, daha yaxşısını özü bilir, amma yenə də fikrimi söyləyirəm. Bir oxucu kimi onun əsərlərini bəyənirəm. Çox yaxşı nəsri var. "Dənizaltı xatirələr" povestini hələ cavan olanda oxumuşdum. Orada bir qadın obrazı var, əri müharibəyə gedir qayıtmır. Həmin qadın çətinliyə düşən kimi ərinin pencəyini geyinir və bununla özünü güclü hiss edir. Fikrət hər xəstələnəndə o əsər yadıma düşürdü. Mən bunları indiyə kimi heç Fikrətin yanında da deməmişəm. Çox ağır xəstəliklər keçirib şair. Ətrafdakılar deyirdilər ki, uşaqların balacadır, sən necə olacaqsan? Onda uşaqlar 6-cı sinifdə oxuyurdular, özüm də heç yerdə işləmirdim. Çox çətin vaxtlar idi. Amma göydə Allah, yerdə də Ulu Öndər Heydər Əliyev uşaqlarımı atasız qalmağa qoymadı. Bu xüsusda Fikrətin "Ölüm ayrılıq deyil" əsəri də dərin qatlara malikdir. 

- Son hadisəni - Fikrət Qocanın xəstələnməsini, sağalmasının tarixçəsini istərdim ki, ətraflı danışasınız. 

- Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin qızı hörmətli Sevil xanım bəstəkardır. Onda Fikrətlə hörmətli Sevil xanım bir yerdə mahnılar üzərində işləyirdilər. Mərhum prezidentimizə də Fikrətin xəstə olmasını Sevil xanım söyləmişdi. Fikrət razılıq vermirdi, biz bildirək. Sevil xanım bu xəbəri onun qohumlarından eşitmişdi. İshaq İbrahimov o vaxt bağ qonşumuz idi. O, öz bağının yarısını Fikrətə vermişdi ki, qonşu olaq. Onda bu xəstəliklə bağlı çox az məlumatımız var idi. Əvvəl-əvvəl düşünürdüm, bəlkə ağciyər vərəmidir. Sonra öyrəndik ki, tamam başqa xəstəlikdir. Bilirsiniz mənim kimya ilə yanaşı tibb bacısı diplomum da var, ona görə anlayırdım vəziyyət nə yerdədir. Nə qədər yola gətirməyə çalışsaq da, Sevil xanıma deməyə razılıq vermədi. O, başımıza gələnləri İsaq müəllimdən eşidib atasıyla əlaqə saxlamışdı. Onda Ulu Öndər Heydər Əliyev Moskvadaymış. Sevil xanım bildirdi ki, atam səni gözləyir, get Moskvaya. Şair Moskvaya Onkoloji İnstituta getməkçün buradan kağız aldı. Orada demişdilər ki, gərək bir ay gözləyəsən. Amma burada bir həkim var idi, mənim yanımda Fikrətə söylədi ki, yaşamaq üçün bir ayın qalıb. Moskvada olanda Ulu Öndər Heydər Əliyev xəbər tutmuşdu. Ondan sonra yenidən həkimə getmişdi və beləcə uşaqlarımız atasız, arxasız qalmadılar. Fikrət yenidən həyata qayıtdı. 

- Son illərdə və əvvəlki dönəmlərdə səhhət böhranları Fikrət Qocanın xarakterində, dünyaya baxışında hansısa dəyişikliklər yaradıbmı? Fanilik hissinin təlqinləri onun dünyaya baxışlarına təsir edibmi? 

- Onun həyata baxışı həmişə eyni olub. Amma insan yaşa dolduqca müəyyən fikirləri dəyişir. Məsələn, əvvəl hökmlü idisə, vaxt keçdikcə, xəstəliklə mübarizə apardıqca, tədricən kövrəkləşməyə başladı. İnsan ömrü boyu həyatla mübarizə aparır, elə bilir ki, ölüm yoxdur. Amma yaşadıqca görürsən ki, yox, geriyə gedirsən. Nə qədər çox yaşasaq da bir gün bu dünyadan gedəcək. Yaş ötdükcə insan yumşalmağa başlayır. 

- Olub ki, senzura Fikrət müəllimin kitabından 36 şeirini birdən çıxarıb. İndi o, artıq Xalq şairidir, dövlət mükafatı alıb, hamı elə bilir ki, şairin həyatı həmişə asan olub. Şairin çətin anlarında siz ona necə kömək olurdunuz? 

