Ermənistanda generalların


Siyasət 10 Mar 2021 14:20:00 91 0

Ermənistanda generalların

Ermənistanın baş naziri Nikol Paşinyan general Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyinatı ilə bağlı ölkə prezidenti Armen Sarqsyana müraciət yollayıb.

Son.az bildirir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında məlumat yer alıb.

Ermənistan Silahlı Qüvvələrinin komanda heyəti isə Baş Qərargahın artıq sabiq rəisi, general-polkovnik Onik Qasparyanın bəyanatına qatıldığını və ölkədəki vəziyyətlə bağlı əvvəlki dəyərləndirməyə sadiq qaldığını bildirib.

Baş Qərargaşın informasiya idarəsinin rəisi general Samvel Asatryanın Facebook səhifəsində paylaşılmış açıqlamada deyilir:

"Ermənistan Respublikasının Silahlı Qüvvələrinin komanda heyəti general-polkovnik Onik Qasparyanın bəyanatına sadiq qaldığını bəyan edir. Ölkədəki vəziyyətin çözülmə yolu təkdir.

Ali komanda heyətinə təyin edilmiş hər hərbçinin əməyini və onun qət etdiyi çətinlikləri yalnız buna qadir olan şəxslər dəyərləndirə bilərlər. Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın martın 10-da yaydığı bəyanatadakı çağırışı Silahlı Qüvvələrin rəhbərliyi özünə tapşırıq sayır".

Onik Qasparyan bu gün yaydığı bəyanatda bildirib: "Baş nazirin rəsmi saytında mənim vəzifəmdən kənarlaşdırılmam barədə Nikol Paşinyanın açıqlaması yer alıb. Mövqeyim dəyişməzdir: onu bəyanatı və mənim vəzifəmdən kənarlaşdırılmam prosesi Konstitusiyaya zidd olaraq bir daha təsdiqləyir ki, mövcud böhranın vətənimiz üçün əlverişli həllini sadəcə, baş nazirin istefası və növbədənkənar parlament seçkiləri vasitəsilə təmin etmək mümkündür. Ermənistanda Konstitusiyanın və hüququn aliliyini, gücün yalnız hüquq əsasında tətbiqi üçün inzibati məhkəməyə müraciət etmişəm. Vətənə və erməni xalqına xidmətimi başqa statusda davam etdirəcəyəm".

Ermənistandakı daxili siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının 25 fevralda siyasi rəhbərliyin dövləti təhlükəyə yönəltməsini ifadə edərək, Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Buna cavab olaraq, baş nazir çevriliş cəhdini elan edib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və etirazlarla baş nazirə məktub göndərib. Hökumət başçısı sənədləri təkrar prezidentə göndərib. Qanuna uyğun olaraq, Qasparyan Baş Qərargah rəisi vəzifəsini 9 mart tarixinədək icra edib.

Orxan Hun Son.az