Ermənistana müharibədən sonra İKİNCİ ŞOK


Siyasət 29 Apr 2021 11:21:00 105 0

Ermənistana müharibədən sonra İKİNCİ ŞOK

Bütün diqqətlər Baydendə olarkən Avropa İttifaqında ciddi şəkildə anti-Azərbaycan koalisiyası güclənməkdədir. Fransa parlamentinin spikerinin "Dağlıq Qarabağ müstəqil olmalıdır" bəyanatının ardından Litvanın XİN rəhbəri ermənipərəst mövqe ortaya qoyub. O qeyd edib ki, hərbi əsirlər qaytarılmadan sülhdən söhbət gedə bilməz.

44 günlük müharibə müddətində beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla bir sıra dəhşətli müharibə cinayətləri törədən Ermənistanın vətəndaşları 10 noyabrdan sonra Azərbaycana göndərilərək növbəti təxribata əl atıblar. Ona görə Azərbaycan bu silahlıları terrorçu hesab edir. 10 noyabra qədər bütün əsirlər isə hətta vaxtından əvvəl İrəvana göndərilib. Ancaq Ermənistan hakimiyyəti xaricdəki havadarları vasitəsilə aylardır Azərbaycana qarşı "əsir" kampaniyası təşkil ediblər və açıq etiraf etmək lazımdır ki, Qərbin müxtəlif mərkəzlərində dəstək görürlər. Ermənilər "əsir" mövzusundan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edirlər. Fransa və ABŞ-dakı ermənipərəst dairələrin "əsir" mövzusunu qanunverici orqanlara çıxarılması da istisna deyil, artıq "təşəbbüs qrupları" formalaşıb.

Avropa Şurasının İnsan Hüquqları üzə Komissarının Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı "millətlərarası düşmənçilik" və ya "Dağlıq Qarabağda və ətrafında yaşayan etnik icmalar arasındakı şiddətli münasibətlər" kimi təsvir etmək cəhdinə nəzər salanda isə bu qurumun mövqeyinin erməni diasporasının "əməyi" olduğunu nəzərə alsaq, Ermənistanın regionda sülhə təhdid olduğuna bir daha əmin ola bilərik. Bu səbəbdən də haqlı olaraq 10 noyabrdan sonra ələ keçirdiyimiz erməni silahlılarını "əsir" hesab etmirik. Azərbaycanda hərbi əsir yoxdur, atəşkəs bəyanatından sonra, ərazilərimizə soxularaq cinayətlər törədən silahlı təxribatçı, terrorçu dəstənin antiterror əməliyyatı nəticəsində saxlanılan üzvləri var. Onlar da qanunvericiliyimizin tələblərinə uyğun olaraq istintaqa cəlb olunublar və törətdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Məsələ ilə bağlı manipulyasiya edən, yalan məlumatlar yayan Ermənistan rəhbərliyi də, bu yalan məlumatlar əsasında ölkəmizə qarşı qarayaxma kampaniyasına rəvac verənlər də yaxşı bilirlər ki, Azərbaycanın mövqeyi qətidir.

Bu səbəbdən erməni hərbi-siyasi rəhbərliyi dövlət başçıları səviyyəsində keçirilən görüşlərdə "əsirlər" məsələsini dəfələrlə masaya gətirmək istədi, indi də lobbinin yəzyiqləri ilə müxtəlif beynəlxalq təşkilatlarda rəsmi Bakıya olan təzyiqlər durmadan artır. Hətta düşmənlərimiz, onların havadarları da yaxşı bilirlər ki, Azərbaycan haqlıdır, ancaq Ermənistan, erməni lobbisi, Qərbdəki mərkəzlər bizi haqsız duruma sürükləmək niyyətlərindən bir an belə olsun əl çəkmirlər. 

Bu yaxınlarda isə Fransa senatının sədri Jerar Larşe Ermənistana səfəri çərçivəsində Azərbaycanı əsassız olaraq ittiham edən açıqlamalarla çıxış etməsi regionda yeni geosiyasi reallıqlar yaradan II Qarabağ müharibəsi zamanı Azərbaycanın tam qələbəsinə kölgə salmaqdan başqa bir şey deyil. Belə demək mümkünsə, bunu Qarabağ münaqişəsini Türkiyə və Rusiyanın sülhə zəmanətçi ölkə qismində çıxışı fonunda oyundan kənar vəziyyətdə qalaraq, yaranmış yeni geosiyasi düzəni həzm edə bilməyən rəsmi Paris pozucu addımlar atmaqla vəziyyəti dəyişməyə çalışır. Ermənilərə hamilik etmək niyyəti də çox güman ki, elə bu məqsəddən qaynaqlanır.

Qondarma erməni separatçıları illərlə Azərbaycan vətəndaşları Dilqəm Əsgərovla Şahbaz Quliyevi həbsxanada saxladılar, hətta olmazın işgəncələrini verdilər. "Günahları" o idi ki, işğal altındakı ərazidə qohumlarının məzarlarını ziyarət etməyə getmişdilər. Azərbaycan vətəndaşlarını erməni əsriliyindən xilas etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədi. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıblar. Rəsmi Bakı bütün hallarda bu terrorçularla bağlı qərarını dəqiq müəyyənləşdiriyini 10 noyabr bəyanatından sonra dəfələrlə müxtəlif platformalardakı çıxışlarında açıq ortaya qoyub.

Təzyiq qarşısında hücum diplomatiyamızı artırmaq isə gücümüzə güc qatır deyə bilərik. Ötən gün Xankəndindən erməni silahlılarının Laçın dəhlizi vasitəsilə Qarabağdan çıxmasını əks etdirən kadrların yayılması da buna əyani sübutdur. Azərbaycan postmüharibə dövrünün reallıqlarına uyğun olaraq tutduğu mövqe və atdığı adekvat addımlar rəsmi Bakının yavaş-yavaş hədəfinə yaxınlaşdırdığını göstərir. 

Təhməz Əsədov Son.az