Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur


Kriminal 24 Yan 2021 17:18:00 124 0

Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur

Son.az bilge.az-a istinadən Albert Eynşteynin düşüncəsinə və nəzəriyyələrinə həlledici təsir göstərən 5 ən sevimli kitabının adlarını təqdim edir.

Albert Eynşteynin böyük kitabxanası vardı və o, coşğun kitab oxusu idi. Görkəmli fizikin özü etiraf edib ki, bəzi kitablar onun düşüncələrinə ciddi təsir göstəriblər. O, bir qayda olaraq fəlsəfə və elm kitablarını üstün tutardı. Buna görə də bir çoxları tərəfindən tarixin ən parlaq zəkalarından biri hesab olunan Albert Eynşteyn təsadüfən ortaya çıxmamışdı. Elm adamı tarixin böyük mütəfəkkirlərindən çox şey öyrənib, bu, onun həvəsli bir oxucu kimi böyük iştahasında və geniş kitab kolleksiyasında öz əksini tapıb.

"21-ci əsr üçün Eynşteyn" kitabının müəllifləri məşhur alimin kitabxanasını təsvir ediblər. Redaktorlar Peter Qallison, Gerald J. Holton və Silvan S. Şveberin yazdığına görə, "kitabxanada dövrün əksər yaxşı kitabları vardı" və kolleksiyanın böyük hissəsi alman dilində idi. Kitabxanada adları olan müəlliflərə misal kimi Boltzmann, Buşner, Fridrix Hebbel, Haynenin əsərlərinin iki nəşri, Helmoltz və Humboltdu göstərmək olar. Kitabxanada həmçinin İmmanuel Kant, Gotthold Lessinq, Nitsşe və Şopenhauer kimi filosofların da əsərləri vardı.

Bəs Eynşteynin ən sevimli kitabları hansılar idi? Böyük ehtimalla bu sualın cavabı yoxdur, amma biz nisbilik nəzəriyyəsinin yaradıcısının təkrar-təkrar qayıtdığı kitabların hansılar olduğunu bilirik.

Onun ən sevimli beş kitabını təqdim edirik.

5. "Hisslərin analizi" - Ernst Max

Eynşteynin özünün yazdığına görə, 19-cu əsrdə yaşamış avstriyalı filosof və fizik nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi üçün ona çox böyük təsir göstərmişdi. "Hisslərin analizi" əsərində Max insan hisslərinin sürüşkənliyi və eqonun dəyişkənliyi barədə yazıb.

Maxın əsərində həmçinin Nyutonun zaman və məkanla bağlı nəzəriyyələri tənqid edilir, bu, Eynşteynə öz düşüncələrini formalaşdırmaqda ilham qaynağı rolunu oynamışdı. Faktiki olaraq Eynşteyn Maxdan götürdüyü hipotezi - ətalətin iki obyekt arasındakı qarşılıqlı əlaqədən doğduğu fikrini - "Max prinsipi" adlandırmışdı, Eynşetyn bu fikrə çox böyük dəyər verirdi.

1915-ci ildə Moritz Şlikə yazdığı məktubunda Eynşteyn nisblik nəzəriyyəsini ortaya çıxaran düşüncələrinə hansı yazıçıların təsir göstərdiyini açıqlamışdı:

"Sənin çox düzgün şəkildə gördüyün kimi bu düşüncə trendi (pozitivizm), xüsusilə E. Max və hələ də Hyum mənim çalışmalarıma böyük təsir göstəriblər, Hyumun dərketmə ilə bağlı traktatını mən nisbilik nəzəriyyəsinin ixtirasından əvvəl böyük coşğu və heyranlıqla oxumuşdum. Əgər bu fəlsəfi əsərlər olmasaydı, mən çox güman həll yolunu tapa bilməzdim".

O, bu məktubunda Ernst Max və Devid Hyumun əsərlərinin onun düşüncəsinə böyük ilham verdiyini açıqlayıb açıqlamağına, amma bu da məlumdur ki, illər keçəndən sonra Eynşteyn Maxın əsərlərini və xüsusilə pozitivizmi (teologiya və metafizikanı inkar edən məntiq əsaslı fəlsəfi ideyanın məğzi bu idi ki, hər bir rasional iddia elmi cəhətdən təsdiqlənə bilər və "pozitiv" bilik təbii fenomenə və onun xüsusiyyətlərinə əsaslanır) rədd etmişdi.

4. "Don Kixot" - Migel de Servantes

Eynşteynlə birgə çalışan Leopold İnfeld "Sorğu" adlı avtobioqrafiyasında onun Servantesin cəngavərlikdən bəhs edən "Don Kixot" əsərini necə böyük məhəbbətlə oxumasından yazıb:

"Eynşteyn köynəksiz və pijamasız yatağına uzanar və gecə lampası ilə "Don Kixot" oxuyardı. Bu onun ən sevdiyi kitab idi və o, onu istirahət etmək üçün oxuyardı..."