"10 noyabr və 11 yanvar bəyanatları Ermənistan tərəfindən icra olunacaq"


Siyasət 09 Mar 2021 16:43:43 133 0

"10 noyabr və 11 yanvar bəyanatları Ermənistan tərəfindən icra olunacaq"

"Ermənistandakı proseslər regiondakı mövcud geosiyasi vəziyyətə təsir edə bilməyəcək"

Ermənistanda xaos vəziyyətinin hökm sürməsinə baxmayaraq, Paşinyanın hakimiyyət mövqelərinin hələ də möhkəm olduğu qənaətindəyəm. Bunu keçirilən rəy sorğuları da təsdiq edir.

Bunu Son.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidentinin imza atdığı sənədə qarşı çıxmaq iradəsinə sahib deyil:

"Erməni xalqının keçmiş hakimiyyətlərə münasibəti o qədər mənfidir ki, müharibədə rüsvayçı məğlubiyyətə rəğmən hazırkı hakimiyyətə yenə də etimad göstərir. Paşinyan bu amildən istifadə edərək növbədənkənar seçkilərə getməklə hakimiyyətini yenidən legitimləşdirə bilər. O ki qaldı Paşinyanın kommunikasiyaların açılması ilə bağlı razılaşmadan geri çəkilməsinə, hesab edirəm ki, Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidentinin imza atdığı sənədə qarşı çıxmaq iradəsinə sahib deyil. Bu mənada, hətta ən qatı revanşist dairələr belə hakimiyyətə gələcəkləri təqdirdə, 10 noyabr bəyanatından irəli gələn öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməzlər. Ona görə də Ermənistanda gedən proseslər regiondakı mövcud geosiyasi düzənə təsir edə biləcək imkana sahib deyil.

Bəli, Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən mənfi nüanslar var, amma ən qısa zamanda bu problemin də çözüləcəyini düşünürəm. Güman ki, Paşinyan qarşıdan gələn seçkilərə qədər kommunikasiyaların açılması ilə bağlı prosesləri ləngitməyə çalışır. Daxili auditoriyaya yönəlik populist ritorikanın kökündə də bu amil yata bilər. 10 noyabr və 11 yanvar bəyanatları Ermənistan hakimiyyəti tərəfindən qeyd-şərtsiz icra olunacaq".

Təhməz Əsədov Son.az