Bu sülh Azərbaycanın haqq işinin, qələbəsinin təntənəsidir


Siyasət 10 Noy 2020 17:41:00 119 0

Bu sülh Azərbaycanın haqq işinin, qələbəsinin təntənəsidir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu gecə xalq müraciəti tarixi bir hadisədir. Çünki bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, uzun illər cənab Prezidentin apardığı uğurlu siyasət öz bəhrəsini verir: "Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edir və işğal edilmiş bütün ərazilərimiz işğalçı qoşunlardan tamamilə təmizlənir. Hər bir müharibənin sonu sülhdür və bu sülh möhkəm olmalıdır və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bir daha şübhə altına alınmamasını möhkəmləndirməlidir.

Hesab edirəm ki, bu imzalanməş bəyanat sonradan yeni sənədlərin işlənib hazırlanmasına və Azərbaycanın haqq işinin tarixdə möhkəmlənməsinə gətirib çıxaracaq. Bütün məcburi köçkünlərimiz öz doğma yurduna qayıdacaq, o yerlər yenidən çiçəklənəcək. Bu sülh bəyanatının daha bir tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanla Naxçıvan arasında yol yaradılacaq.

Azərbaycanın müzəffər ordusunun qələbələri Ermənistanı sülhə məcbur etdi. Bu sülh Azərbaycanın haqq işinin, qələbəsinin təntənəsidir".