Ərdoğan Şuşada çox önəmli açıqlamalar verəcək


Siyasət 28 Apr 2021 13:10:00 118 0

Ərdoğan Şuşada çox önəmli açıqlamalar verəcək

"Amerika prezidenti Co Baydenin "erməni soyqrımı" ifadəsini işlətməsi əslində Türkiyə ilə bərabər Amerikanın Azərbaycanla münasibətlərinə də mənfi təsir edir. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ona qarşı atılan addım Azərbaycana qarşı atılan addıma bərabərdir".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Şuşada Türkiyə konsulluğu açılarsa bu, həm Baydenə, həm də erməni separatçılarına müəyyən qədər dəstək verən qüvvələrə ciddi bir mesaj olacaq:

"Təsadüfü deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baydenin açıqlamasından dərhal sonra məhz Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, birgə addımlar haqqında fikir mübadləsi aparıb. Bu birgə addımlar nə ola bilər, bu haqda düşünməyə ehtiyac var. Hesab edirəm ki, mayın ortalarında Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək, buradan çox önəmli açıqlamalar veriləcək. Bunlardan biri hətta Türkiyənin Şuşada konsulluğunun açılması da ola bilər. Bu, həm Baydenə, həm də erməni separatçılarına müəyyən qədər dəstək verən Moskvaya da ciddi bir mesaj olacaq. 

Erməni lobbisi Baydenin bu açıqlamasından bir neçə gün sevindi. Amma indi üstündən bir neçə gün keçib, düşünürlər ki, "yaxşı, bu açıqlama verildi, bəs sonra?". Ermənistan üçün bu açıqlamanın heç bir pozitiv tərəfi yoxdur. Tam əksinə, Bayden bununla Ermənistanı çox pis vəziyyətə sürüklədi. Çünki Ermənistan müharibədən məğlub çıxıb. Ermənistanın bərpasına, inkişafına və qonşularla münasibətlərinin normallaşmasına ehtiyac var. Bayden isə bütün bunların üstündən xətt çəkməyə çalışdı. Ona görə düşünürəm ki, baydenin bu qərarı Ermənistanın xeyirinə deyil. Erməni lobbisi bir neçə gün sevinə bilərdi, amma üstündən 4 gün keçib, erməni lobbisi də artıq sonrakı addımları düşünürlər ki, indi Türkiyə əleyhinə hansı addımları ataq?! İllər uzunu arzulayırdılar ki, Amerika prezidenti bu ifadəni işlətsin, işlətdi, bəs sonra?! Sonrası isə artıq Ermənistan üçün yaxşı nəticələr verməyəcək. Çünki ermənilər bu siyasətlərini davam etdirdikcə qonşularla münasibətlərini normallaşdıra bilməyəcəklər".

Təhməz Əsədov Son.az