"Bu Hava Limanı vasitəsiylə Şuşaya daha tez çatmaq mümkün olacaq"


Siyasət 18 Yan 2021 11:06:00 112 0

"Bu Hava Limanı vasitəsiylə Şuşaya daha tez çatmaq mümkün olacaq"

Cənab Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində təməli qoyulan yeni Beynəlxalq Hava Limanı tapşırığa görə bu il istifadəyə verilməlidir. 

Bunu Son.az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Sədr bildirib ki, yanvarın 15-də Prezident tərəfindən təməli qoyulan Beynəlxalq Hava Limanı turizm imkanlarının daha da genişlənməsinə şərait yaradacaq:

"Füzuli Beynəlxalq Hava Limanı, əsasən, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə xarici qonaqların gəlməsini təmin edəcək. Füzulidən Şuşaya məsafə yaxın olduğundan bu Hava Limanı vasitəsiylə daha tez Şuşaya çatmaq mümkün olacaq. Bu da turizm imkanlarını kifayət qədər genişləndirəcək.

Logistika, nəqliyyatın düzgün hərəkəti turizmin inkişafında ən vacib amillərdən biridir. Bu, eyni zamanda, Füzuli və ətraf rayon və şəhərlərdə turizm imkanlarının daha da genişlənməsinə imkan yaradacaq".

Təhməz Əsədov Son.az