"Bakını həmişə dəstəkləmişik" Aİ rəsmisi İrəvandakı


Siyasət 19 Apr 2021 10:40:00 109 0

"Bakını həmişə dəstəkləmişik"  Aİ rəsmisi İrəvandakı

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar aprelin 14-də İrəvanda Qarabağdakı terrorçu xuntanın "xarici işlər naziri" David Babayanla görüşmüşdü.

Aİ rəsmisinin qarabağlı ermənilərin terrorçu və separatçı strukturunun təmsilçisi ilə bir araya gəlməsi beynəlxalq hüququn norma ilə prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsiplərini saymazdan gəlməkdir.

Bununla bağlı olaraq Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas Azərbaycan XİN-nə çağırılıb, ona T.Klaarın D.Babayanla görüşü faktı ilə bağlı protest çatdırılıb.

Azərbaycan XİN-in yaydığı bəyanatda deyilirdi: "Aİ nümayəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb".

T.Klaarın özü olayla bağlı belə deyib: "Bakıdakı səfirimiz K.Yankauskas və mən son günlərdə bu məsələ ilə bağlı Azərbaycanın yüksək ranqlı rəsmiləri ilə sürəkli təmaslarda olmuşuq. Rəsmi şəxslərin izhar etdikləri narahatlığı nəzərə aldıq və anlaşılmazlıq olmasın deyə mövqeyimizi başa satdıq. Bu təmaslar zamanı bir daha təsdiqlədik ki, aprelin 14-də İrəvanda baş tutmuş görüş heç bir halda Avropa İttifaqının mövqeyində dəyişiklik kimi qəbul edilməməlidir. Mən və sələflərim Avropa İttifaqına üzv dövlətlərin təqdim etdiyi mandatı yerinə yetirərkən rəsmi hökumət strukturları ilə intensiv təmaslarda olmuşuq. Verilmiş mandata uyğun olaraq regionda müvafiq maraqlı tərəflərlə də qarşılıqlı fəaliyyətimiz olub. Bakıya bundan əvvəlki səfərlərimdə Qarabağın azərbayanlı icmasının nümayəndələri, icma mənsubları, müvəqqəti köçün şəxslər və onların təmsilçiləri ilə müntəzəm görüşlərim olub. Bir daha təkrar edirəm: İrəvandakı bu və əvvəlki görüşlər heç bir halda tərəf-müqabilimi tanımaq və ya onunla razılaşmaq anlamına gəlməməlidir. Bu görüş heç bir halda Azərbaycanın suverenitetinə və ərazi bütövlüyünə sayğısızlıq izharı deyil. Buna əsla şübhə ola bilməz. Avropa İttifaqı Azərbaycanın suverenitetini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir".

T.Klaarın dediyinə görə, İrəvana səfəri əsnasında D.Babayanla görüş barədə Azərbaycan rəsmilərinə əvvəlcədən məlumat verib və bu görüşdə məqsədi "Aİ-nin verdiyi mandata uyğun olaraq bölgədəki mövcud situasiyanı mümkün qədər yaxşı anlamaq olub".

Orxan Hun Son.az