- Mən heç vaxt var-dövlət düşkünü olmamışam. Həmişə ilk növbədə ona can sağlığı arzulamışam. Allahın verdiyi ilə razılaşmışam. Çətinliklərimiz də olanda demişəm ki, Fikrət, darıxma, yavaş-yavaş hamısı keçəcək. Elə vaxt olub ki, heç mənim atam-anam da bizim çətinliklərimizi bilməyiblər. Belə şeyləri danışmağı xoşlamamışam. Övladlarımın qayğısına qalmağa çalışmışam, kiməsəyə bildirməmişəm ki, bizim çətinliyimiz var. İnsan müşkülləri adlaya-adlaya möhkəmlənir. Bəli, Fikrətin senzuradan keçməyən çox yazıları olub. Amma yenə də düşünmüşəm ki, vaxt ötdükcə hər şey öz yerini tapacaq. Bəzən elə olurdu ki, hansısa yazıya görə çox həyəcan keçirirdi. Həmişə ona deyirdim, hər qaranlıq gecənin bir işıqlı günü var. Biz bu deyimlərlə o çətinlikləri aşa-aşa bu günə gəlib çıxmışıq. Amma mən heç vaxt özümü kimdənsə yüksəkdə tutmamışam. Çalışmışam ki, həmişə xalqımızla bərabər gedim. Övladlarımı da belə tərbiyə etmişəm: siz bir gün milyonlar da qazansanız, bu xalqın bir nümayəndəsisiniz. Öyünməyin, özünüzü heç kimdən üstün tutmayın. Biz belə yaşamışıq... 

- Fikrət müəllim neçə illərdir ki, Yazıçılar Birliyində məsul vəzifədə çalışır. Təbii ki, işdə hirslənir, bəzən əsəbiləşir. Fikrət müəllimin o əsəb dalğalarının təlatümü evə də sıçrayırmı? 

- Yox desəm, yalan olar. Belə hallar hər insanda olur. O qapıdan girən kimi bilirəm ki, vəziyyət nə yerdədir. O saat da könlünü alıram ki, fikir vermə hamısı keçib gedəcək. Əvvəllər atasız, arxasız olmasınlar deyə övladlarım üçün narahat idim. Eləcə də özüm tək qalmaq istəmirdim. Həmişə də Allahdan dilədiyim bunlar olub. Şükür Onun böyüklüyünə ki, bizi bu günə gətirib çıxarıb, yəqin sonra da birgə sabahlara aparar... 

- Anar müəllimlə də uzunmüddətli dostluqları var. Sizin bu dostluğa münasibətinizi öyrənmək istərdim. 

- Fikrət və Anar müəllim cavanlıqdan yaxındırlar. Rəsul Rza ilə də ata-oğul münasibətləri var idi. O, Fikrəti şair kimi yetişdirməklə bərabər, eyni zamanda oğlu kimi də qayğısına qalırdı. Anar müəllimlə bir-birlərini o vaxtdan tanıyırlar. Bu tanışlıq da sonradan gətirib dostluğa, qardaşlığa çevrildi. Eyni zamanda, biz Vaqif küçəsindəki Yazıçıların binasında Anar müəllimlə qonşu olmuşuq. Mən onu bir yazıçı kimi oxuyurdum, insan kimi isə qonşu olandan sonra tanımağa başladım. Onlar çox yaxın dostdurlar. Bu hamının bildiyi kimi yox, tamam başqa cür dostluq, qardaşlıqdır. Çörəklərini də bir bölüb, heç vaxt bir-birinin əksinə getməyiblər. Həmişə çalışıblar ki, bir-birlərini qorusunlar. Həm də hər ikisi həmişə düz danışıb, düz danışanda da pis olursan. Ona görə də onlar bir-birlərini belə hallardan müdafiə etməyə çalışıblar. Dost dar gündə tanınar. Anar müəllim də həmişə çətin günlərində, xəstə olanda Fikrətin yanında olub. Hətta axır vaxtlar ürəyiylə bağlı problem yarananda da birinci özünü çatdıran Anar müəllim idi. 

- Dediniz ki, ailə həyatınızda yaxşı günlərlə yanaşı mübahisəli vaxtlar da olub. Belə vaxtlarda Fikrət müəllim sizin könlünüzü şeirlə alırdımı? 

- Mən elə şeirləri çox xoşlamıram. Ümumiyyətlə, qadının həddindən artıq təriflənməsinin tərəfdarı deyiləm. Bu səbəbdən heç vaxt belə şeyə ehtiyac olmayıb. Mən çətinlikləri yola verməyə çalışmışam həmişə. Vara da, yoxa da qane olmuşam. Bu xüsusiyyət də mənə ailəmdən keçib. Anamın da çox keşməkeşli həyatı olub. Ona görə də biz bunu öyrənə-öyrənə gəlmişik.