Ermənistanın iki adaxlısı


Siyasət 30 Apr 2021 11:13:00 107 0

Ermənistanın iki adaxlısı

İstər II Qarabağ müharibəsindən əvvəl, istərsə də müharibə zamanı ATƏT-in Minsk Qrupunun üç həmsədr üzvündən biri olan Amerika münaqişənin nizamlanması istiqamətində heç bir fəallığı ilə yadda qalmasa da, son zamanlar regiona qayıtmaq üçün xeyli fəallaşıb. Məhz 44 günlük müharibə dövründə hakimiyyət uğrunda mübarizəyə başı qarışan ABŞ-ın yoxluğundan istifadə edən Rusiya Cənubi Qafqazdakı mövqeyini gücləndirmək üçün etdiyi manevrlərlə uzun müddət medianın əsas mövzularından birinə çevrilməyi bacardı. 

10 noyabr bəyanatının imzalanmasına ən çox səy göstərən Rusiya bu atəşkəs müqaviləsi ilə Azərbaycan Ordusunun Xankəndinə daxil olmasının qarşısını alaraq Ermənistandakı mövqeyini möhkəmlətmək üçün əlverişli imkan əldə etdi. Kreml bununla daha çox erməni əsgərinin ölümünü və ermənilərin Qarabağdan tamamilə çıxarılmasını əngəlləyərək Minsk Qrupunun həmsədr üzvlərindən biri olan ABŞ-dan fərqli olaraq Ermənistanı dar ağacından xilas etdiyi görüntüsü yaratdı. Amma daxildəki vəziyyəti zamanla yoluna qoyan ABŞ artıq beynəlxalq aləmdəki nüfuzunu bərpa etmək, qorumaq, mövqeyini geri almaq üçün son zamanlar fallığı ilə diqqətləri üzərinə çəkir. Məhz ABŞ prezidenti Co Baydenin "soyqrımı" ifadəsini işlətməsi ermənilərin heç də Rusiyanın ümidinə buraxılmadıqları fikirlərini formalaşdırmaq üçün atılmış addım da hesab etmək olar.

"Soyqrımı"nı tanımaqla Amerika həm də 30 illik müstəqillik tarixində heç bir sələfinin bacarmadığını "Qərbin adamı" hesab edilən Nikol Paşinyanın hakimiyyəti dövründə reallaşdığını erməni xalqına nümayiş etdirərək II Qarabağ müharibəsindəki ağır məğlubiyyəti unutduraraq 20 iyun parlament seçkilərində onun yenidən Ermənistanın başına keçməyə layiq olan yeganə şəxs olduğu üçün bir manevr də ola bilər. Bununla həm də Rusiyanın 44 günlük müharibədə Rusiyanın Ermənistanı tək qoyduğuna inandırmaq istəyən Amerika, rəsmi Moskvaya itən güvəndən yaranacaq boşluğu öz qayıdışı ilə əvəz etmək istədiyi istisna edilmir. Ermənistanın 30 illik müstəqiilik tarixində heç bir dövlət başçısının bacarmadığını Nikol Paşinyanın bacardığını göstərməyə çalışan Amerika bununla parlament seçkiləri ilə əlaqədar istefada olan baş nazirin alternativsiz olduğu görüntüsünü yaratmaqla onun hakimiyyətini uzatmaq cəhdi kimi də dəyərləndirilə bilər. 

Amerikanın Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün əməlli-başlı planlar qurduğunu yaxşı anlayan Kreml də adekvat addımlar atmağa başlayıb. Belə ki, Rusiya XİN-in yaydığı məlumata görə, mayın ilk 5 günlüyündə Sergey Lavrovun İrəvana, mayın 10-11-də isə Azərbaycana səfərinin planlaşdırıldığı belə deməyə əsas verir. Lavrovun İrəvan və Bakıya səfər planları daha çox patrul xarakteri daşıyacaq. Rusiyanın bu addımını ABŞ-ın Cənubi Qafqazdakı fəallığını artırılması fonunda və eyni zamanda Ərdoğanın mayın ortalarında Şuşa səfəri öncəsi vəziyyəti kontrol etmək, nəbz yoxlaması kimi də hesab etmək olar. Çünki rəsmi Moskva anlayır ki, ABŞ-ın Cənubi Qafqaz regionuna gəlməsi Rusiyanın nüfuzunun azalması hesabına baş verə bilər. Bu da ermənilərin Rusiyadan qırılmaq hesabına başa gələcək. Əslində buradan belə nəticə çıxır ki, hər iki supergüc Ermənistanın nə qədər etibarsız olduğunu çox yaxşı anlayır. 

Son hadisələr Amerikanın "erməni kartı" ilə Rusiya üzərindəki üstünlüyünü təmin etməyə imkan yaradır. Baxmayaraq ki, bu gün ABŞ dünyanın qlobal gücü hesab edilir, dünyanın müxtəlif qaynar nöqtələrində önəmli fiqurdur, amma Ermənistanda onun imkanları məhduddur. Bu imkanları artırmaq üçün ABŞ Paşinyanın daha yeni qüvvə ilə hakimiyyətə gəlməsini təmin etmək istiqamətində səylərini artırıb. Bu yolla ABŞ Ermənistanı Rusiyadan qoparmağı hədəfləyib. Rusiyanın mövqeyini və nüfuzunu qoruyub saxlamaq üçün yeganə çıxış yolu 10 noyabr və 11 yanvar bəyanatlarının icrasını tezləşdirərək Türkiyə və Azərbaycan kimi regionun önəmli ölkələri ilə münasibətləri daha da yaxınlaşdırmaqdan keçir.

Təhməz Əsədov Son.az